Dünya yağ axtarır: Bakıda isə yağ var, pul yox - REPORTAJ

26-04-2022, 16:17           
Dünya yağ axtarır:
Rusiya və Ukrayna arasında davam edən müharibə dünya ölkələrinə təsirsiz ötüşmür.

Müasir dünyada ölkələrin və dövlətlərin biri-biri ilə siyasi, iqtisadi, mədəni əlaqələri var. Bu səbəbdən iki ölkə arasında yaşanan müharibə və onun gətirdiyi narahatlıqlar həmin ölkələrlə bu cür əlaqələri olan ölkələrə mənfi təsir edir. Hər iki ölkə dünyada ən böyük buğda və yağ istehsalçısı olduğu üçün bəzi ölkələrdə bu ölkələrdən idxal olunan yağ qıtlığı yaranıb. Belə ki, Böyük Britaniya supermarketlərində bitki yağı satışı məhdudlaşdırlıb. Bundan sonra ölkə sakinləri adambaşı iki və ya üç şüşədən çox bitki yağı ala bilməyəcəklər.

“Bloomberg”-in məlumatına görə, bu, məhsulların çoxunun idxal olunduğu Ukraynadan tədarükün kəsilməsi ilə bağlıdır. Tezliklə tələblərin bəzi mağazalardakı zeytun və digər yağlara da təsir edəcəyi bildirilir.

Qeyd edək ki, Rusiya da avqustun 31-nə kimi Avrasiya İqtisadi Birliyi ölkələrinə Rusiyadan taxıl və şəkər ixracına qadağanın ardınca günəbaxan yağı və tumunun ixracına qadağa qoyulması haqqında qərar qəbul edib.

Məlumat üçün bildirək ki, Azərbaycan ötən il 53 min 362 ton günəbaxan yağı idxal edib. Bunun 98 faizi Rusiyanın payına düşüb. Bununla yanaşı, ölkəmiz qarğıdalı yağını da idxal edir. Ötən il 12 ölkədən toplam olaraq 20 min 526 ton qarğıdalı yağı alıb.

Bütün bunlar ölkəmizə necətəsir edib? Hazırda mağazalarda Ukrayna və Rusiyadan gətirilən yağların satışında və qiymətində dəyişiklik varmı?

Yerli məhsul daha çox bahalaşır

Teref xəbər verir ki, cebhe.info-nun əməkdaşı vəziyyəti öyrənmək üçün paytaxtda bir neçə mağazaya baş çəkib. Dünyada son qiymət artımları bitki yağları, dənli bitkilər və ət məhsulları indeksləri üçün FAO tarixində (1990-cı ildən bu yana) ən yüksək səviyyədədir. Bununla yanaşı, ölkəmizdə də ilin əvvəlindən ərzaq məhsulları içərisində ən çox bahalaşan duru yağlardır. Odur ki, ilk girdiyiniz “Grand” marketdə satıcı duru yağların qiymətinin tez-tez bahalaşdığını dedi. Bu isə alıcı sayını getdikcə azaldır. Bundan başqa, marketdə yalnız bir çeşiddə Ukrayna istehsalı bitki yağının olduğunu gördük. Satıcı Ukraynadan ölkəyə gələn yağların azaldığını bilməsə də, marketin ehtiyacı olduğu qədər yağın sifariş verildiyini və hələ sifarişdən az miqdarda gətirlidiyinin şahidi olmadığı vurğuladı. Bundan başqa, satıcı xanım ölkəmizdə istehsal olunan bitki yağlarının Rusiya və Ukraynadan idxal olunan bitki yağlarına nisbətən daha sürətlə və çox bahalaşdığını da qeyd etdi.

“Ukrayna yağı yoxdur, olmayıb...”

Buradakı vəziyyətlə tanış olduqdan sonra “Araz” supermarketlər mağazasının bir filialında olduq. Həmin marketdə az sayda Rusiya istehsalı olan yağa rast gəlsək də, Ukrayna məhsulu yox idi. Satıcı işlədiyi müddətdə mağazada Ukrayna istehsalı bitki yağlarının olmadığını dedi. Yəni satıcının sözlərinə inansaq, həmin mağzada müharibədən öncə də Ukraynadan idxal olunan bitki yağları alıcılara təqdim olunmayıb. Piştaxtada əsasən yerli istehsal idi.

Rusiya yağı var, amma...

“Al market”də də vəziyyət digərlərindən fərqlənmirdi, yəni Ukrayna istehsalı yağ yox, Rusiyadan gətirilən yağlar isə az idi. Satıcı yerli yağların daha baha olduğunu bildirdi. Olduğumuz digər mağazalarda da vəziyyət eyni idi. Özümüz də ölkəmizin istehalı olan yağların digərləri ilə müqayisədə daha baha qiymətə satıldığını gördük.
Onu da qeyd edək ki, bu ilin ilk iki ayında Azərbaycan xaricdən 11,12 milyon ABŞ dolları dəyərində 8 030 ton günəbaxan yağı alıb. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16,4%, kəmiyyət olaraq - 28,6% azdır. Bu il yerli istehsalda da azalma müşahidə edilib. Belə ki, bu ilin yanvar-mart ayları ərzində ölkədə 12 min 979,6 ton duru bitki yağları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1% azdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.