Dünyanın milyardlıq peyvənd bazarı: Özü hazırlayıb özü vuran da var, başqasına satan da
28-08-2021, 11:16

Rusiya koronavirusa qarşı yaradılan dördüncü vaksini qeydiyyata alıb.
Bu barədə məlumat Rusiya Səhiyyə Nazirliyinin dərman qeydiyyatı sistemində yer alıb. Bildirilib ki, bu, Vektor Tədqiqat Mərkəzinin hazırladığı “EpiVakKorona-N” adlı vaksindir. Peyvənd 18-60 yaşlı şəxslərə tətbiq olunacaq, hamiləlik dönəmində olan qadınlara isə tövsiyə edilmir.
Bildirilib ki, vaksin xroniki xəstəliyi olanlarda risklər yarada bilər.
Maraqlıdır, ümumilikdə dünyada COVID-19-a qarşı neçə vaksin var? Onlardan hansının istifadəsi ÜST tərəfindən təsdiqlənib? Ölkələr ən çox hansı peyvənddən istifadə edir?
Cebhe.info bununla bağlı araşdırma aparıb:
Hazırda dünyada dərman şirkətləri tərəfindən hazırlanmış 89 fərqli peyvənd namizədi, 228 sınaq mərhələsində olan peyvənd və ümumi olaraq 12 təsdiqlənmiş peyvənd var. Təsdiq edilmiş peyvəndlərdən yalnız 5-ni ÜST təcili istifadə üçün qeydiyyata alıb. Qeydiyyata alınan peyvəndlər bunlardır: “Modern”, “BioNTech/Pfizer”, “AstraZeneca”, “CoronaVac”, “Sinopharm”.
*İndiyədək hazırlanan peyvəndlərdən dünyanın ən çox istifadə etdiyi “AstraZeneca”dır. Bu peyvənddən 170 ölkədə istifadə edilir. Son dərəcə soyuq bir temperaturda (-70 C) saxlanılması lazım olan “Pfizer” peyvəndindən fərqli olaraq, “AstraZeneca” peyvəndi adi soyuducuda saxlanıla bilər və bu da onun daha çox istifadəsinə şərait yaradır.
*“AstraZeneca” peyvəndi ingilis-İsveç iş birliyi ilə yaradılıb. Peyvənd ölkəmizdə də tətbiq edilir.
“BioNTech” peyvəndindən 100-dən çox ölkə istifadə edir. Almaniya istehsalı olan peyvəndi iyun ayının 7-dən Azərbaycanda da istifadə edilir.
*“Sinopharm” peyvəndi 60-a yaxın ölkə tərəfindən təsdiqlənib. Bu peyvəndi ÜST tanımaqla ilk dəfə Qərb ölkələrinə aid olmayan bir peyvəndi təsdiqləmiş olub.
*ABŞ-in biotexnoloji “Moderna” şirkəti tərəfindən istehsal edilən “Moderna” 50-yə yaxın ölkədə tətbiq edilir.
*“Sputnik V” də 50-yə yaxın ölkədə istifadə üçün təsdiqlənib. Rusiya istehsalı olan bu vaksin ÜST tərəfindən tanınmayıb. Mayın 15-dən Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə Rusiya istehsalı olan "Sputnik V” peyvəndinin tətbiqinə başlanılıb. Martın 11-də Baş nazir Əli Əsədov 300 min doza “Sputnik V” vaksininin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb və peyvəndin ilk partiyası ölkəyə gətirilib. “CoronaVac”-dan yalnız 40-a yaxın ölkə faydalanır.
Azərbaycan COVAX platforması çərçivəsində Çinin “Sinovac” şirkətinin 2 milyon doza “CoronaVac” vaksinini alıb. Ümumilikdə “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib.
*24 ölkədə istifadə edilən "Jansenn" peyvəndi Amerikanın “Merck” əczaçılıq şirkəti peyvəndi ABŞ-ın “Johnson & Johnson” şirkəti ilə birgə istehsal edib.
*Hindistanın "Bharat Biotech" şirkəti tərəfindən hazırlanan "Covaxin" vaksini 81 faiz qoruyuculuğa malikdir və 6 ölkədə tətbiq olunur.
*Bioloji Təhlükəsizlik Problemləri Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən yaradılan “QazVac” peyvəndi yalnız istehsalçı Qazaxıstanda istifadə edilir.
*Kuba tərəfindən istehsal olunan "Soberana" peyvəndi iki ölkədə istifadə edilir. İstifadənin təsdiqləndiyi ikinci ölkə İrandır.
*“Cansino” 4, “EpiVacCarona” 2, “RBD Dimer” 1, “Abdala” isə cəmi 1 ölkədə, yəni istehsalçı ölkədə tətbiq olunur.
Cebhe.info