Azərbaycanda problemli kreditlər niyə artır? - İqtisadçı təhlükədən DANIŞDI
20-04-2021, 16:22
Azərbaycanda problemli kreditlər niyə artır? - İqtisadçı təhlükədən DANIŞDI
Tarix: Bu gün, 15:49 | Çap et
Azərbaycanda problemli kreditlər niyə artır?
Pandemiya səbəbindən problemli kreditlərin sayı getdikcə artır. Kredit faziləri yüksək olduğuna görə insanlar kreditin özünü, yoxsa faizini ödəyəcəyinə qərar verə bilmir.
Maraqlıdır ki, bu cür kreditlərin həlli ilə bağlı hansı addımlar atılır?
İqtisadçı Natiq Cəfərli mövzu ilə Modern.az-a danışıb. O bildirib ki, Azərbaycanda istər istehlak, istərsə də biznes kreditləri olsun - hər biri çox yüksək faizlidir:
“Bu isə həm vətəndaşlara, həm də biznesə əlavə yükdür. Çünki böyük fazilər olduqda biznes inkişaf edə bilmir, kiçik və orta sahibkarlıq əziyyət çəkir.
Faizin azaldılması üçün dövlətin görəcəyi işlər var. Məsələn, Mərkəzi Bank uçot dərəcəsini azalda, kreditləri ucuzlaşdıra bilər. Bank sferasında rəqabətli mühitin artırılması üçün xarici bankların birbaşa bazara daxil olmasına daha geniş şərait yaradılmalıdır. Problemli kreditlərlə bağlı uzun illərdir müzakirələr gedir, amma atılan addım yoxdur.Yalnız pandemiya ilə əlaqəli deyil, ümumiyyətlə Azərbaycanda bank sferasına, kredit siyasətinə diqqət ayırmaq lazımdır. Dünyanın bütün ölkələrində kredit resursları çox ucuzlaşıb, hətta Avropa və Amerika da sıfıra yaxın vəziyyət yaranıb. Dövlətlər bunu bilərəkdən edirlər ki, iqtisadiyyat canlansın.
İpoteka, istehlak, biznes kreditləri ucuz olsa, iqtisadiyyatın çarxları daha tez dönməyə başlayacaq. Problemli kreditlərin azalmasını müşahidə edəcəyik.
Kredit siyasəti indiki kimi davam etsə, bir müddət sonra dövlət müdaxilə etməyə məcbur qalacaq. Necə ki, bir müddət öncə kreditlərlə bağlı devalivasiyalardan sonra gecikmiş də olsa, müdaxilə etmək məcburiyyəti yarandı. İndi də eyni ssenari davam edir, problemli kreditlər artır. Bir müddətdən sonra bank sektoru üçün çox böyük təhlükəyə çevriləcək və dövlət məcbur qalacaq ki, milyardlarla vəsait xərcləsin. Amma bunun əvəzinə önləyici tədbirlər görülsə, əlavə vəsaitə ehtiyac qalmayacaq”.