Tovuzdakı qətlin qaranlıq məqamları
20-04-2021, 14:39
Xatırladaq ki, bu ilin fevralın 8-də saat 00:10 radələrində Tovuz rayonu ərazisində 1984-cü il təvəllüdlü İlqar Məmmədova məxsus üzərində xəsarət izləri olan meyitin Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə rayon Prokurorluğuna məlumat daxil olmuşdu. Rayon Prokurorluğundan həmin vaxt verilən xəbərə görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdi. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1990-cı il təvəllüdlü Elvin Əhmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İlqar Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmiş, faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilərək, Elvin Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdu. Qətl hadisəsi isə rayonun Ceyrançöl adlanan ərazisində fermada qeydə alınmışdı. Tovuz rayon Həsənli kənd sakini, 1990-cı il təvəllüdlü Əhmədov Elvin Şubat oğlu Gədəbəy rayon sakini Məmmədov İlqar Zülfüqar oğlunu ürək nahiyəsindən bıçaqla vurduğundan o, aldığı bıçaq yarasından hadisə yerində dünyasını dəyişibmiş.
Aktualxeber.az-ın redaksiyasına qətlə yetirilmiş İ. Məmmədovun atası, Gədəbəy rayonunun Əmiraslanlı kənd sakini Məmmədov Zülfüqar Kazım oğlu tərəfindən yazılmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Baş Prokuror Kamran Əliyevə ünvanlanmış müraciət daxil olmuşdur. O müraciətində deyir ki, övladı Məmmədov İlqar Zülfüqar oğlu həmin gecə bir qrup şəxs tərəfindən qətlə yetirilmişdir. Həmin gecə Elvinə orada olan Azad, Rahil, Orxan, Sona, Aybəniz, Aygün adlı şəxslər də kömək etmişlər. Z. Məmmədovun dediyinə görə oğlu Rahil adlı çobanın oğurluq etdiyini bildiyinə, işində səhlənkarlıq etdiyini, söyüşlə başqalarını dəfələrlə təhqir etdiyini onun üzünə dediyinə görə, qisasçılıq zəminində əvvəlcədən planlaşdırılmış qonaqlığa çağırılaraq qətlə yetirilmişdir. Həmin məclisdə yenidən mübahisə yarandığına görə İlqar öz qaldığı yerə qayıdandan sonra yuxarıda adları çəkilən şəxslər onun qaldığı otağa basqın edərək onu orada həyat yoldaşının və övladlarının gözü qarşısında qətlə yetirmişlər. Qətlə yetirdikdən sonra isə onu adyala bükərək avtomobilə qoyub naməlum istiqamətə aparıblar və polislərə məlumat verildikdən sonra məcbur qalıb meyiti Tovuz rayon Mərkəzi Xəstəxanasının həyətinə atıb qaçıblar. Aradan bu qədər müddət keçməsinə baxmayaraq hadisənin digər iştirakçıları və avtomobilin sürücüsü istintaqa cəlb olunmamış, günahkarlar cəzasız qalmışlar. Eyni zamanda qətlə yetirilən İlqar Məmmədovun həyat yoldaşı və hadisə şahidi Quliyeva Tamella Yusif qızının, digər şahidlər Məhəmməd və Sevinc adlı qonşuların da bu günə qədər ifadəsi alınmamışdır. 5 uşaq atasız qaldığından ailə şəkər xəstəsi olan baba Zülfüqar Məmmədovun təqaüdünə möhtac qalıblar. Məmmədov Zülfüqar Kazım oğlu dəfələrlə əlaqədar orqanlara istintaqın obyektiv getmədiyi üçün digər rayonlarda və yaxud da Respublika Prokurorluğunda aparılması üçün etdiyi müraciətlərin də bir nəticəsi olmamışdır. Rayon prokuroru Elçin Qəhrəmanov öz işçiləri olan müstəntiqlər Anar İsgəndərli və Natiq Əmirova haqq qazandıraraq müdafiə etdiyindən, qətlin bir nəfər tərəfindən törədildiyi istiqamətində iş aparıldığından narazı qalan valideyn ümidini dövlət başçısına bağlayıbdır. Ümidvarıq ki, əlaqədar orqanlar vaxtında lazımi tədbirlər görəcək və günahkarlar da qanun çərçivəsində öz layiqli cəzalarını alacaqdır.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.