"İMAM MEHDİ"nin MƏHKƏMƏDƏ ŞOK İFADƏSİ - "Deyir, arvadımı ona vermişəm..."(Yenilənib)

7-09-2022, 11:48           
"İMAM MEHDİ"nin MƏHKƏMƏDƏ ŞOK İFADƏSİ -
Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək qırx nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş, "Şaurma N1" restoranlar şəbəkəsinin şəriklərindən olan Natiq Sadıxovun epizodu üzrə Aqil Babayev ifadə verib.

İttihamda göstərilir ki, Natiq Sadıxov Aqil Babayevə zəkat adı ilə 173 min manat, şəhid ailələri üçün evlər tikilməsi üçün isə 370 min manat verib.

Aqil Babayev qeyd edib ki, Natiq Sadıxovun onun barəsində dedikləri qərəzlidir: "İşin mahiyyətindən kənara çıxır, əsas işlər kənarda qalır. Burada şəxsi işləri müzakirə edirlər. Bu, onlar tərəfindən əvvəlcədən planlaşdırılıb. Bu hərəkətləri məni təəccübləndirir. Qərəzli mövqe nümayiş etdirirlər. Onların dedikləri qeyri-səmimidir".

Aqil Babayev deyib ki, Natiq Sadıxov Nisə Talıblı ilə ailə qurub, amma ailə qurduğu, birgə yaşadığı qadına hörmət eləmir: "Onun haqqında xoşagəlməz fikirlər səsləndirir. Belə danışmaqla özünə belə hörmət etmir. Nisə Talıblı onun nikahlı arvadı olub. Burada deyir ki, guya mənimlə yaşayıb".

Təqsirləndirilən şəxs bildirib ki, Natiq Sadıxlının məhkəmədə danışdıqları cəfəngiyatdır: "Mən onları niyə təbrik etmişəm? Nə demişəm? Nə istəmişəm? Bu barədə dəlil-sübut ortaya qoymur. Heç kim də bu barədə dəlil-sübut göstərə bilməz. Natiq Sadıxovla bizim ancaq dostluq münasibətimiz olub. Bu da son hadisələrə qədər davam edib".

Aqil Babayevin sözlərinə görə, Buzovnadakı bağ evinə iş üzrə zərərçəkmişlər Anar və Aslan basqın ediblər: "Məni mühasirəyə aldılar, hərəkət etməyimə imkan vermədilər. Sonra Aslan şəhərdəki evimə getdi, evimdən pul və qızılları götürdü. Bağ evində olanlara zəng vurdu, hər şeyin qaydasında olduğunu bildirdi. Bundan sonra məni təhdid etdilər ki, heç yerə şikayət etməyim. Şikayət etsəm, mənim üçün yaxşı olmayacaq. Guya onların hər yerdə adamları var. Bu təhdidlərlə mənim malımı, pulumu aldılar. Bu işlərin başında Natiq Sadıxov dayanıb.

Natiq Sadıxov mən həbs olunandan sonra qohumum Vüqar Tağıyevlə görüşüb. Ona deyib ki, istintaq təcridxanasında sakit dayansın, oradan sağ çığsa, buna şükür eləsin".

Aqil Babayev qeyd edib ki, Natiq Sadıxovun onunla bağlı dini baxımdan dedikləri ağ yalandır: "Mən heç kimə özümü "12-ci İmam" kimi təqdim etməmişəm. O, hədislərlə bağlı deyilənləri düzgün qəbul etməyib. Buna görə də burada yalan danışır".

Aqil Babayev bildirib ki, heç kimdən zəkat pulu yığılmayıb, Natiq Sadıxovla biznes şərikliyi olub: "Natiq Sadıxov mənim də bizneslə bağlı haqqımı çatdırıb. Şəhid ailələrinə evlərin tikintisinin aparılması üçün heç kimdən pul almamışam. Bununla bağlı heç kimlə, o cümlədən Natiq Sadıxovla müzakirələrinin olmayıb".

Təqsirləndirilən şəxs qeyd edib ki, Natiq Sadıxovun ona 540 min manat borcu olub: "Amma burada əksini danışır. Deyir, guya ondan bu qədər pul almışam. Bir fakt da göstərmir. Natiq Sadıxovun Xocəsən qəsəbəsində mənə ev tikdiyi barədə dedikləri də yalandır. Guya məni dindar kimi qəbul edir, deyir ki, Xocəsəndə ev tikib, amma mən bəyənməmişəm. Necə olur ki, Natiq şəhərdə yaşayır, məni özünə böyük kimi qəbul edir, mənə şəhərdə də yox, ucqar yerdə ev tikir? Bunun özü belə ağ yalandır".

Prokurorun suallarını cavablandıran Aqil Babayev deyib ki, zəkat pulunu zərərçəkmişlər özləri öz aralarında yığıblar:"Mənim tərəfimdən pul yığılmayıb. Yığılan pullar ehtiyacı olan şəxslərə siyahı əsasında xərclənib. Elə adam vardı, ayda 2-3 min, elə adam da vardı, ayda 5 min manat zəkat pulu verirdi. Həmin pulları mənim qonşum Samir Cəfərov yığıb. Siyahı da onda olub.

Samirdən qabaq isə zəkat pullarını Polad Mustafayev yığırdı. Onların hamısı biri-birilərini tanıyıb. Kimin nə problemi var idi, onu da bilirdilər. Biri-birlərinə yardım edirdilər. Zəkat pullarının xərclənməsi ilə bağlı mənə də hesabat verirdilər. Bunu öz aramızda belə qəbul etmişdik. Onlar məni etibarlı şəxs kimi tanıyırdılar. Mən də siyahı üzrə xərclənən pulların hesabatına baxırdım, sonra onların özlərinə qaytarırdım".

Aqil Babayev deyib ki, 1993-97-ci illərdə Daxili İşlər Nazirliyində işləyib, sonradan bizneslə məşğul olub: "Biznesdə mənə dayım Oqtay Həsənov kömək edib. Onun 5 qızı var, oğlu yoxdur. Məni oğulluğa götürmüşdü. Mənə xırda evlər tikib satmaq üçün 100-150 min pul vermişdi. Bu pullarla da Keşlə qəsəbəsində evlər tikib satmışam. Dəqiq nə qədər ev tikdiyim yadımda qalmayıb. Sonradan Bakının müxtəlif yerlərində də tikinti biznesi ilə məşğul olmuşam".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Natiq Sadıxova "İbadulla" ləqəbi o verilib: "Natiq Sadıxova müxtəlif mövzularda söhbətimiz olub. Buna görə də ona bu ləqəbi verdim. Bu ləqəbin mənası Allaha ibadət edən deməkdir".

Növbəti proses sentyabrın 13-də davam edəcək.

İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.

O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.

Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Qeyd edək ki, onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. (Teleqraf.com)

***

Özünü 12-ci imam kimi təqdim edib 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ötən prosesdə ifadə verən zərərçəkmişin ifadəsinə münasibət bildirib.

O, “ŞaurmaN1”in şəriki olmuş Natiq Sadıqova qarşı 500 min manatlıq dələduzluq edilməsinin yalan olduğunu deyib: "Onun dedikləri hamısı uydurmadır. O, nə yoldaşlığa, nə də duz-çörəyə hörmət qoymadı. Savadlı adamdır, sübutu varsa buyursun".

A.Babayev zərərçəkmiş şəxslərin hamısının başında Natiq Sadıqovun durduğunu deyib. O, zərərçəkmiş kimi tanınmış Aslan və Anar adlı şəxslərin onun evinə hücum etdiyini də vurğulayıb: "Bağ evimdə üstümə hücum edərək hədə-qorxu gəldilər. O, ötən prosesdə deyib ki, mənə bahalı avtomobil alıb. Bu, nə gülünc ifadədir? Kim kimə ev, ya maşın alıb?”

Təqsirləndirilən şəxs şəhid ailələri üçün ev tikilməsi ilə bağlı deyilənləri isə tamamilə təkzib edib.

Prokurorun təhsili və iş fəaliyyəti ilə bağlı sualına cavab verən A.Babayev 1994-cü ildən daxili işlər orqanlarında işlədiyini, sonralar isə dayısı Oqtay Həsənoun maddi dəstəyi ilə tikinti biznesi ilə məşğul olduğunu bildirib. O, 2006-cı ildən sonra isə Natiq Sadıqovun təklifi ilə "Şaurma 1"də şərik olduğunu deyib.

Qeyd edək ki, A.Babayev zərərçəkmişlərə ümumilikdə 2 milyon 500 min manat miqdarında ziyan vurub.

İttihama görə, A.Babayev inanclı insanlar arasında özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi təqdim edib. O, təşkil etdiyi dini məclislərdə guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan A.Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb.

Hətta A.Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb. O, topladığı vəsaitlər hesabına xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. A.Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

A.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

O, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.