"Amma bu da onun pis həkim olması demək deyil" - Ekspert

28-08-2021, 10:32           
"Amma bu da onun pis həkim olması demək deyil" - Ekspert
Saxta COVİD pasportu verən tibb işçilərinin diplomlarının ləğv edilməsi təklifləri artır. Belə təkliflə Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov da çıxış edib. O mediaya açıqlamasında bildirib ki, saxta peyvənd pasportu almaq suisid, saxta peyvənd pasportu vermək isə sui-qəsddir. Belə bir vaxtda saxta COVID pasportu verən və alan şəxslər dövlətə qarşı əks-təbliğat aparmış hesab olunurlar".

Millət vəkilinin fikrincə, dünya səhiyyəsinin verdiyi xətt xaricində bir yola getmək vicdani olaraq qəbulolunmazdır: “Peyvənd vurmaya, vurdurmaya bilərik, amma saxta COVID pasportu verməyə və almağa heç kimin haqqı yoxdur. Nə özümüzə, nə də başqasına qəsd edə bilmərik”.

Rəşad Mahmudov həmçinin bildirib ki, dünyanı bürümüş belə bir fəlakət zamanı tibb işçilərinin bu cür saxtakarlıqlara baş vurması aidiyyəti orqanların nəzarətindədir: “Ali qanunverici orqanın nümayəndəsi olaraq düşünürəm ki, pandemiya bu şəkildə davam edərsə saxta COVİD pasportlarının verilməsi ilə məşğul olan və bilərəkdən bu fəaliyyəti davam etdirən insanlara qarşı nəinki sərt cəza tədbirləri görülməli, eləcə də onların məsləkdən məhrum edilməsi, yəni əllərindəki diplomların ləğv edilməsi hər kəs tərəfindən, eləcə də tibb işçiləri tərəfindən də məqbul qarşılanacaq”.

Bəs görəsən, diplomun ləğv olunmasının hüquqi əsası varmı? Azərbaycan Respublikasının qanunlarında diplomun ləğv edilməsi haqda nələr var? Diplom hansı hallarda ləğv edilə bilər?

Mövzu ilə bağlı BDU-nun Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov “Yeni Müsavat”a danışıb: “Qısaca deyə bilərəm ki, istənilən halda diplomun ləğv edilməsi məhkəmə qaydasında olmalıdır. Çünki bu ümumi məsələlərlə bağlı deyil, xüsusi haldır. Bu zaman xüsusi tədqiqatlar aparılmalıdır, sübutlar verilməlidir. Bu, yalnız məhkəmənin qanunu qüvvəyə minmiş qərarı əsasında ola bilər ”.

Hüquqşünas əlavə edib ki, ölkəmizdə bu günədək diplomun ləğv edilməsi halları olub: “Bizim təcrübəmizdə diplomun ləğv edilməsi kimi faktlar olub. Amma xüsusi hal kimi belə hallar az olub”.

Hüquqşünas qanunvericilikdə pandemiya şəraitinin nəzərə alınmadığını deyib: “COVİD-lə bağlı qanunvericilikdə heç nə göstərilməyib. Hansı hallarda qanunvericilik pozulursa, o göstərilməli idi. Pandemiya ilə əlaqədar məhdudlaşdırma ilə bağlı heç bir müddəa yoxdur. Bizdə insan hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə bağlı qanun var. İnsanların vaksinasiya olunmaları və sairə ilə bağlı qanun da olmalı idi. Yalnız Nazirlər Kabinetinin qərarı var. Qərarla bu məsələlər tənzimlənməməlidir”.

Təhsil eksperti Kamran Əsədov isə “Yeni Müsavat”a deyib ki, heç bir halda belə bir təklif müsbət qəbul edilə bilməz: “Dünyada tarix boyu təhsillə bağlı verilmiş sənədlər heç bir halda onun törətdiyi əmələ görə öz hüquqi qüvvəsini itirə bilməz. Nə qədər ki, insan sağlamdır, onun diplomu onun özünə malik olan hüquqi əmlakıdır. Təbii ki, bizə xoş olan mənzərə deyil ki, pandemiya dövründə hansısa bir həkim COVİD pasportunu bu və ya digər şəkildə nəyinsə qarşılığında verir. Amma bu da onun pis həkim olması demək deyil. Ona qalsa, bütün dövlət orqanlarında, hətta Milli Məclisin deputatları arasında da öz vəzifə səlahiyyətlərindən sui-istifadə edənlər olub. Biz bir insanın bütün hüquqlarını məhdudlaşdıra bilmərik. Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar Məcəlləsinə görə hər bir kəs əməlinə görə cəzalandırılır. Necə ki mükafatlandırma var, eyni zamanda cəza da var. İnsan əmələ görə cəzasını alır, bu da Azərbaycan Respublikasının müvafiq məcəllələrində öz əksini tapıb. Amma birmənalı şəkildə insanın bu əməlinə görə diplomunun ləğv edilməsi halı qanunvericilkdə nəzərdə tutulmayıb. Diplom o halda öz hüquqi vəzifəsini itirir ki, o dövlət nümunəli deyil, saxtadır. Bəli, həmin həkimlərin, tibb işçilərinin COVİD pasportunun saxta olaraq vermələri qanun pozuntusudur. Bu əmələ görə də müvafiq inzibahi tənbeh qaydaları nəzərdə tutulub. İnsan törətdiyi əmələ görə cəzasını çəkir, bundan sonra isə normal qaydada həmin diplomdan istifadə edərək öz işini davam etdirir, hüququnu tanıyır. Azərbaycanda kifayət qədər vəzifəli məmurlar olub ki, daha böyük əməllər törədiblər. Aralarında nazirlər də olub, xüsusi xidmət orqanların əməkdaşları da olub, deputatlar da olub. Onda belə çıxır ki, hər hansı avtobus sürücüsü qəza törədibsə, adam ölübsə, onun diplomu əlindən alınmalıdır?! Yəni törədilən əmələ görə cəza kimi diplomunun ləğvi heç bir halda müzakirə predmeti ola bilməz. Mən bunu doğru yanaşma hesab etmirəm. Bir neçə gün öncə hakim həyat yoldaşını öldürmüşdü, bu o demək deyil ki, həmin hakimin diplomu ləğv edilməlidir. Hörmətli Rəşad Mahmudovun öz həmkarı deputat Eldəniz Səlimovun diplomu dövlət nümunəli deyildi. Niyə həmin vaxt onun diplom məsələsi müzakirə olunmadı? Amma tibb işçisi o diplomu almaq üçün ən azı 6 il, ən çoxu 12 il oxuyub, əziyyət çəkib. Bəli, hadisədir, insanlar öz nəfslərinə qalib gələ bilməyib, bu bütün sahələrdə var. Amma bu heç vaxt onu deməyə əsas vermir ki, biz həmin şəxsin diplomunu müzakirə predmeti etməliyik. Heç bir halda belə bir təklif müsbət qəbul edilə bilməz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.