Minlərlə müəllim imtahandan niyə imtina edib? - “Nazirliyə yaxın olan adamlar...”
9-09-2022, 12:16

“10 000 namizəd müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsində iştirak etməyib”.
Bunu Təhsil İnstitunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu-2022”də deyib. “Qeydiyyatdan keçən müəllimlərin iştirak etməməsi təəssüf doğurur. Biz bunun səbəbini bilmirik, lakin bir neçə illərdir bu hal müşahidə edilir”, -deyə direktor bildirib.
Artıq bir neçə ildir ki, MİQ imtahanı təşkil olunur. Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbul prosesi Elm və Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Belə ki, müsabiqə 4 mərhələdən: elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsindən ibarətdir.
Müəllimlərin işə qəbulu prosesində təşkil olunan test imtahanlarında hər bir namizədə 90 dəqiqə ərzində 40 ixtisas, 20 kurikulum olmaqla, 60 test tapşırığı təqdim olunur. Daha sonra isə test imtahan mərhələsində keçid balını toplamış namizədlərə 8 vakant yeri seçmək imkanı verilir.
Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. Müsahibə mərhələsində isə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq, müvafiq komissiya tərəfindən yoxlanılır. Müsabiqənin son mərhələsi olan müsahibə mərhələsi isə Elm və Təhsil Nazirliyinin elan edəcəyi qrafikə uyğun olaraq onlayn formada həyata keçirilir.
Növbəti MİQ imtahanında minlərlə namizədin test mərhələsində iştirak etməməsinin səbəbi nədir? DİA.AZ-ın məlumatına görə, təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirdi ki, müəllimlərin işə qəbulu prosesi çox ciddidir:
“Burada təkcə iştirakçıların bilikləri yox, həm də bəxtləri lazımdır. Çünki yüksək bal toplamalarına baxmayaraq, onların sonradan işlə təminatında ciddi problem var. Bu gün müəllimlər yüksək bal toplamalarına baxmayaraq, onlara mərkəzi ərazilərdə vakansiya olmur. Ancaq sonradan nazirliyə yaxın olan şəxslər hansısa yollarla gəlib həmin yerlərdə işə qəbul olunurlar. Bunu görən müəllimlər təbii ki, artıq bu prosesdə iştirak etmək istəmirlər. Çünki gənc müəllimlərdir, onlar da istəyir ki, mərkəzdə işləsinlər. Onlara daha çox bölgələr, az saatlar təklif olunur. Ancaq kimlərsə, nazirliyə yaxın olanlar yüksək saatla, mərkəzi ərazilərdə işlə təmin olunurlar. Haqlı olaraq da həmin müəllimlər prosesdən imtina edirlər. Çünki onlar dövlət işində az maaşla çox vaxt itirəcəklər. Ancaq özəl sektorda, fərdi repetitor kimi daha çox qazanmaq imkanına malikdirlər. Ona görə də bu prosesdə birmənalı şəkildə onları haqlı hesab edirik”.
Ekspert hesab edir ki, işə qəbul posesi daha şəffaf olmalıdır:
“Vakansiyalar nazirliyə yaxın şəxslərin qohumları, dostları, tanışlarına verilməməlidir. Yəni ədalətli olmaq lazımdır. Ədalət olmayacağı yerdə təbii ki, insanlar bu prosesdən imtina edəcəklər. 2009-cu ildə təkcə Bakıda MİQ imtahanında 300-dən artıq vakant yer çıxarılmışdı. Artıq indi görürük ki, mərkəzlərdə deyil, ancaq ucqar yerlərdə vakant yer çıxarılır. Sonradan həmin vakant yerlərə kimlərsə gedir. Proses şəffaf olarsa, insanları yenidən birmənalı inandırmaq olar. Bu gün Azərbaycan müəllimi, məzunu MİQ imtahanlarına, onun şəffaflığına inanmır, ona görə də prosesdən kənarda qalmağı daha çox üstün tutur”.