Pulsuz telefon üstündə bir-birini qıran minlərlə azərbaycanlı - cəmiyyətimiz niyə bu qədər dəyər itirir?

18-04-2022, 18:03           
Pulsuz telefon üstündə bir-birini qıran minlərlə azərbaycanlı - cəmiyyətimiz niyə bu qədər dəyər itirir?
Azər Həsrət: “Azərbaycan gənclərinin belə bir yersiz çağırışla bağlı kütləvi səfərbər olması məni ciddi narahat edir”
Məlum olduğu kimi, məşhur bloger Hüseyn Həsənov bazar günü Bakıda fanatları ilə görüşüb. Görüşdə izdiham yaşanıb və bu görüntülər sosial şəbəkələrin gündəminə çevrilib. Maraqlıdır ki, Hüseyn Həsənov ölkəmizdə elə də geniş populyarlığa sahib deyil.

Bir sıra müşahidəçilər bildirir ki, Hüseyn görüşündə belə izdihamın yaranmasının əsl səbəbi heç də onun populyarlığına bağlı olan məsələ deyil. İş burasındadır ki, o, görüşdən əvvəl pulsuz mobil telefonlar paylayacağına söz verib. Pandemiya qanunlarının gündəmdə olduğu bir vaxtda qapalı məkana insanların kütləvi şəkildə buraxılması isə tam başqa bir mövzunun söhbətidir.

Hüseyn 5 iyun 1987-ci ildə Sankt-Peterburqda azərbaycanlı əsilli iş adamının ailəsində anadan olub. Valideynləri restoran biznesi ilə məşğuldurlar.

Hüseyni hazırda instagramda 21 milyondan çox insan izləyir. Rusiyanın ən məşhur simalarından olan Hüseyn Çeçenistan prezidenti Ramzan Kadırov ilə də dostdur. Hətta Kadırov bir müddət öncə Hüseyni evləndirmək istədiyini də demişdi.

Media eksperti, əməkdar jurnalist Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu adda blogeri indiyə kimi tanımayıb: “Sosial medianı cənginə almış həmin fırtına ilə bağlı da məlumatlıyam. Bununla bağlı ilk reaksiyanı sizin qəzetə verirəm. Bəlli olur ki, həmin adam Hüseyn Həsənov yox, Quseyn Qasanov kimi tanınır. Azərbaycan gənclərinin belə bir yersiz çağırışla bağlı kütləvi səfərbər olması məni ciddi narahat edir. Azərbaycandakı ciddi kəsimin tanımadığı, üstəlik də ölkəmizə heç bir faydası dəyməyən adama görə belə bir ajiotajın yaradılması təşkil edilmiş məsələdən xəbər verir. Mən əmin deyiləm ki, həmin adam bu qədər populyarlığa layiqdir. Görünür, kimlərəsə belə bir şou lazım olub. Belə addımların qarşısı mütləq alınmalıdır. Xüsusilə də pandemiya şəraitində qapalı məkanda bu qədər insanın bir araya gəlməsi və heç kimin də tibbi maskadan istifadə etməməsi araşdırılmalıdır. Niyə həmin qapalı məkanın sahibləri həmin şəraiti yaradıblar? Azərbaycan cəmiyyətinə bəlli olmayan bir adamın yaratdığı ajiotaj dərindən araşdırılmalıdır. Əslində Quseyn Qasanov adlı bu adamın bizə dəxli yoxdur. Azərbaycan gəncləri özlərini belə adamdan ötrü fəda etməməlidir. Hüseynin hansısa ciddi işləri varsa, onlarla tanış olmaq istərdik. Lakin edilən paylaşımlarda biz bunu görmürük. Mənim həmin gənclərə həqiqətən yazığım gəldi. Onlar kiminsə fanatı olmaq isyəyirlərsə, 44 günlük müharibədə belə nümunələrimiz çox oldu. Həmin qəhrəmanlarımız canlarını Vətən yolunda fəda ediblər. Bəs Quseyn Qasanov müharibə vaxtı nə edib? Azərbaycan gənclərini heç kim yanlış istiqamətə sürükləməməlidir”.

Məhəmmədəli QƏRİBLİ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.