Milli Azadlıq Hərəkatımızın özülünü qoyanlardan - Oqtay Eldəgiz... FOTO
Bu gün, 12:18

Azərbaycanın müstəqilliyi və dövlətçiliyimiz üçün bu qədər iş görən Oqtay Eldəgəzi niyə görə bu müstəqillikdən ən çox yararlananlar, ciblərini dolduranlar, mal-mülk sahibi olanlar yada salmır?!
Bu bizik?!
Bu gün M.Ə.Rəsulzadə idayalarının davamçısı, Milli Azadlıq Qərargahının sədri, rəssam, yazıçı, tarixçi müəllim Oqtay Eldəgəzin vəfat günüdür. Oqtay Kərim oğlu Rəfili Bakının Əmircan (Xilə) kəndində dünyaya gəlib.
Mənə elə gəlir ki, onu tanıtmağa həmişə ehtiyac var. O, 1962-ci və 1976-cı illərdə DTK zirzəmisində üst-üstə 5 il 2 ay həbsdə olub. Bu müddətdə səhhəti korlanıb, əl və ayaq dırnaqlarını itirib Amma çağdaş dövrümüzün gənclərinin bir qismi onu çox az tanıyır. Bəlkə də heç tanımır...Oktay Eldəgəz birmənalı olaraq Azərbaycanı bizlərə tanıdan, onun üçün vuruşmağı öyrədən həm inqilabçı, həm yazıçı şair və həm də tarixçi alim, bayraq insan olub. Belə insanı tanımamaq hər kəs üçün ayıb sayıla bilər. Çox şadam ki, yaxından tanıdığım həyat yoldaşı Rəfiqə xanım onun haqqında silsilə yazılar, kitablar müəllifidir və mənə də bu kitabları verib. “Fələstin çoxbucaqlısı”, “Otuzyeddilər istintaqı”, “Poladdan bir yarpaq”, “Borcumu ver, Rusiya” adlı kitabları mənim kitab rəfimin ən yüksək yerindədir. Onun “37-lər istintaqı” hekayəsi isə repressiya qurbanlarımız Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid kimi xalqımızın qəhrəman oğullarının dəhşətli işgəncələrə məruz qalmalarından bəhs olunur.
Oktay Eldəgəz böyük nəslin davamçısı olub. Mənə verilən kitablar bu şəxsin mübarizəsinə işıq salır. Oqtay Eldəgəzin ana xətti Abbasqulu ağa Bakıxanovlar nəslindəndir. Onlar eyni evin törəmələridir. Bununla bağlı onun nəsil səcərəsinə diqqət yetirək:
Atası Rəfiyev Kərim 1931-33-cü illərdə Əmircan kənd sovetinin sədri, sonra Bilgəh zəfaran sovxozunun direktoru vəzifəsində çalışmışdır.
Əmisi Rəfiyev Rəfi Kərim oğlu Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, Azərbaycan Xalq Komissarı, sonra isə Azərbaycan Ali Məhkəməsinin sədri vəzifəsində işləmişdir.
Əmişi övladları da ali təhsil alaraq, institutlarda işləyirlər.
Bibisi Rəfiyev Şahzaman 1921-ci ildə Moskvada Qadınlar Qurultayının nümayəndəsi olmuşdur.
Dayısı Məmmədov Mirzəyəhya 1938-42-ci illərdə “Bakı fəhləsi” və “Kirov” zavodlarının direktoru, 1942-49-cu illərdə Sumqayıt KP-nin I katibi, 1949-57-ci illərdə Sumqayıt “Boru Prokatı” zavodunun direktoru vəzifəsində işləyib. Oğlu İlyas da atası kimi məsul vəzifədə çalışıb. O, Bakı Beynəlxalq Hava Limanının rəisi olub.
Dayısı Əbdülbağı Məmmədov məktəb direktoru işləmiş, 1937-ci ildə repressiya qurbanı olmuşdur.
Dayısı Məmmədov Nəzərəli Gəncə Toxuculuq Kombinatının direktoru, “Suraxanıneft” mədənlərinin rəisi işləmişdir.
Digər dayısı Mahmud Məmmədov Suraxanı Rayon Təhsil Şöbəsinin müdiri olub, son illərdə isə Bağlar İdarəsinin rəisi vəzifəsində çalışıb.

Bu səcərəni çox uzatmaq olar. Məlum məsələdir ki, belə ziyalıların övladları da əksər hallarda ali savadlı olur. Belə bir nəsildən çıxan Oqtay Rəfili (Eldəgəz) də sələflərinin davamçısı olmuş, xalqının azadlığı və müstəqilliyi uğrunda çanını qoymuşdur.
Oktay Eldəgəz ilə ilk tanışlığım Suraxanı Xalq Cəbhəsini yaradılmasında çalışdığım dövrə təsadüf edir. Oktay Eldəgəz alim kimi alim, inqilabçı kimi məğrur, əvəzolunmaz şəxslərdəndir. Tərcümeyi halı göz oxşayır. Belə bir inqilabçının yaşadıqlarını yaşamaq istəyirsən. Oktay Eldəgəz kifayət qədər siyasi baqaja malik şəxsdir. Biz onu gah 1958-ci il may ayında Sumqayıtda baş verən kütləvi mitinqlərin təşkilatçısı və rəhbəri kimi, gah da 1962-ci ilin dekabr ayından Milli Azadlıq Qərargahının (MAQ) 25 il sədri kimi fəaliyyətinin şahidi oluruq.
Təbii ki, MAQ-a qədər isə 1941- ci ildə tələbə Süleyman İsgəndərovun rəhbərliyi ilə anti-sovet milliyyətçi qrupun, Gülhüseyn Hüseynoğlunun və İsmixan Rəhimovun başçılığı ilə yaradılan "İldırım" Təşkilatının və 1957-ci il 28 may günü Cahid Hilaloğlu və Çingiz Abdullayev Qız qalasının yuxarısında cümhuriyyətin 39-cu ildönümü münasibəti ilə üçrəngli bayrağımızı dalğalandırmasını xatırlamalıyıq. Bütün bunlar Azərbaycanda gedən milli siyasi proseslərin işartıları idilər.
Oqtay Eldəgəz ictimai gerçəkliyin azərtürkləşdirilməsi yolundan sapmayaraq milli oyanış və istiqlal amallarımızda təkrarsız xidmət göstərən şəxsdir. Belə bir dövrdə gizli ümumxalq qurumunun, yəni Milli Azadlıq Qərargahının (MAQ) 95 nəfər ziyalının iştirak etdiyi gizli yığıncağında məhz Oqtay Rəfili (Eldəgəz) sədr seçilir. Görkəmli alimimiz Xudu Məmmədli isə onun müavini olur. MAQ adını isə xalq şairi Osman Sarıvəlli təklif etmişdi.

Köhnələr yaxşı bilər: O vaxt MAQ üzvləri Azneftin qabağındakı nardaranlı Zülfünün çayxanasında toplaşardılar. Bu təşkilatda dövrün görkəmli ziyalıları Famil Mehdi, Abbas Abdulla, Osman Sarıvəlli, Hüseyn Arif, Yusif Vəliyev, Əlisöhbət Sumbatzadə, Ələviyyə Babayeva, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Yusif Məmmədəliyev, Şıxəli qurbanov kimi tanınmış ziyalılar çalışırdılar. Məqsəd təşkilat, idarə və müəssisələrdə, daha yuxarı dövlət srukturlarında azərbaycanlı kadrların yerləşməsi idi. dil məsələsi də bu mübarizənin əsas qayəsini təşkil edirdi. Rus dilinin az qala ikinci dövlət dili kimi təbliq olunması acı həqiqəətlər idi. O dövrdə bunu etmək və belə bir şəraitdə fəaliyyət göstərmək bilirsizmi nə demək idi?! MAQın üzvləri olan bu şəxslər SSRİ dövründə onun əleyhinə gizli təbliğat aparmaqla xalqımızın azad, müstəqil dövlətçiliyə malik olması üçün mübarizə aparmışdılar. Hətda elə bir zaman yetişdi ki, bu təşkilat Azərbaycanın 14 bölgəsinin idarəçiliyinə tam nəzarət edirdi.
Doğrudur, bəzən bu təşkilatı Türkiyədə mövcud olmuş "İxtiyarlar" (Ağsaqqallar" təşkilatı ilə müqayisə edirlər. Sanki oxşarı idi. Nədənsə Azərbaycanın üz qarası İndiki Respublika Ağsaqqaalar şurası yadıma düşdü...Nə isə.
MAQ ın əksər üzvləri vəzifəli şəxslər idi. MAQ -ın nailiyyətləri çoxdur. 1956-cı ilin 16 sentyabrında İran şahı Məhəmməd Rza Pəhləvi xanımı Sürəyya ilə Moskvaya səfər edir. Xruşşovla baş tutan görüşdə Azərbaycanın Astara rayonundan başlayaraq Yardımlıya kimi 5 kilometrlik ərazinin İrana verilməsi barədə razılıq əldə olunur. Bu zaman Milli Azadlıq Qərargahı hələ qurulmamışdı. Amma qısa müddət sonra görüşəcək həmin ziyalılar bu xain plandan xəbər tuturlar. Yusif Məmmədəliyev və Xudu Məmmədov bu planın baş tutmaması üçün hərəkətə keçirlər. Digər tərəfdən, Azərbaycan SSR Nazirlər Sovetinin sədri Sadıq Rəhimov, MK-nin 1-ci katibi İmam Mustafayev da İranın təklifinin SSRİ tərəfindən yerinə yetirilməməsi üçün hərəkətə keçənlər içərisində idilər. Azərbaycan tərəfindən hazırlanan ideya və təkliflər Kremlə çatdırılır və yumşaq tərzdə İranın bu planından imtina edilməsi tələb olunur. Əvəzində isə Azərbaycan tərəfi Sovet İttifaqı İsfahan-Qırxçıraq (Şirvan) qaz boru kəmərinin öz ərazisindəki inşaat xərclərini öz üzərinə götürür və Araz çayı üzərində müştərək su-elektrik qovşağının tikintisinə icazə verir.
Bu hadisə MAQ-ın gələcək üzvlərinin birlikdə ilk uğurları olur.
Bundan başqa onlar hətda respublika büdcəsinə ayırmaların Moskvada deyil, Bakıda həll olunmasına çalışmaqla milli oyanışa nail olurdular. MAQ-çılar bir neçə mühüm vəzifəyə azərbaycanlıların təyin edilməsinə nail olmaqla 60-cı illərdə sovet quruluşuna qarşı bütün böyük hadisələrin başlanmasında və vüsət almasında iştirakçı və təşkilatçıları oldular.
Belə bir təşkilata ancaq Oktay Eldəgəz kimi qorxmaz insan rəhbərlik edə bilərdi. Oktay Eldəgəz hərtərəfli insan idi. Biz onu ədəbiyyatçı kimi də tarixçi kimi də müəllim və şair kimi tanımağa məcburuq. Dərs dediyi dövrdə dəfələrlə çağırılaraq DTK tərəfindən tutulduğundan, təqiblərə məruz qaldığından məktəbdən uzaqlaşmağa məcbur olmuşdu. Mübarizə onun üçün ailədən öndə idi. Çünki Oqtay Eldəgəzi ailəsindən daha çox, milli dövləti, xalqı və onun müstəqilliyi düşündürürdü. O, ailəsi üçün bütün həyati təlabatları yerinə yetirmirdi...Bu zaman özünü də unudurdu. Milli dövlət və müstəqillik naminə şəxsi rahatlığının, sağlamlığının qeydinə qalmayan fədakar bir insan idi.
Bütün həyatı boyu Eldəgəzlər (Atabəylər) dövləti haqqında tədqiqatlar aparmışdı. “Eldəgəz” təxəllüsünü ona görə götürmüşdü. Onun yazdığı məqalələr o dövr üçün bir partlayış idi. Hətda mənlə Amerikadan söhbət düşəndə deyirdi ki, "Amerika gərək adını Tusi daşısın "
Lakin vəziyyət elə gəirir ki, bu təşkilatı bağlanması zərurəti yaranır. 25 illik bir zaman kəsiyində Milli Azadlıq Qərargahı təxminən iki millətçi nəsil yetişdirmişdi. İdarə, müəssisə və məktəblərin, elmi dairələrin azərbaycanlılaşdırılması istiqamətində yaşıl inqilabı həyata keçirməsinə, milli intibahın gerçəkləşməsinə qismən də olsa nail olunmuşdu. Zaman keçdikcə gənclər arasında milli şüur formalaşır və buna görə də, MAQ-ın fəaliyyətinə ehtiyac qalmırdı. Beləliklə də 1982-ci il dekabr ayının 12-də Ağdam rayonunun Mərzili kəndində, Xudu Məmmədovun evində çağırılan son şura yığıncağı gizli səsvermədən sonra 4 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla, 1 nəfər isə tərəfsiz qalmaqla təşkilatın bağlanması barədə qərar qəbul edilir. Sonralar mənfur SSRİ məkanını lərzəyə salan Azadlıq Meydanı hərəkatı həm də MAQ-ın varisi olduğunu sübuta yetirdi.
O, mübariizə adamı idi. Oktay Eldəgəz 1988-cil milli azdlıq hərakatı başlananda da onun öncüllərindən olub. Hər il qeyd etdiyimiz 17 noyabr - Milli Dirçəliş Günündən bir gün əvvəl M.Ə.Sabir bağında keçirilən bir mitinqdə Oqtay Eldəgəz çıxışının axırında qeyd edərək bildirmişdi ki, “bu meydan azadlığımız uğrunda keçirilən mitinqlər üçün çox balacadır, bu gündən sonra mitinqlər Lenin meydanında (indiki Azadlıq) keçirilməlidir” O, özü gedib ön cərgədə dayanaraq mitinqləri diqqətlə müşahidə edirdi. Ondan soruşduqda ki, niyə çıxış etmirsən, bu cavabı verirdi “İndi növbə gənclərindir”. Doğrudur, sonralar o, bu mübarizənin başqa şəkil aldığını gördükcə çox kədərlənidi: “Biz belə müstəqillik istəmirdik. Normal insan münasibətləri olmayan, vətəndaşların yaşaması üçün şərait yaradılmayan yerdə müstəqilliyin heç bir dəyəri qalmır"
O.Eldəgəzin məqalələri zaman -zaman “Təzadlar”, “Azadlıq”, Şərq”, “525-ci qəzet”, “Nəbz”, “168 saat”, “Ədalət”, “Uluş”, “Müsavat”, “Azadlıq” və s. qəzet və jurnallarda dərc edilməyə başladı.
Oktay Eldəgəz 68 yaşında erkən vəfat edib. Bəlkə də daha çox yaşayardı. Lakin oğlunun vaxtsız vəfatı onun ömrünü qısaltdı.
Sözardı: Deyilənə görə Oqtay Eldəgəz həyatının son günlərində ona baş çəkən böyük şair Bəxtiyar Vahabzadəyə və “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərziliyə vəsiyyət edib ki, “Torpaqlarımız alınanda Xudu Məmmədovun evini ziyarət edib, mənim əvəzimə həyətindən su içərsiniz. Biz onun evində çox yığıncaqlar keçirmişik”

Məni isə düşündürən suallar çoxdur: niyə görə 1957-ci ildən başlayan və tərkibində 95 ziyalısı olan MAQ-ın fəaliyyəti dövlət və demokratik düşərgə tərəfindən anılmır? Nyə görə MAQ tarixi lazımi səviyyədə təqdim olunmur? Oktay Eldəgəz Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış Cümhuriyyət qurucuları ilə bir sıradadır və imzasını qoymuş böyük şəxsiyyətdir.
Bu gün düşdüyümüz vəziyyətin çıxılmazlığında Oktay Eldəgəzin çıxış yolu kimi sözlərini xatırlatmaq istərdim: "Azərbaycan türklərinin nüvəsində gizli neytron və protonlar mövcuddur, günlərin birində onlar hərəkətə gəlib bu xalqa qurtuluş yolunu mütləq göstərəcək".
Mən buna inanıram. Siz də inanın.
Baba Allahnəzərov.