Məktəblərdə müəmma - Bəzi şagirdlər tətilə buraxılıb, digərləri dərsə gedirlər

18-11-2021, 16:31           
Məktəblərdə müəmma -
Özəl liseylər V-IX və X-XI sinif şagirdlərini də payız tətilinə buraxıb.
Bakıda əksər özəl liseylərdə yuxarı siniflərdə təhsil alan şagirdlər də payız tətilinə çıxıblar. Sputnik Azərbaycan-ın məlumatına görə, Təhsil Nazirliyi bu tədris ili ümumi orta (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə payız tətili günlərindən 16-19 noyabr tarixlərinin dərs günləri hesab olunduğunu açıqlasa da, özəl liseylər bu siniflər üzrə şagirdləri payız tətilinə buraxıb.
"Zirvə" liseyindən Sputnik Azərbaycan-a bildiriblər ki, 17 noyabrdan məktəbdə bütün şagirdlər payız tətilinə çıxıblar. Təhsil müəssisəsində dərslər noyabrın 22-də başlayacaq. "Zirvə" liseyindən bildiriblər ki, Təhsil Nazirliyinin tətillə bağlı qərarı onlara şamil olunmur. Çünki liseydə dərslərə sentyabrın 15-dən başlanılıb.
"Xəzər" Dünya Məktəbindən də Sputnik Azərbaycan-a bildiriblər ki, şagirdlər hazırda payız tətilindədirlər. Çünki dərslərə onlayn şəkildə sentyabrın əvvəlindən başlanıldığından dərs proqramında gecikmə yaranmayıb. Odur ki tətilə çıxan şagirdlər dərslərə noyabrın 22-dən başlayacaqlar.

Təhsil Nazirliyindən bildirilib ki, özəl təhsil müəssisələri tədris ilinə sentyabrın 15-dən onlayn şəkildə start verib. Dövlət təhsil müəssisələrində isə tədris ili oktyabrın 22-dən başlanılıb.
Qeyd edək ki, hazırda dövlət ümumtəhsil müəssisələrində (V-IX) və tam orta səviyyələri (X-XI) üzrə payız tətili günlərindən 16-19 noyabr tarixləri dərs günləri hesab olunduğundan bu siniflərdə oxuyan şagirdlər məktəbə gedirlər.
Xatırladaq ki, bir müddət öncə Təhsil Nazirliyi bu il ümumtəhsil müəssisələrində payız tətilinin olub-olmayacağı məsələsinə aydınlıq gətirib. Nazirlikdən bildirilib ki, “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə payız tətili günlərindən 16-18 noyabr tarixləri dərs günləri hesab olunur.
Belə ki, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük ümumi təhsil müəssisələrində 19 noyabr tarixi payız tətili, 6 günlük ümumi təhsil müəssisələrində isə 19-20 noyabr tarixləri payız tətilidir. Ümumi orta (V-IX) və tam orta səviyyələri (X-XI) üzrə payız tətili günlərindən 16-19 noyabr tarixləri dərs günləri hesab olunur. Belə ki, ümumi orta (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük ümumi təhsil müəssisələrində payız tətili olmayacaq, 6 günlük ümumi təhsil müəssisələrində isə 20 noyabr payız tətilidir.
Məlumat üçün bildirək ki, indiyədək ümumi təhsil müəssisələrində 16-20 noyabr tarixləri payız tətili hesab olunub. Pandemiya səbəbindən bu tədris ili I-IV siniflər üzrə dərslər sentyabrın 22-dən, yuxarı siniflər üzrə 29-dan start verilib.
Onu da əlavə edək ki, təhsil naziri Emin Əmrullayev yeni tədris ili ərəfəsi öz açıqlamasında dərslərin 1-2 həftə gec başlamasının nəzərə alınacağını və tətillər hesabına kompensasiya ediləcəyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru