“Past”: Ermənistanın dövlət büdcəsinin “əlavə” gəlirlərini kim təmin edir?
10-09-2022, 11:43

Erməni iqtisadçılar tez-tez qeyd edirlər ki, Ermənistan hökumətinin kapital xərclərini aşağı salması, bəzi hallarda isə heç yerinə yetirilməməsi “ənənə” halını alıb. Ordu.az xəbər verir ki, bu barədə “Past” nəşri yazıb.
Məqalədə deyilir ki, təkcə bu ilin birinci yarısında aşağı göstəricilər təxminən 41 faiz təşkil edib.
“Bizimlə söhbətdə bir sıra sahə mütəxəssisləri dəfələrlə bildirdilər ki, dövlət borcunun durmadan artması sadəcə, ayıbdır. Bu, xüsusən də, necə deyərlər, büdcədə pul olanda və vergi daxilolmalarında çox böyük artım olanda belə olur. Məsələ ondadır ki, yalnız 2022-ci ilin birinci yarısında 1000 vergi ödəyicisinin ödədiyi vergilərin məbləği 722,32 milyard dram olub, bu da 2021-ci ilin eyni dövrün göstəricisindən 137,88 milyard dram və ya təxminən 24 faiz çoxdur.
Bu, özlüyündə əlamətdar rəqəmdir. Sözügedən “əlavə” daxilolmaların yarıdan çoxu əslində Zəngəzur mis-molibden kombinatının “əlavəsi”ndən gəlirdi. Bu qurum ilin birinci yarısında dövlət büdcəsinə 104,78 milyard dram vəsait ödəyib ki, bu da əvvəlki ilin müqayisəli göstəricisindən təxminən 78 milyard dram (təxminən 291 faiz) çoxdur. Qeyd etmək yerinə düşər ki, ötən ilin birinci yarısında Zəngəzur mis-molibden kombinatı “Qazprom Ermənistan”a uduzaraq 1000 vergi ödəyicisi siyahısında ikinci olub”, - deyə məqalədə bildirilir.
Alpər Mövludoğlu