“Tərtər işi”ndə həbs olunan şəxs Yazıçılar Birliyinin üzvüdür? - RƏSMİ AÇIQLAMA
6-09-2022, 12:02

“Tərtər işi” uzun müddətdir ictimaiyyətin gündəmindədir.
Hazırda hüquq-mühafizə orqanları 2017-ci ildə Ermənistanın xeyrinə casusluqda ittiham olunan hərbçilərə işgəncə verilməsilə bağlı "Tərtər işi"nin istintaqını davam etdirir. “Tərtər işi”ndə günahkar bilinən bir neçə şəxs həbs olunub. Həmin şəxslər arasında Rahib Məmmədov adlı şəxs də var. Həbs olunana qədər ədliyyə mayoru rütbəsində hərbi hüquqşünas kimi xidmət edən Rahib Məmmədov həmçinin Rahib Bəşər imzası ilə tanınan yazıçı-şairdir. Sosial şəbəkə istifadəçiləri Rahib Məmmədovun 8 kitab müəllifi, “Qızıl qələm”, “Azərbaycan Bayrağı” mükafatına layiq görüldüyünü və Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğunu yazıblar.
Onun “Sevgi dünyam”, “Həyat eşqi”, “Zirvəyə doğru” adlı kitabları nəşr olunub, bir neçə romanın müəllifidir. Rahib Məmmədov “Tərtər işi” ilə bağlı həbs olunub. O, Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Cebhe.info-ya açıqlamasında bildirib ki, qurumun bu adda üzvü olmayıb:
“Biz dəqiqləşdirmişik, bizim elə üzvümüz yoxdur. Yəni əvvəl də olmayıb, sonra da olmayıb”.