Azərbaycanlı alimdən koronavirus barədə İLGİNC AÇIQLAMALAR - “Tam məsuliyyətimlə bəyan edirəm ki...”
8-07-2021, 18:24
Hələ iyun ayının ortalarında Amerika Birləşmiş Ştatlarında (ABŞ) konfransda çıxış etmiş türkiyəli alim, Almaniyanın “Biontech” firmasının qurucusu Uğur Şahin, bəzi ölkələrdə tədbirli davranılmasa, 4-cü dalğanın olacağını söyləmişdi. Alim bunu “Delta” ştammının yayılması ilə əlaqələndirmişdi.
Artıq ölkəmizdə də bir qrup həkim koronavirusun 4-cü dalğası barədə mesajlar verməkdədir. Yoluxma sayında da günbəgün artan rəqmələrin müşahidə edilməsi insanları narahat etməyə başlayır. 4-cü dalğa gözləniləndirmi? Ciddi narahatlığa əsas varmı? AYNA bu barədə həkimlərimizin fikirlərini təqdim edir.
Tibb elmləri doktoru, professor Musa Qəniyevin sözlərinə görə, ciddi narahatlığa əsas yoxdur: “Söylədiklərimin məsuliyyətini dərk edib, təsdiq olunmayacağı halda, ən ağır cəzanı belə, çəkməyə hazır olan bir mütəxəssis və alim kimi bir daha bəyan edirəm: “Alfa”, “Beta”, “Delta”, “Delta-plyus” və s. kimi ştamlar, COVID-19-un RNT-sində yaşam, bələdləşmə və uyğunlaşma qanunlarına uyğun olaraq baş verən və baş verməsi mütləq qanunauyğunluq və zərurət olan letallıq mutasiyası nəticəsində əmələ gələn mutantlardır. Hazırda latın əlifbası sırası ilə adlandırılan, onların 4-ü gündəmdədir. Növbəti aylarda daha 5-i haqqında, daha sonra isə digərləri haqqında məlumat verilə və onların “ölüm mələkləri” olduğu bildirilə bilər. Xatırlatmaq istəyirəm, bunlar insanların depressiyaya düşməsi, həyatdan əl üzməsi və düşünülmüş şəkildə özünə qapanması və məhvinə xidmət edən istəklərdir. Buna yol verilməməlidir”.
Alim bildirib ki, yeni ştamlar COVID-19-un özündən təhlükəli ola bilməz: “Bildirmək istəyirəm, COVID-19-un hazırda genom fərqliliyi göstərən 4 ştammı, öyrənilən 5 ştammı, tapılacaq yeni sıra ardıcıllığı ilə 15 ştammının heç biri letallıq və arzuolunmaz proqnozuna münasibətdə, COVID-19-dan üstün ola bilməz. Bu, qeyri-mümkündür, təbabət və mövcudiyyət qanunlarına ziddir”.
“COVID-19 artıq 2-ci aydır ki, fəsli infeksiyadır. Dövrü olaraq onun yeni-yeni mutantlarının yaranması və ya yaranacağı ilə bağlı məlumatlar yayılsa da, onların heç biri arzuolunmaz proqnozu və letallıq potensialına görə COVID-19-dan qorxulu ola bilməz. Kimlərinsə nə yazıb, nə deməsindən asılı olmayaraq, COVID-19-un artıq əbədiyyətə qovuşmasına şübhəniz olmasın”, - deyə Qəniyev vurğulayıb.
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, həkim Aydın Əliyev də hesab edir ki, 4-cü dalğa olmayacaq. O, bununla bağlı sosial şəbəkə hesabından paylaşım edib: “4-cü dalğa olmayacaq. Dalğa oyunları ilə insanları stresə salmayın! Azərbaycanda cəmi 1 epidemik alovlanma olub. Bizdə karantin sərtləşdiriləndə yoluxma azalıb, yumşaldılanda artıb. Bu, dalğa deyil, dalğa odur ki, eyni karantin şərtlərində yoluxma artıb-azalsın”.
Həkim 4-cü dalğa ilə bağlı proqnoz verənləri ehtiyyatlı davranmağa çağırıb: “4-cü dalğa proqnozu verənlər bir az düşünsünlər. Pandemiya bitər-bitməz, əksər insanlarda psixi-nevroloji problemlər ciddi şəkildə artmaqdadır. Yenidən insanları stresə salmaq olmaz. Bu, ciddi fəsadlar yarada bilər. Yığışdırın bu dalğa oyunlarını. Nə olacaqsa, olacaq. Situasiyaya uyğun davranılmalıdır. Yoxsa su gəlməmiş çırmanırıq yenə?”.
Anestezioloq-reanimatoloq Şahin Məmmədov də “Delta” ştammı ilə bağlı ciddi narahatlığa əsas görmür: “Narahatlığa səbəb görmürəm. Düzdür, əvvəlki variantlardan daha sürətli yayılması ilə seçilir. Amma xoşbəxtlikdən bu mutasiya da əvvəlki mutasiyalar kimi yalnız yoluxma sürətində fərq yarada bilib. Bu variant xəstəxanaya qəbul və ölüm faizini artırmır. Simptomlarda yüngül soyuqdəymə, başağrısı, burun axması, qızdırma daha çox görünür, nəinki öskürək”.
Vaksinlərin “Delta” variantda effektinə qaldıqda isə həkimin sözlərinə görə, göstərici yaxşıdır: “Vaksinlər “Delta” variantına qarşı yüksək effektivlidir. 2 dəfə vaksin vurulmuş insanlar bu variantdan da qorunacaqlar”. //AYNA.AZ//