Gürcüstan demokratiyası: Ölkə vətəndaş müharibəsinə sürüklənir? - BİZİM TƏHLİL
6-11-2021, 07:05

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin liderlik etdiyi Vahid Milli Hərəkat Partiyası parlamentdəki fəaliyyətini dayandırmaq qərarına gəlib. Lakin ana müxalifət Saakaşvilinin çağırışı mandatdan imtina etməyəcəyini bəyan edib.
Parlamentdə 36 deputatla təmsil olunan partiya iki tələbi yerinə yetirilənə qədər ali qanunverici orqanın işini boykot edəcəyini bildirir. Vahid Milli Hərəkat Partiyası Konstitusiya dəyişikliklərinin qəbulunu və eks-prezident Mixail Saakaşvilinin azad edilməsini istəyir.
“Komandamızın üzvləri üçün Saakaşvili ilə məsləhətləşmələr və həbsxanaya səfərlər, eləcə də Konstitusiya dəyişikliklərinin qəbulu vacibdir. Ona görə də biz parlament işimizi dayandırırıq. Lakin bu məsələlər həll olunana qədər mandatlardan imtina edilməsi təxirə salınır. Bundan sonra biz şübhəsiz ki, mandatlardan imtina edəcəyik”, - partiyanın üzvü Nika Oboladze jurnalistlərə bildirib.
Hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze bildirib ki, müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasından olan millət vəkilləri deputat mandatlarını vermək istəsələr, onların tələbləri təmin olunacaq.
Bundan əlavə, Kobaxidze xatırladıb ki, hakim partiya müxalifətlə aprelin 19-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə imzalanmış sazişdən çıxıb. Ona görə də növbəti iki parlament seçkilərində daha aşağı seçki barajını nəzərdə tutan Konstitusiya dəyişikliklərini dəstəkləmək öhdəliyinə malik deyil.
Qeyd edək ki, növbəti iki parlament seçkisinin 2 faizlik keçid barajı və tam proporsional seçki sistemi ilə keçirilməsini nəzərdə tutan qanun layihəsi 2021-ci il sentyabrın əvvəlində birinci oxunuşda təsdiqlənib.
Eyni zamanda, müxalifət partiyası bu yaxınlarda şəhər və bələdiyyə məclislərinə keçirilən yerli seçkilərdə qazandığı mandatlardan da imtina etməyəcəyini bildirib.
“Biz hazırda diqqətimizi genişmiqyaslı etirazlara yönəltmişik ki, son nəticədə hakimiyyəti ölkənin idarə edilməsində çoxluğun iradəsini əks etdirməyə məcbur edək” - Oboladze belə deyib.
Xatırladaq ki, müxalifət yerli seçkilərin nəticələrindən narazıdır və onun saxtalaşdırıldığını iddia edir. Oktyabrın 30-da bələdiyyə seçkilərinin ikinci turunun keçirilməsindən sonra Gürcüstanın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilir. Saakaşvili parlament mandatından istefa verən Lelo Gürcüstan Partiyasının lideri Mamuka Xazaradzeni misal gətirərək müxalifəti də etiraz əlaməti olaraq parlamenti tərk etməyə çağırıb.
Dəyişikliklər layihəsinə əsasən, növbəti iki çağırış üçün parlamentə giriş barajı hazırki konstitusiyada nəzərdə tutulduğu kimi 5 faiz deyil, 2 faiz səviyyəsində müəyyən ediləcək.
Barajın aşağı salınması daha çox partiyanın parlamentə daxil olmasına şərait yaradacaq. Düzəlişlər həmçinin fraksiyaların formalaşdırılması qaydasının dəyişdirilməsini nəzərdə tutur ki, bu da kiçik partiyalara daha çox səlahiyyət əldə etməyə kömək edəcək. Əgər indiki redaksiyaya görə, fraksiya yaratmaq üçün yeddi deputat lazımdırsa, dəyişikliklər təsdiq edildikdən sonra bunun üçün dörd deputat kifayət edəcək.
Dəyişikliklərin təsdiqi üçün 113 deputatın səsi tələb olunur. Beləliklə, səsvermə zamanı VMH-nin fraksiyası səfərbər olunmasa, qanun layihəsi uğursuz ola bilər. Ona görə də müxalifətin parlamenti boykot taktikası və noyabrın 8-də başlanacaq kütləvi mitinqlər konstitusiyaya dəyişiklikləri qəbul etdirmək üçün hakimiyyətə təzyiq məqsədi daşıyır. Lakin müxalifət üçün etiraz aksiyalarının əsas prioriteti Mixail Saakaşvilinin azadlığa çıxmasına nail olmaqdır.
Prezident Zurabişvilinin Saakaşvilini əfv etməkdən imtina etməsindən sonra Gürsüctanda siyasi ziddiyyətlərin dərinləşməsi müşahidə olunur. Kilsənin bu məsələdə Saakaşvilinin hüquqlarının müdafiəsinə qalxması aksiyaların kütləvi alınmasında mühüm təsirə malik ola bilər. Bu baxımdan, Saakaşviliyə münasibət məsələsi siyasi müstəvidən çıxaraq ümummilli prosesə çevirilir. Artıq kilsə - hökumət qarşıdurması fonunda bunun ilkin əlamətləri özünü göstərməkdədir.
Vahid Milli Hərəkat Partiyasının məqsədi parlamentdə başlatdığı siyasi böhranı növbəti mərhələdə hökumət müstəvisinə keçirmək və Baş nazirin istefasına nail olmaqdır. Bundan sonra isə Saakaşvilinin tərəfdarları üçüncü mərhələyə, yəni növbədənkənar parlament seçkilərinin keçirilməsini hədəfləyir.
Mövcud situasiya müxalifətin ölkədə ikinci inqilabi prosesə təkan vermək planını göstərir. Bu prosesdə müxalifət hakim partiya daxilindəki fikir ayrılığından faydalanmağa çalışır. Eks-prezident Georgi Marqvelaşvilinin aksiyalara qoşulması Bidzina İvanişvili komandasının sabiq üzvlərinin mitinqlərə cəlb edilməsində mühüm rol oynaya bilər.
Müşfiq Abdulla
Cebhe.info