Neft ucuzlaşır: Azərbaycanı hansı təhlükə gözləyir?
17-11-2021, 18:07
Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbinin bu il keçən illə müqayisədə 5 milyon 491 min barel artımla təxminən 96 milyon 282 min barel olacağını gözləyir.
Agentlik qlobal neft təklifinin isə 2021-ci ildə 2020-ci illə müqayisədə gündəlik 6 milyon 400 min barel artaraq 99 milyon 220 min barelə çatacağını təxmin edir.
Maraqlıdır, qiymət ucuzlaşsa, o zaman dövlət büdcəsinin icrasına təsir edəcək?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib ki, qiymətlər 45 dollardan aşağı düşərsə, problem yarana bilər:
"Neftin qiyməti üçün büdcədə nəzərdə tutulmuş minimum rəqəm var, bu il 45 dollardan götürülüb:
“Bu səviyyədən aşağı enərsə və ya stabil qalarsa, onda büdcə icrası ilə bağlı müəyyən çətinliklər çıxa bilər. Nəzərə almaq lazımdır ki, respublikamızın kifayət qədər maliyyə ehtiyatları var və bu ehtiyatlardan istifadə etməklə, hər hansısa problemlə üzləşməməyi təmin etmək mümkündür. Ümumilikdə neftin qiyməti 45 dollardan aşağı düşdükdə müəyyən çətinliklər yaşanacaq. Amma büdcə icrası ilə bağlı hansısa problem olmayacaq, çünki maliyyə dayanıqlığımız var".
İqtisadçı Natiq Cəfərli isə deyib ki, qlobal neft bazarında ümumən bir sabitlik höküm sürür:
"Qiymətlərin kəskin ucuzlaşması üçün hansısa elementlər hiss olunmur. Gələn ilin dövlət büdcəsində neft 45 dollarla hesablanıb.
İndi qiymətlər 82-83 dollar səviyyəsindədir. Gələn il neft qiymətlərinin 55 dollardan aşağı düşməsi ehtimalı çox aşağıdır. Amma ümumilikdə Azərbaycanın neftdən asılılığı kəskin şəkildədir. Buna görə də hökumət çalışmalıdır ki, neftdən asılılığın azaldılmasının yolunu tapsın".
Naibə