“Onun kimi satqınlar və vətən xainləri...” – Kadırov Puqaçovanı Dudayevə görə təhqir etdi
Bu gün, 16:16

Əfsanəvi Rusiya müğənnisi Alla Puqaçovanın son müsahibəsində Çeçenistanın birinci Prezidenti Cövhər Dudayev haqqında dediyi xoş sözlər hazırkı Çeçenistan başçısı Ramzan Kadırovu hiddətləndirib.
“AzPolitika” xəbər verir ki, Puqaçovanı “vətənə xəyanətdə” ittiham edən Kadırov onun Cövhər Dudayev barədə dediklərinin doğru olmadığını, guya məhz Dudayevin Çeçenistana müharibə və iqtisadi böhran gətirdiyini iddia edib.
“Bircə o çatmırdı ki, Puqaçova kimi xalq düşmənləri və satqınlar çeçen xalqının ən ağır dövrü barədə şüursuz mövqelərini bölüşsünlər” deyən Kadırov müğənnini təhqir edib: "Dudayevin necə olduğunu və hansı xeyir verdiyini ilk növbədə çeçenlərin özlərindən soruşmalıyıq. Onun generallıq ambisiyaları, ədası və çeçen xalqının real problemlərinə etinasızlığı banditizmin kəskin artmasına və tam maliyyə tənəzzülünə səbəb oldu. Ölkədə böhran yaşanırdı, respublikada isə daha da pis idi. Dudayev isə raketlərlə, tanklarla öyünürdü. Puqaçovaya bənzər Berezovski kimi satqınlar bu müharibəyə başladılar, ondan milyardlar qazandılar, sonra da xaricə qaçdılar. Müharibə yüz minlərlə insan həyatını apardı, çoxlarını şikəst etdi.
Odur ki, mövzudan qətiyyən anlayışı olmayan bir artist bu boş söhbəti daha yaxşı olar ki özündə saxlasın, bütöv bir xalqı qıcıqlandırmasın”.
Xatırladaq ki, Cövhər Dudayev Kadırovdan fərqli olaraq, Kremlin tərəfində qonşu dövlətə qarşı işğalçılıq müharibəsinə qatılmayıb, öz vətəni və onun azadlığı uğrunda qəhrəmancasına döyüşüb və həlak olub.