Sosial şəbəkələr ilə bağlı yeni qanuna ehtiyac varmı? - AÇIQLAMA
1-10-2021, 17:41
Milli Məclisin deputatı Sahib Alıyev parlamentin ötən gün keçirilən iclasında “Sosial şəbəkələr haqqında” ayrıca qanunun qəbul edilməli olduğunu söyləyib.
“Biz sosial şəbəkələrlə bağlı qanun qəbul etməliyik. Azərbaycanda guya internet azadlığı yoxdur. Belə bir qanun təcili olaraq qəbul edilməlidir”, - deyə o qeyd edib.
Ümumiyyətlə, bu, uzun zamandır, müzakirə edilən mövzulardan biridir.
Maraqldır, bu sahədə yeni qanuna ehtiyac varmı? Bu qanun qəbul edilərsə, orada hansı müddəalar yer ala bilər?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında media məsələləri üzrə ekspert Azər Həsrət bildirib ki, sosial şəbəkələrlə bağlı təkcə Azərbaycanı deyil, bütün dünyanı narahat edən bir durum var:
"Özəlliklə də feyk xəbərlərin tirajlanması məqsədli “qara piar”ın aparılması, konkret məşhur şəxslərin gözdən salınması üçün sosial şəbəkələrdən istifadə bütün dünyanı narahat edir. Bu da qanunsuzluqdan qaynaqlanır. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda sosial şəbəkələrlə, sosial şəbəkələrdəki hərc-mərcliklə bağlı tədbir görülməsi çətinliklərlə müşayiət olunur. Yəni dövlət belə hallar olanda tam olaraq necə davranacağını müəyyənləşdirə bilməyib. Bunun səbəbi odur ki, bu sahəni əhatə edəcək əsaslı qanunlar demək olar ki, yoxdur. Düzdür, müəyyən qanunlar var, konkret maddələr var. Bunları bilirik, amma ümumilikdə bu sahəni tənzimləyəcək qanunvericilik yetərli deyil. Ona görə də deputat Sahib Alıyevin bu təşəbbüsünü dəstəkləyirəm, təqdir edirəm".
Ekspert qanunda sosial şəbəkələrə şəxsiyyət vəsiqəsi ilə giriş barədə müddəanın yer almasının vacib olduğunu söyləyib:
“İllərdir ki, bir fikir səsləndirirəm və qanun təşəbbüsü olarsa, orada da yer almasını istərdim. "Sosial media istifadəçilərinin qeydiyyatı şəxsiyyət vəsiqəsi və ya pasportla həyata keçirilməlidir", - deyə bir maddə olmalıdır.
Yəni insanların saxta profillər altında sosial media üzərindən fəaliyyət göstərməsinin qarşısı alınmalı, birmənalı şəkildə əngəllənməlidir.
Bu təklif, bu fikir təkcə Azərbaycanda deyil, ABŞ da başda olmaqla, dünyanın bir çox ölkələrində illərdir, ictimai rəydə var, müzakirə olunur. Təəssüflər olsun ki, hələ də bu istiqamətdə real addımlar atan ölkələr yoxdur. Düzdür, indi belə qanun qəbul etsək, müəyyən qara qüvvələr üstümüzə gələcək. Amma nəzərə almaq lazımdır ki, ifadə azadlığı həm də məsuliyyət, dürüstlük, ədəb, çərçivə deməkdir. Bütün bunlardan yayınmaq istəyən insanlar saxta adlar altında sosial mediada qeydiyyatdan keçir və digər istifadəçiləri narahat edir. Ona görə də qanun qəbul edilməsinin tərəfdarıyam".