Baş direktor qalmaqallı yardımdan danışdı: - "Əməkdaşlar hədiyyəni alanda təşəkkürdən başqa gözlə baxmadılar”

28-12-2021, 21:11           
Baş direktor qalmaqallı yardımdan danışdı: -
AMEA-nın Azad Həmkarlar İttifaqı və Fizika İnstitutunun Həmkarlar İttifaqı Komitəsi tərəfindən qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sözügedən müəssisənin 100-ə yaxın əməkdaşına, o cümlədən Qarabağ müharibəsi veteranları və şəhid ailələrinə müxtəlif çeşiddə ərzaq yardımı edilib. AMEA-dan bildirilib ki, aksiyanın keçirilməsində məqsəd sosial vəziyyəti aşağı olan şəxslərə maddi və mənəvi dəstəyin göstərilməsi olub. Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri əməkdaşlara ərzaq sovqatı paylamaqla yanaşı, onlarla maarifləndirici söhbətlər aparıb, əməkdaşları hər zaman vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıblar.

Aksiyada çıxış edən Fizika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova əməkdaşları Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib. O, institutda bu il artıq 4-cü dəfədir həyata keçirilən bu təşəbbüsün maddi dəstəyə ehtiyacı olan əməkdaşlar, o cümlədən Qarabağ müharibəsi veteranları, şəhid ailələri və məcburi köçkünlər kateqoriyasından olan insanlar üçün nəzərdə tutulduğunu vurğulayıb. S.Bağırova yardım aksiyasının həyata keçirilməsində göstərdiyi dəstəyə görə AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanova öz təşəkkürünü bildirib.

Yardım göstərilən ailələr diqqət və qayğıya görə AMEA-nın Azad Həmkarlar İttifaqına və Həmkarlar İttifaqı Komitəsinə minnətdarlıqlarını ifadə ediblər. Alimlərə verilən hədiyyələr birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə azərbaycanlı elm adamlarına bu cür yardım edilməsi qınaq dolu müzakirələr yaradıb.

Teref.az xəbər verir ki, bununla bağlı Cebhe.info-ya açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov bildirib ki, sözügedən xəbərdə yardım məsələsi bir az yaxşı səslənməyib:

"Bilirsiniz, Həmkarlar İttifaqı xətti ilə əməkdaşlara yeni il hədiyyələri verilib. Bu, həmin əməkdaşlardır ki, onların doğrudan da müəyyən mənada yeni ildə o formada hədiyyələrə ehtiyacları var. O səpkidə də Həmkarlar İttifaqı qərara gəldi ki, onlara yeni il hədiyyəsi çatdırsın. Hələ bir neçəsi qalıb, bu gün də həmin alimlərə hədiyyələri təqdim ediləcək. Əsas da aztəminatlı ailələrə, müharibə iştirakçısı olan ailələrə diqqət yetirildi. İnstitutda həmişə bu kateqoriyaya aid insanlar diqqətdə saxlanılır".

Baş direktor bildirib ki, kimlərsə başqa məna görə bilər, amma əsas məqsəd qeyd etdiyi məqamlardır: "Əməkdaşlar yeni il hədiyyəsini alanda da verilənlərə təşəkkürdən başqa gözlə baxmadılar, razı qaldılar".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.