Azərbaycanda “Omikron”u aşkarlamaq üçün avadanlıq var?

30-12-2021, 00:09           
Azərbaycanda “Omikron”u aşkarlamaq üçün avadanlıq var?
““Omikron” ştammının Azərbaycanda aşkarlanması zaman məsələdir. Bu, sabah, bir həftə və ya bir ay sonra da ola bilər. Ştammların sərhədləri asanlıqla keçməsinin şahidi olmuşuq. Bu da öz-özlüyündə ciddi təhlükə yarada bilər”.

Bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

“Omikron” ştammının yüksək yoluxuculuq qabiliyyətinə malik olması artıq öz təsdiqini tapıb.

Qeyd edək ki, sözügedən ştammın qonşu ölkələr, Türkiyə, Gürcüstan və Rusiyada aşkarlanması da təsdiqlənib.

Azərbaycanda “Omikron”un qeydə alınması rəsmən təsdiqlənməsə də, bəzi tibb mütəxəssisləri ölkəmizdə “Omikron”a yoluxanların olduğunu iddia edirlər.

Azərbaycan Tibb Universiteti 1-ci Cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla mətbuata açıqlamasında deyib ki, “Omikron” ştammının Azərbaycanda yayılması istisna deyil:

“Yəqin ki, ölkəmizdə də virusun bu ştammı artıq varlığını sürdürür. Bəzi xəstələrdə “Omikron”un əsas əlamətlərinin mövcudluğuna şahid oluruq”.

Tibb üzrə mütəxəssis, dosent Ədalət Rüstəm isə Cebhe.info-ya açıqlamasında bildirib ki, “Omikron” ştammı artıq Azərbaycana gəlib:

“Virusu tanımaq və dəqiq təyin etmək üçün avadanlıq lazımdır. Azərbaycan gərək ÜST-dən ştammları ayırd etmək üçün lazımi avadanlıqları alsın ki, ştammın ölkəmizdə olmağını yoxlaya bilsinlər”.

Mütəxəssislərin fikrinə istinad edərək belə bir nəticəyə gəlmək olar ki, ölkədə “Omikron”a yoluxanlar var. Lakin bunu ya aşkarlamaq mümkün olmayıb, ya da xəstəlik yüngül keçirildiyi üçün xəstəxanalara müraciət olunmayıb.

Azərbaycanda sözügedən ştammı aşkarlamaq üçün avadanlıq var?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, Operativ Qərargahın dünən keçirilən brifinqində məsələyə aydınlıq gətirilib.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev “Omikron”la bağlı vəziyyətin diqqət mərkəzində olduğunu qeyd edib:

“Test nümunələri seçmə üsulu ilə genetic laboratoriyada yoxlanılır. Azərbaycanda “Omikron” şatmmına yoluxma qeydə alınmayıb”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.