"Süni qida şirkətlərini konfranslarda önə çəkməkdə məqsəd nədir?" – Səhiyyə Nazirliyi tənqid edildi

22-04-2022, 11:27           
"Süni qida şirkətlərini konfranslarda önə çəkməkdə məqsəd nədir?" – Səhiyyə Nazirliyi tənqid edildi
Tanınmış həkim Aytən İsmayılzadə Səhiyyə Nazirliyini tənqid edib.

Pravda.az-ın xəbərinə görə, o süni qidalarla bağlı sözügedən nazirliyin apardığı təbliğata diqqət çəkib.

"Bu qədərmi öz millətinin körpəsinin süd haqqına sahib çıxılmaz? Onu çirkli pulların ayağınamı atarlar? Bu qədərmi körpələrin süd haqqının qeyrətini çəkməzlər? Ay bizim Səhiyyə Nazirliyi, bu qədərmi kasıblamısız, bu qədərmi dövlət büdcəsindən pul ayrılmır ki, nəinki öz adınız, hətta Ulu öndər Heydər Əliyevin 99 illiyinə həsr olunmuş konfransa belə süni qida şirkətini sponsor edirsiz? Özü də Beynelxalq neonatoloji konfrans... Yəni ay pediatrlar, bu süni qidanı daha çox təyin edin demək istəyirsiz? Ya da bu süni qida şirkətinə artıq heç kim heç nə deyə bilməz. Səhiyyə Nazirliyi ilə adı qoşa çəkilir. Hələ Naxçıvan Muxtar Respublikasının da Səhiyyə Nazirliyi burdadır. Bu qədər var güclə süni qida şirkətlərini konfranslarda önə çəkməkdə məqsəd nədir? Onlar daha çox pul verir, əlbəttə. Bəs bu verilən pulların əvəzini kim ödəyəcək. Yazıq körpələr" - pediatr qeyd edib.

A.İsmayılzadə Səhiyyə Nazirliyinə müraciət edərək bildirib ki, konfrans keçirməyə pul yox idisə, deyərdiz elan verərdik, camaat toplayardı, bizim insanlar mərddir, sizə konfrans keçirməyə mütləq lazım olan vəsait toplanardı: "Amma sizin əlavə öz şəxsi xərclərinizə yox. Öz böyük şəxsi xərcləriniz üçün uşaqlar üzərindən ticarət etməyiniz lazımdır, əlbəttə süni qida şirkəti bu işdə sizə böyük kömək edə bilər. Bunun da bir islah olunacaq yolu varmı? Yoxsa belə davam edəcəyik və artıq anasını əmən uşaqları barmaqla sayacağıq? Azərbaycanda pediatr olaraq bu mənzərələri gördükcə, özü ilə sözü düz gəlməyən bu işləri izlədikcə artıq ürəyim bulanır, xəcalət çəkirəm. Bu ikiüzlü, çoxüzlü işlərin içində bir həkim, hələ bir pediatr olmaqdan çox utanıram".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.