Paşinyan Arayiklə niyə gizli görüşüb?

4-06-2022, 10:30           
Paşinyan Arayiklə niyə gizli görüşüb?
Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır. Müxalifət artıq 1 aydan çoxdur ki, vətəndaş itaətsizliyi aksiyaları keçirir. Hətta iş o yerə çatıb ki, Azərbaycanda yaşayan ermənilər mayın 28-də Xankəndidə də İrəvan rəhbərliyinə qarşı mitinq təşkil ediblər. Belə bir siyasi gərginlik fonunda baş nazir Nikol Paşinyan separatçıların rəhbəri Arayik Arutyunyanı qəbul edib. Hazırda "Qarabağ ermənilərinin təmsilçisi" adıyla ortalıqda vurnuxan separatçı rejimin rəhbərinin İrəvana planlaşdırılmamış səfəri bir sıra suallar doğurur. Yerli media yazır ki, Arayik Ermənistanda diqqəti özünə cəlb etməmək üçün hətta hökumət binasına gizli daxil olub. İyunun 2-də hökumətin iclasından sonra jurnalistlər foyedə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla müsahibə alarkan, Nikol Paşinyan binada peyda olan Arayiklə görüşmək üçün onların gözünə görünmədən aşağı düşüb.

Erməni mediası və ümumilikdə siyasətçilər bu hadisəyə reaksiya verərəkən Nikol Paşinyanla Arayik Arutyunyan arasında münasibətlərin yaxşı olmamasına diqqət çəkiblər. Ermənistan baş nazirinin bu yaxınlarda Qarabağla bağlı verdiyi məlum açıqlamadan sonra bu münasibətlər daha da gərginləşib. Paşinyanın “nəzəri olaraq Qarabağı Azərbaycanın bir hissəsi kimi təsəvvür etmək mümkündür” sözlərinə Qarabağ erməniləri buna sərt reaksiya vermişdilər.

Xatırladaq ki, Ermənistan rəhbərinin Brüssel səfərindən sonra mətbuat yazmışdı ki, Paşinyan Arayikin könlünü almaq üçün onunla telefonla danışıb. Danışığın məqsədi isə Şarl Mişelin Qarabağ bəyanatı olub. Aİ Şurasının rəhbəri “Qarabağda yaşayan etnik ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı” bəyanatında bir dəfə də olsun qondarma rejimin gələcək taleyi, hansısa status barədə cümlə işlətməmişdi. İrəvanda gündəmə çevrilən bu məsələyə reaksiya verən yerli media yazır ki, Paşinyan hələ o vaxtı telefon danışığında Arutyunyanı Şarl Mişelin fikirlərinin yanlış anlaşıldığını inandırmağa çalışıb.

Arayikin məhz baş nazirin Moskvaya son iki səfərindən, Brüsseldə Şarl Mişellə görüşündən sonra Paşinyanın qapısını gizli şəkildə döyməsi isə doğrudan da diqqət çəkən məqam oldu. Hərçənd erməni mediasının yazmasına görə, hökumət dairələri separatçıların rəhbərin son səfərini fərqli yöndə qiymətləndiriblər. İddia edilir ki, görüşdə Qarabağ məsələsinə dair danışıqlar müzakirə edilməyib. Gizli görüşün reallaşmasına səbəb Qarabağ ermənilərinin də aktivləşərək İrəvan əleyhinə aksiyalara başlamasıdır. Paşinyan müxalifətin Xankəndidə də mitinqlər təşkil etməsini sadəcə həzm edə bilmir.

Görünən odur ki, Arayik İrəvana gizli şəkildə boşuna getməyibmiş. O Ermənistana ya İkinci Qarabağ müharibəsindən sonra münasibəti soyuduğu Paşinyandan sülh prosesləri ilə bağlı yeni təlimat almaq üçün gəlibmiş, ya da yerli medianın iddia etdiyi kimi müxalifətin Qarabağa da fitnə-fəsad salmağa çalışmasına dair hesabat verirmiş.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.