Tanınmış alim Azərbaycan tarixçilərinin nöqsanlarını AÇIQLADI
20-04-2021, 00:41
Tanınmış tarixçi alim Təvəkkül Əliyev Azərbaycan tarixçilərinin nöqsanlarını açıqlayıb.
KONKRET.az-ın xəbərinə görə, T.Əliyev öz facebook hesabında belə yazıb:
“Bir neçə aydan sonra müstəqilliyimizin 30-cu ildönümünü qeyd edəcəyik. Bu 30 ildə dövlətçilik tariximizə yeni baxış bucaqları formalaşdı, bəzi dövrlərlə bağlı qaranlıq məsələlər dərindən, əhatəli araşdırıldı. Bununla belə, tariximizdə tədqiqə ehtiyacı olan sahələr azalmadı. Xüsusilə qədim və orta əsrlərlə bağlı:
1) Tarixdə dərin iz buraxmış qədim tayfalarımız, erkən dövlət qurumlarımız haqqında monoqrafik tədqiqatlar hələ də yoxdur;
2) 44 il əvvəl rəhmətlik Solmaz Qaşqayın yazdığı Manna çarlığının tarixinə dair kitab nə qədər qiymətli olsa da, azdır;
3) Atropatena tarixi ilə bağlı tədqiqatlar (A.Fazili və İ.Əliyevdən sonra) demək olar ki, aparılmır;
4) Digər qədim dövlətimiz Albaniya haqqında çox yazılsa da, cavabsız suallar hələ çoxdur;
5) Azərbaycanın erkən orta əsrlər tarixinin araşdırılmasında da müəyyən durğunluq nəzərə çarpır;
6) Paytaxt şəhərlərimizin tədqiqini qənaətbəxş hesab etmək olarmı?;
7) Orta əsrlərdə mənbələrdə adları dönə-dönə çəkilən 70-ə yaxın şəhərimiz olub. Lakin onların bir çoxunu nəinki öyrənməmişik, hətta onların yerini belə müəyyən edə bilməmişik. Məsələn, cəmi 800 il əvvəl Yaqut əl-Həməvi Bərdənin ətrafında Lasub şəhərciyinin (Bərdəyə ordan əncir gətirilirdi), İzz qalasının, Gəncə ətrafında Akna qalasının, Beyləqan yaxınlığında “Ənuşirəvan tərəfindən əsası qoyulan” Qarqar şəhərinin adını çəkir. Yaxud da əl-İstəhri (IX-X əsr) yazır ki, Bərdə şəhərindən 1 fərsəx (6-7 km) məsafədə, Kernlə Lasub arasında Əndərəb adlı gözəl bir yer var… Bu məntəqələrin axtarılıb tapılması, lokallaşdırılması və tədqiqi görəsən nə zaman həllini tapacaq?!
Təkcə qeyd etdiyim məsələlərin araşdırılması üçün fəaliyyətini həmin istiqamətlərə yönəltmiş ən azı on nəfər tarixçi alim gərəkdir. Tarixçi olmaq isə çox çətindir. Olanların qədrini bilmək, onlara dəyər verib qiymətləndirmək lazımdır”.
Əli Davudoğlu,