Tokayev kimdir? - Bioqrafiyası

7-01-2022, 18:36           
Tokayev kimdir? - Bioqrafiyası
Qaynar hadisələr burulğanından keçən Qazaxıstanda indi əsas siyasi fiqur prezident Qasım-Comərd Tokayevdir. Novator.az onun bioqrafiyasını təqdim edir.

Qasım-Comərd Tokayev 1953-cü il mayın 17-də Alma-Ata şəhərində (1997-ci ilə qədər Qazaxıstanın paytaxtı, indiki Almatı) doğulub.

1975-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu, 1992-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib, siyasi elmlər doktorudur.

Qasım-Comərd Tokayev 1975-ci ildən SSRİ Xarici İşlər Nazirliyində, ardınca ölkənin Sinqapurdakı səfirliyində çalışıb, sonra Çindəki səfirlikdə ikinci katib, birinci katib, müşavir postlarını tutub.

1992-ci ildən Qasım-Comərd Tokayev Qazaxıstan xarici işlər nazirinin müavini, 1993-cü ildən nazirin birinci müavini olub. 1994-cü ildə xarici işlər naziri postuna təyinat alıb, 1999-cu ildə əvvəl baş nazirin müavini, ardınca baş nazir vəzifəsinə keçirilib.

2002-ci ildən Qasım-Comərd Tokayev dövlət katibi-xarici işlər naziri, 2003-cü ildən xarici işlər naziri postlarında fəaliyyət göstərib, 2007-ci ildən Qazaxıstan parlamentinin yuxarı palatası olan Senata sədrlik edib.

2011-ci ildən BMT baş katibinin müavini olan Qasım-Comərd Tokayev 2013-cü ildə yenidən Senatın sədri seçilib.

2019-cu il martın 20-də Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev idarəçilikdə müəyyən səlahiyyətləri saxlamaqla istefa verib, Qasım-Comərd Tokayev prezident andı içərək dövlət başçısı kürsüsünə oturub, həmin il iyunun 9-da keçirilmiş növbədənkənar prezident seçkisində qalib gəlib.

2022-ci il yanvarın 5-də Nursultan Nazarbayev idarəçilikdən tam uzaqlaşdırılıb.

Həyat yoldaşı ilə boşanmış Qasım-Comərd Tokayev bir oğul atasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru