Rusiya Qarabağda Azərbaycanın suverenliyini ŞÜBHƏYƏ ALIR - BU FAKTDIR!!!
20-04-2021, 09:21
Qarabağda – Xankəndi hava limanında Rusiya hərbçilərinin 9 May – Qələbə Günü paradına hazırlıq məşqləri başlayıb. Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Dağlıq Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti 2-ci Dünya müharibəsində keçmiş Sovet İttifaqının qələbəsi münasibətilə “təntənəli keçid”in məşqlərinə başlayıb.
Xankəndi şəhərindəki aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub. Təlimlərə 15-ci motoatıcı briqadanın, Humanitar Reaksiya Mərkəzinin şəxsi heyətlərinin, hərbi polisin, xüsusi təyinatlı tibbi bölümün, eləcə də maddi-texniki təchizat bölümlərinin cəlb olunduğu bildirilir. Tədbirdə hər biri 45 hərbçidən ibarət 10 dəstənin keçəcəyi planlaşdırılıb.
Bəs, bu tədbiri Azərbaycanın suverenliyinə qarşı artıq tendensiyaya çevrilmiş fəaliyyətlərin davamı kimi qiymətləndirmək olarmı?
Hərbi ekspert Ədalət Verdiyev “Press Klub”a şərhində bildirdi ki, keçiriləcək tədbir heç bir halda Azərbaycana qarşı yönəlməyib. Onun sözlərinə görə, Azərbaycan özü də İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 76-cı ildönümü qeyd edir, ona görə də, bu, bizim suverenliyimizə qarşı yönəlmiş fəaliyyət hesab oluna bilməz.
Ə. Verdiyev əlavə etdi ki, tədbiri hərbi paradla qarışıq salmamalıyıq, çünki yalnız təntənəli hərbi keçiddən söhbət gedir:
“Rusiya ordusunun mövcud olduğu bütün ərazilərdə, hərbi hissələrdə, ölkə xaricində olan hərbi kontingentlərdə 9 may həmişə belə qeyd olunub. Burada elə bir ciddi məsələ yoxdur. Əksinə, bu, faşizm üzərində, o cümlədən Qarabağda heykəli ucaldılmış Qaregin Nijdenin üzərində qələbənin qeyd edilməsidir. Bundan daha çox Ermənistan tərəfi narahat olmalıdır”.
Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli isə “Press Klub”a açıqlamasında qeyd etdi ki, Rusiya hərbçilərinin Azərbaycan ərazisində istənilən hərəkəti suverenliyimizin pozulmasıdır. O, fikrini belə əsaslandırır ki, sülhməramlı kontingent bir siyasi bəyanatla Azərbaycan ərazisində yerləşdirilib:
“Onların statusunu, fəaliyyət dairəsini və s. müəyyənləşdirən heç bir hüquqi çərçivə mövcud deyil. Əgər ölkələr arasında müqavilə imzalanmış olsaydı, hərbçilərin keçirəcəyi paradın və sair fəaliyyətlərin çərçivəsi müəyyən edilərdi. Hazırda belə bir norma olmadığına görə, mayın 9-da keçirilməsi planlaşdırılan parad Azərbaycanın suverenliyinə növbəti qəsd hesab oluna bilər”.
Hüquqşünas hesab edir ki, “hərbi parad” sözü ilə “təntənəli hərbi keçid” ifadəsi mənaca eynidir:
“Sadəcə, söz oyunudur, mahiyyət dəyişmir. Azərbaycanda xarici qoşunların fəaliyyətini tənzimləyən heç bir norma mövcud olmadığına görə, Rusiya sülhməramlılarının sözügedən faəliyyəti heç bir halda qanuni sayıla bilməz”.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə “Press Klub”a bildirdi ki, biz Xankəndi və ətrafına nəzarəti hələlik həyata keçirə bilmədiyimizdən, istər sülhməramlılar, istərsə də erməni hərbi birləşmələri və separatçı rejim istədiyini edəcək:
“Njdeyə heykəl qoyulur, Ağdərədə və Əsgəranda yeni müdafiə istehkamları qurulur və sairə… Biz isə bu proseslərə mane ola bilmirik”.
Rusiya hərbçilərinin 9 May – Qələbə gününü paradla qeyd etməsinə gəlincə, İ. İsmayıl deyir ki, keçidin harada baş tutacağı yayılan məlumatlarda dəqiq göstərilməyib:
“Əgər Rusiya hərbçiləri paradı dislokasiya olunduqları hərbi şəhərciklərdə və ya aeroportda keçirsələr, anlayışla qarşılamaq olar. Əgər Xankəndi şəhər meydanında parad keçirilərsə, bu, artıq heç bir missiyaya sığmır, işğalçı missiyası istisna olmaqla… SSRİ dönəmində də, müstəqillikdən sonra da respublikamızda sovet və Rusiya hərbi bazaları dislokasiya olunub, amma 9 May – Qələbə günü yalnız hərbi şəhərciklərdə qeyd edilib”.
İ. İsmayıl vurğulayır ki, Rusiyanın belə tədbir keçirməsinin başqa mənaları da var:
“Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Rusiyanın nəzarətindədir və Rusiya bununla da qlobal rəqiblərinə, bizə və Ermənistana mesaj verir ki, burada tam sərbəstdir və istədiyini edə bilər. Hər halda, bu parada hansı bucaqdan baxılır-baxılsın, burada imperiya ambisiyasının nümayişi aydın görünür”.