"Qayınana" filmində sadəlövh Əli, "Arşın mal alan"da zarafatcıl nökər - Məşhur aktyor necə vəfat etdi? VİDEO
Bu gün, 16:34
"Retro Baku"nun yeni buraxılışı Azərbaycan kinosunun unudulmaz aktyoru Tələt Rəhmanova həsr olunub.
Gənc yaşlarından "Azərbaycanfilm" kinostudiyasında sənətə könül verən Tələt Rəhmanovun yaratdığı obrazlar bu gün də böyük rəğbətlə xatırlanır:
"Qayınana" filmində sadəlövh Əli, "Sehirli xalat"da qayğıkeş milis, "Arşın mal alan"da zarafatcıl nökər Vəli, "Uzaq sahillərdə" də kolxoz sədri Bayandur. Qızı Gülnarə aktrisa olmaq istəyəndə Tələt Rəhmanov buna sərt şəkildə qarşı çıxaraq fotolarını cırıb, ona sənətin nə qədər ağır və məsuliyyətli bir yol olduğunu izah edib. 13 noyabr 1995-ci ildə şəkərli diabet xəstəliyindən vəfat edən aktyorun son anları ailəsinin yaddaşında dərin iz buraxıb.
Nəvəsi Kəmalə Qasımova babasının vəfat etdiyi günü belə xatırlayır:
"Ölümdən çox qorxurdu. Allah elə gətirdi ki, o, nə xəstəxanaya düşdü, nə də yataq xəstəsi oldu. Dəniz qırağından çəkilişdən gəlmişdi. Dedi ki, çay istəyirəm. Birdən qışqırdı. Qışqıranda biz elə bildik ki, zarafat edir. O qədər zarafatcıl idi ki, həmin an ona inanmadıq. Təcil yardım çağırdıq, onlar gəlib çıxana kimi artıq gec idi".