İlham Əliyev Tiranada Rusiyaya qarşı iqtisadi müharibənin strategiya və taktikası müzakirə olunan sammitdə iştirak edir

Bu gün, 08:34           
İlham Əliyev Tiranada Rusiyaya qarşı iqtisadi müharibənin strategiya və taktikası müzakirə olunan sammitdə iştirak edir
İlham Əliyevin Albaniyanın paytaxtı Tiranada Paşinyanla görüşü, Makronla həmsöhbət olması və digər davranışları ölkədə gündəmdədir. Maraqlısı odur ki, hökumətyönlü KİV-lər və mətbuat platformaları ya bilərəkdən, ya bilməyərəkdən İlham Əliyevin görüş və davranışlarını önə çəkərək, məsələlərin fundamental mahiyyətindən fikir yayındırırlar.
Ən vacib sual budur: Tiranada nə baş verir?
Albaniyada Avropa Siyasi İcmasının Sammiti keçirilir, sammitin gündəmi: Rusiya əleyhinə daha sərt iqtisadi tədbirlərin tətbiqidir.
Tiranada Avropa Siyasi İcmasının altıncı sammiti öz işinə başlayıb. Tədbirdə Birləşmiş Krallıq da daxil olmaqla 40-dan çox ölkənin liderləri, eləcə də NATO və Avropa İttifaqının (Aİ) rəhbər şəxsləri iştirak edir. Ukrayna Prezidenti Volodimir Zelenski sammitə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə qatılıb.
Sammitin əsas gündəm mövzusu Rusiya qarşı yeni və daha sərt iqtisadi sanksiyaların tətbiqidir. Aİ hazırda Rusiya ilə ticarətə tam embarqo qoyulması imkanlarını nəzərdən keçirir. Məqsəd – Rusiyanın iqtisadi imkanlarını daha da məhdudlaşdıraraq, Ukraynaya qarşı davam edən təcavüzün dayandırılması üçün təzyiq vasitəsini gücləndirməkdir.
Qərb ölkələri artıq tətbiq olunmuş sanksiyalardan daha təsirli mexanizmlər axtarışındadır. Bu kontekstdə, Rusiya ixracına yüksək tariflərin tətbiqi də daxil olmaqla əlavə tədbirlər gündəmə gətirilir. Söhbət ilk növbədə enerji daşıyıcıları – neft, qaz və uran daxil olmaqla əsas ixrac məhsullarından gedir.
Bu tədbirlərin hüquqi bazası kimi ABŞ senatorları Lindsi Qraham və Riçard Blumental tərəfindən irəli sürülmüş qanun layihəsi göstərilir. Sənəddə Rusiya Ukrayna ilə atəşkəsə razılaşmadığı təqdirdə ona qarşı birincili və ikincili sanksiyaların tətbiqi nəzərdə tutulur. Eyni zamanda, Rusiyadan enerji resursları alan üçüncü ölkələrə qarşı 500%-ə qədər idxal tarifləri tətbiq edilməsi təklif olunur.
Paralel olaraq, Aİ səfirləri 14 may tarixində Rusiyaya qarşı 17-ci sanksiya paketini razılaşdırıblar. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin açıqlamasına görə, bu paket çərçivəsində 189 tanker — Aİ tərəfindən “kölgə donanması” hesab edilən gəmilər — sanksiya siyahısına daxil edilib. Bundan əlavə, ikili təyinatlı məhsullarla ticarətlə məşğul olan 30 şirkət və Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli 75 fiziki və hüquqi şəxs də məhdudiyyətlərə məruz qalacaq.
Almaniyanın Kansleri Fridrix Mers isə bildirib ki, sözügedən 17-ci sanksiya paketi 20 may tarixində rəsmi olaraq təsdiqlənəcək.
Və İlham Əliyev Rusiyaya qarşı iqtidasi müharibənin strategiya və taktikası müzakirə olunan sammitdə iştirak edir.
Budur məsələnin mahiyyəti və bizim gündəmdə olası mövzu. Kimin kimə necə baxması, nə deməsi yox. Siyasəti, qlobal hadisələri, ciddi mövzuları bayağılaşdırmayın.
Kamran Cəfərov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.