9-16 may tarixləri ilə bağlı AÇIQLAMA: "Metro çalışa, SMS icazə gündəmə gələ bilər..."
20-04-2021, 14:48
Xəbər verdiyimiz kimi Nazirlər Kabinetinin qərarına əsasən 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Bu da bəzi vətəndaşların narazılığına səbəb olub. Xüsusilə bayram günlərində belə işləmək məcburiyyətində olanlar qərarın doğru olmadığını düşünür.
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Sfera.az-a açıqlamasında bildirib ki, biz artıq pandemiya dövrü, karantin məsələlərindən sonra həftənin şənbə və bazar günlərində ictimai nəqliyyatın çalışmamasına vərdiş etmişik:
"Bu da vətəndaşların Bakı şəhəri daxilində hərəkətinə olduqca mənfi təsir edir. Həftəsonu olmasına baxmayaraq, Azərbaycanda özəl şirkətlərin bir çoxu fəaliyyət göstərir və vətəndaş təbii ki, şənbə, bazar olsa da, işə gedib-gəlməyə məcburdur. Bu zaman işə gedib-gəlmə problemləri yaşanır. Elə şəxslər var ki, səhər evdən işə getmək üçün 2 saat tez çıxmalı olur, həmin saatı yola sərf edir.
Fikrimcə, bu istiqamətdə alternativlər olmalıdır. Ümumiyyətlə, bir həftə ərzində ictimai nəqliyyatın işləməməsinin tam əleyhinəyəm. Hesab edirəm ki, vətəndaşların rahat hərəkət edə bilməsi üçün nəqliyyat fəaliyyət göstərməlidir. Qaydalara görə, həftəsonu avtobuslar işləməyə bilər. Məlumdur ki, bu, sırf COVİD-19 xəstəliyinin artmasının qarşısını almaq üçün atılan addımdır. Həftəsonu ictimai nəqliyyat çalışmayanda yoluxma zənciri qırılır. Az da olsa effektiv olduğunu düşünürəm. Amma bir həftə ictimai nəqliyyatın işləməməsi böyük zərərdir, iqtisadiyyata da ziyandır”.
Ekspert bu istiqamətdə mümkün ola biləcək alternativlərdən də söz açıb:
"Portal qaydasına qayıda bilərik. Hamı portaldan qeydiyyatdan keçməlidir demirəm. İctimai nəqliyyat, metro da çalışmalıdır və bunlardan portalda qeydiyyatı olan, yəni konkret olaraq işə gedib gələn insanların istifadəsinə icazə verilməlidir. Bunu etmək o qədər də çətin deyil. Digər tərəfdən bilirsiniz, taksi xidmətləri var və qiymətlər də normaldır. Bəlkə də özəl şirkətlərə müəyyən sərnişindaşımalarla bağlı icazələr verilə bilər. Heç olmasa, Bakı şəhərinin qəsəbələrinə daşınmasına şərait yaradılsın və ya Bakı-Sumqayıt arasında gediş-gəlişi təmin edən mikroavtobuslar olsun. Bu alternativ olmasa, vətəndaşlar üçün çətin olacaq.
Təklif etdiyim alternativlərdən biri ictimai nəqliyyatın ümumiyyətlə işləməsi, digərləri portaldan istifadə edilməsi, özəl şirkətlərin sərnişindaşımaya buraxılmasıdır. Dövlətin nəzdində olan nəqliyyat çalışmayanda özəl şirkətlər vətəndaşlara xidmət edə bilərlər”.
Günay Rəsulqızı
Sfera.az