"Xəstələr müalicə üçün həkimin ovucuna pul basmalı olur..." - Avropa səhiyyəsi niyə "xəstələnib?"

8-09-2022, 08:44           
"Xəstələr müalicə üçün həkimin ovucuna pul basmalı olur..." -
"Avropada səhiyyə xidməti xəstədir. Belə ki, Britaniyada hazırda 6.5 milyon nəfər müalicə növbəsini gözləyir. Bu, 2019-cu ildəkindən 50 faizdən də çoxdur".

Bu barədə “The Economist” dərgisində dərc olunmuş araşdırmada bildirilir.

"İspaniyada xəstələr əməliyyat üçün ortalama 123 gün gözləyirlər ki, bu son 18 ildə ən yüksək göstərici sayılır", - məqalədə qeyd olunur.

Dərgi bu duruma görə əsas günahın koronavirus pandemiyasında olduğunu qeyd edir. Pandemiya səbəbindən vacib müalicə sistemlərinə çıxış pozulub, xidmətlərdə gərginlik yaranıb.

“Ancaq pandemiyadan öncə də Avropanın tibb xidmətində problem vardı. Qitə boyunca növbə siyahıları böyüyürdü”, – araşdırmada bildirilir.

London İmperial Kolleci araşdırmaçılarının sentyabrın 6-da yaydığı tədqiqata görə, xəstələr müalicə olunmaqdan ötrü həkimlərin ovcuna pul basmalı olurlar.

Araşdırma Avropa İttifaqının (Aİ) sorğu təşkilatı “Eurobarometer”in 2013, 2017 və 2019-cu illərdə apardığı sorğulara əsaslanır. Hər bir sorğu zamanı Aİ-nin 28 üzvündə (onda Britaniya blokdan çıxmamışdı) 27 mindən çox adamdan soruşublar ki, son bir ildə onların müalicəni təmin etməkdən ötrü qeyri-rəsmi ödəniş, yaxud dəyərli hədiyyə verməli olublarmı. Ən son sorğuda avropalıların 4 faizə yaxını belə qeyri-rəsmi ödəniş etdiyini deyib. Bu isə 2013-cü ildən bəri 14 faizə yaxın artım deməkdir.

“The Economist” Şərqi Avropada rüşvət göstəricilərinin daha yüksək olduğunu bildirir: əhalinin 5.5 faizi 2019-cu ildə qeyri-rəsmi pul verməli olub. Məqalədə vəziyyətin getdikcə düzəldiyi qeyd olunur. 2013-cü ildən rüşvət xahişləri 8 faizədək düşüb. Ən böyük azalma isə Litva, Rumıniya və Slovakiyanın payına düşür.

Di gəl, qərbə doğru tendensiya narahatlıq doğurur, dərgi yazır. Qərbi Avropada tibbi xidmət sektorunda rüşvətdə böyük artım baş verib. Almaniyadan başqa bütün ölkələrdə 2013-2019-cu illər arasında artım olduğu bildirilir.

“The Economist” səhiyyədə korrupsiyanın səbəbinin aydın olmadığını yazır. Dərgi rüşvəti səhiyyə sistemlərində zəif idarəçiliyin simptomu sayır, bu zaman həkimlərin xəstəyə adekvat nəzarət edə bilmədiyini yazır. Daha öncəki araşdırmalara görə, belə idarəçilik tibbi və mənəvi risklər yaradır, pasiyentlərdə xroniki xəstəliklər, antibiotiklərə müqavimət yaranır. Pandemiyanın təzyiqi isə ağır vəziyyəti daha da pisləşdirir./ "AzPolitika.info"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.