Azərbaycanda belə hadisə olmamışdı: ilk dəfədir – Şagirdlər…
Bu gün, 09:48

Gəncədə bir yeniyetmənin həmyaşıdları tərəfindən qətlə yetirilməsi cəmiyyətdə böyük narahatlıq yaradıb. Bildirilir ki, bu hadisə təkcə bir ailənin faciəsi deyil, daha geniş problemin göstəricisidir. Xüsusilə gənclər arasında zorakılığın artması ciddi siqnal kimi dəyərləndirilir. Çoxları hesab edir ki, uşaqların təhlükəsiz mühitdə böyüməsi üçün təcili tədbirlər görülməlidir.
Gənclər arasında qəddarlıq və aqressiyanın artması nə ilə bağlıdır?
Globalinfo.az-a danışan sosioloq Lalə Mehralı deyib ki, Gəncədəki hadisə dəhşətli toplumda yaşadığımızı sübut edir:
“Bundan əvvəl ölkədə yeniyetmələrin, məktəblilərin mübahisələrini, hətta qətlə səbəb olduqlarını görmüşdük, amma belə dəhşətli hadisə ilk dəfədir. Bir uşağa qarşı bu cür qəzəb, aqressiya nə deməkdir? Uşaqlarda öldürmək, işgəncə vermək duyğusu necə yarandı? Məlum qətli törədən şəxslərin valideynlərinin övladlarını belə sadist ruhda böyütmələrindən xəbərdar olduqlarına inanmıram. Onlar uşaqlarını işlərinə, TikTok, İnstagram kimi sosial şəbəkələrə “satırlar”. Ana bir videoya olan marağını övladının tərbiyəsinə yönəltmir. Yaxud ata çay evlərinə, domino oynamağa ayırdığı vaxtı oğluna-qızına sərf etmir. Bəzilərinin də işləməkdən zamanı olmur”.
Sosioloq bildirib ki, indi uşaqları zəmanə və çevrə böyüdür:
“Onlara insan olmaq da aşılana bilər, canilik də… Çoxları cinayətin səbəblərini məktəblərdə axtaracaq. Amma şagirdlər təhsil ocağında 5-6 saat vaxt keçirsə də, qalan müddətdə valideynlərinin yanında olurlar. Digər tərəfdən, məktəblər valideynlərə xəbərdarlıq etsə də, onlar günahı müəllimdə görəcəklər. Heç kim övladından şübhələnmir. Gəncədəki hadisə ilə bağlı da mütləq araşdırma aparılmalıdır ki, Elgünün anası dinclik tapsın”.
Xatırladaq ki, mayın 12-də Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov aldığı ağır kəllə-beyin travmasından xəstəxanada vəfat edib.