Rusiya Qarabağda gərginliyi artıra bilər - GƏLİŞMƏ
20-04-2021, 09:14
“Müharibələrin sonu sülh sazişi ilə başa çatır. Bu baxımdan Azərbaycan tərəfinin Ermənistan nümayəndələri və separatçılarla hansısa formada görüşü və müzakirələri baş tuta bilər. Amma Azərbaycandakı separatçı rejim nümayəndələri ilə başqa dövlətlərin diplomatlarının görüşməsi yolverilməzdir və Bakının bu məsələdə fəal olması müsbət hadisədir”.
Bu sözləri Reyting.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
C. Nuriyev bildirib ki, Azərbaycan haqq savaşının qalibidir və özünün maraqlarına toxunan məsələlərdə şərəfli xalq kimi etiraz səsini daha ucadan qaldırmalıdır: “Bu, diplomatiyada mühüm gedişdir. Bunu etməliyik. Heç bir xarici diplomatın Qarabağdakı separatçılarla görüşü keçirməməlidir. Biz buna mane olmalıyıq. Rusiya da, digərləri də başa düşməlidir ki, Azərbaycan əvvəlki ölkə deyil.
Biz hazırda informasiya müharibəsi aparırıq. Meydanda qələbə qazanmışıq, indi dəyirmi masada siyasi qələbə qazanmağa çalışırıq”.
Politoloqun fikrincə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmasa, üçtərəfli bəyannamə nəticədə ölkəmizin xeyrinə olmayacaq:
“Rusiya istədiyi zaman aranı qarışdıra, Azərbaycanın qazandığı zəfərə kölgə sala bilər. Ona görə də, sülh sazişi olmalıdır. Üçtərəfli bəyannamə sülh sazişi deyil, bu razılaşma tərəflər üzərinə hüququ məsuliyyət qoymur. Adətən sülh müqaviləsindən öncə razılaşma bəyanatı verilir, atəşkəs əldə edilir. Lakin sülh müqaviləsi də səhəri günü olmur. Bu da uzun bir prosesdir. Tərəflər mövqelərini tarazlamalıdır”.
C. Nuriyev əlavə edib ki, Azərbaycan prezidentinin son çıxışı bizim tərəfimizdən sülh müqaviləsi bağlamaqla bağlı hər hansı maneənin olmadığını göstərir: “Maneə Ermənistandadır. Orada ermənizm faşizmin yeni istiqaməti kimi ortaya çıxır və iş-gücləri ancaq türkə nifərtdir. Sülh müqaviləsinin tərəfi kimi onlar həddən artıq gərgin və çətin mövqedə qalıblar”.
C. Nuriyevin iddiasına görə, Ermənistan əvvəl də dövlət deyildi, indi də orada çoxhakimiyyətlik formalaşıb:
“20 iyun seçkilərində yəqin ki, Paşinyan qələbə çalacaq. Fikrimcə, Paşinyan indidən sülh notları ilə çıxış etməyə başlayıb. Paşinyan anlayır ki, Ermənistanın dövlət kimi mövcudluğu Azərbaycanla sülh müqaviləsi bağlamaq və Türkiyə ilə sərhədləri açmaqdır. Bu, bizə Zəngəzur dəhlizinin açılması üçün lazımdır. Sülh müqaviləsi olmalıdır və biz buna nail ola biləcəyik”.