Bu il sürücülərin ən çox yol verdiyi QAYDA POZUNTULARI
29-09-2021, 10:21
“İlin əvvəlindən sentyabr ayının ilk 10 günlüyünə qədər Bakı şəhərində 321 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 127 nəfər həlak olub, 264 nəfər isə müxtəlif bədən xəsarətləri alıb”.
Bu sözləri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat üzrə inspektoru, polis-leytenantı Rüstəm Əhmədli Modern.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, ilk 9 ay ərzində 553 mindən çox inzibati protokol tərtib edilib:
“321 yol qəza hadisəsindən 182-si piyadaların vurulması ilə əlaqəlidir. Nəticədə 80 nəfər ölüb, 108 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
Azyaşlı uşaqlarla baş vermiş yol qəza hadisələrinin sayı isə 14-ə çatıb ki, nəticədə 4 azyaşlı həlak olub, 4 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
Polis leytenantı bildirib ki, mopedlərlə bağlı yol qəza hadisələrinin sayı 12-dir:
“Hadisələr nəticəsində 3 nəfər həlak olub, 10 nəfər xəsarət alıb”.
R.Əhmədli bildirib ki, bu günə qədər ən çox dayanma, durma və parklanma tələblərinin pozulması halı qeydə alınıb:
“Yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində əməkdaşlarımız tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir. Bununla bağlı Bakı şəhər üzrə 553 mindən artıq inzibati protokol tərtib edilib.
Onlardan təxminən polisin qanuni tələbini yerinə yetirməyən 720 sürücü, 70-dən artıq avtoxuliqan, 7 mindən artıq sərxoş vəziyyətdə avtomobilin idarə olunması, 33 min kəmərdən istifadə etməmə, 13 min 721 əldə mobil telefon saxlamaqla avtomobil idarə etmə, 3219 ötmə manevr qaydalarının pozulması, 45 min 749 yol ayrıclarının keçmə qaydalarının pozulması ilə bağlıdır.
Bu il ən çox dayanma, durma və parklanma tələblərinin pozulması hadisəsi baş verib. Belə ki, 241 min 405 dayanma, durma və parklanma tələblərinin pozulması olub”.