Ərdoğanla Putin arasında telefon danışığı baş tutub – ABŞ-dən və Avropadan açıqlamalar
Bu gün, 10:22

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Danışıq zamanı tərəflər Ukrayna ilə bağlı sülh təşəbbüslərini müzakirə ediblər. Ərdoğan, Ankaranın danışıqlar üçün yenidən platforma təqdim etməyə hazır olduğunu təsdiqləyib və bildirib ki, “sülhə nail olmaq üçün imkan pəncərəsi açılıb”.
O, həmçinin qeyd edib ki, “hərtərəfli atəşkəs danışıqlar üçün şərait yarada bilər”. Ərdoğan bəyan edib: “Müharibənin dayandırılması istiqamətində tarixi dönüş nöqtəsinə çatmışıq və bundan istifadə etmək lazımdır. Türkiyə, sülhün təmin olunması üçün – o cümlədən danışıqların təşkili də daxil olmaqla – istənilən töhfəni verməyə hazırdır.”
O, həmçinin Türkiyə ilə Fransa arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb – bu əməkdaşlıq həm Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının başlaması, həm də Ukraynanın bərpası baxımından önəmlidir.
Xatırladaq ki, Putin jurnalistlərlə keçirdiyi gecəyarısı görüşündə 15 maydan etibarən İstanbulda Ukrayna ilə birbaşa danışıqların bərpasını təklif edib. Rusiya Xarici İşlər Nazirliyi isə açıqlamasında Ərdoğanın Putinin təşəbbüsünü tam dəstəklədiyini bildirib. Lakin nazirliyin bəyanatında atəşkəs məsələsinə toxunulmayıb.
Putinlə danışıqdan əvvəl Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla da telefon əlaqəsi saxlayıb. Qeyd edək ki, Makron dünən “istəklər koalisiyası”nın digər nümayəndələri ilə birlikdə Kiyevdə səfərdə olub.
Putinin danışıqlarla bağlı açıqlaması Kiyevin 12 maydan etibarən 30 günlük atəşkəsə hazır olduğunu bəyan etməsindən dərhal sonra səsləndirilib. Ukraynanın bu təklifi ABŞ və Avropadakı müttəfiqləri tərəfindən də dəstəklənib.
Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiyanın atəşkəsi qəbul edəcəyi təqdirdə danışıqlara başlamağa hazır olduqlarını bildirib. Bu bəyanat Fransa, Polşa, Böyük Britaniya və Almaniya liderlərinin Kiyevə səfərindən sonra səsləndirilib.
ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bazar günü verdiyi açıqlamada danışıqların yalnız atəşkəsdən sonra başlaya biləcəyini bildirib və Putinin təklifinə qarşı çıxıb:
“Prezident Trampın dəfələrlə dediyi kimi, qətllər dayandırılmalıdır! Əvvəlcə şərtsiz 30 günlük atəşkəs olmalı, bu müddətdə isə hərtərəfli sülh danışıqları başlamalıdır. Başqa yol yoxdur.” – deyə Kelloq “X” sosial şəbəkəsində yazıb.
Almaniya, Fransa və Polşa da Rusiyadan danışıqlardan öncə atəşkəs tələb edir
Almaniya kansleri Fridrix Merz “X” sosial şəbəkəsində yazıb: “Dünən Kiyevdə biz və tərəfdaşlarımız danışıqlara yer yaratmaq üçün 30 günlük atəşkəsə çağırdıq. Ukrayna heç bir ‘əgər’ və ya ‘amma’ olmadan razılaşdı. İndi Rusiya tərəfi danışıqlara hazır olduğunu bildirir – bu, yaxşı ilk addımdır. Həqiqi dialoq başlamazdan əvvəl silahlar susmayana qədər danışıqlar başlaya bilməz.”
Fransa prezidenti Emmanuel Makron da Ukraynanın heç bir şərt irəli sürmədən 30 günlük atəşkəs təklifini qəbul etdiyini vurğulayıb: “İndi biz Rusiyadan da eyni dərəcədə aydın cavab gözləyirik. Silahların atıldığı bir vaxtda heç bir danışıqlardan söhbət gedə bilməz. Mülki əhali eyni vaxtda bombalanırsa, dialoqdan söhbət gedə bilməz.”
Polşanın Baş naziri Donald Tusk “X”də yazıb: “Ruslar bizim çağırışımıza cavab olaraq 15 mayda sülh danışıqlarına başlamağı təklif etdilər. Bununla belə, dünya dərhal və qeyd-şərtsiz atəşkəslə bağlı birmənalı qərar gözləyir. Ukrayna hazırdır. Artıq qurbanlar olmamalıdır!” /azpolitika.info