Şovinistlərə Vəli Axundov silləsi

14-05-2016, 10:14           
Şovinistlərə Vəli Axundov silləsi
Dağlıq Qarabağla bağlı «baxımsızlıq» şikayətləri necə zəzəsizləşdirildi?

Cəmil Həsənli

tarixçi alim, Milli Şura sədri

Naxçıvanla yanaşı 60-cı illərin əvvəllərində Vəli Axundovun təşəbbüsü ilə muxtar vilayətə diqqətin artırılması və yerli rəhbərliyin möhkəmləndirilməsi işi Dağlıq Qarabağda da həyata keçirildi. Artıq SSRI Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi də Sovet partiya və hökumət rəhbərliyinə Ermənistan SSR-in Türkiyə ilə yanaşı Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ ərazilərinə iddialar irəli sürdüyünü yazırdı.

başlanğıcı ötən saylarımızda

Məlumatda deyilirdi ki, “1962-ci ildən başlayaraq xarici ermənilərin millətçi dairələri ”erməni məsələsinin ədalətli” həlli, keçmiş erməni ərazilərinin Türkiyədən alınması uğrunda kampaniya aparırlar. Bu kampaniyanın təsiri altında Ermənistan SSR-də vərəqələr yayılır, nəinki Türkiyəyə məxsus ərazilərin qaytarılması, eyni zamanda Azərbaycana daxil olan Dağlıq Qarabağ Muxtar Vilayətinin və Naxçıvan MSSR-in Ermənistana birləşdirilməsi tələb edilir”.

Şahnəzərov niyə əvəzləndi?

Vəli Axundov bu təhlükəni hiss edirdi və Dağlıq Qarabağda sosial-iqtisadi, mədəni xarakterli tədbirlərlə, rəhbərliyin möhkəmləndirilməsi addımları ilə gözlənilən təhlükəni qabaqlamaq istəyirdi. 1962-ci ilin iyun ayının 30-da Dağlıq Qarabağ Muxtar Vilayətində bir sıra tədbirlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan KP MK-nın və respublika Nazirlər Sovetinin 563 saylı qərarı qəbul edildi. Qərarda Stepanakert, Şuşa, Qırmızı Bazar, Hadrut, Martuni və vilayətin digər şəhər, rayon mərkəzləri və qəsəbələrində bir sıra müəssisələrin tikilməsi, sosial-məişət, mədəniyyət obyektlərinin açılması nəzərdə tutulurdu. Rəhbərlik bu qərarla bir sıra şovinist qüvvələrin Dağlıq Qarabağın baxımsızlığı haqqında Moskvaya yazdıqları şikayətləri aradan qaldırmaq, mərkəzə yazılan şikayətlərin qərəzli olduğu nümayiş etdirmək istəyirdi. Bu qərardan az sonra, əhali arasında nüfuzunu itirdiyi və işin öhdəsindən gələ bilmədiyi üçün 1962-ci ilin noyabrında Axundovun təşəbbüsü ilə Dağlıq Qarabağ vilayət partiya komitəsinin birinci katibi Nikolay Şahnəzərov da vəzifəsindən uzaqlaşdırıldı. Azərbaycan KP MK Bürosunun qərarı ilə son bir ildə vilayət komitəsində ikinci katib işləyən Qurgen Melkumyan onun yerinə təsdiq edildi. Axundov niyə 1958-ci ildən vilayətə başçılıq edən Şahnəzərovu dəyşməli oldu? Vilayət partiya komtəsinin rəhbəri kimi Şahnəzərov Stepanakertdə keçirilən bir toplantıda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbinin yanlış olduğunu ermənilərə rus dilində izah edəndə bir erməni ona atmaca atmışdı ki, “xalqla ermənicə danış, sənin babaların Məlik-Şahnəzərovlar bütün məlikliyi iranlılara satdı, sən isə bütün Qarabağı satırsan”. Vilayət partiya komitəsinin katibi əsəblərini cilovlaya bilməyib ona “rədd ol buradan” deyə qışqıranda həmin şəxs zalı tərk etmişdi və toplantı iştirakçıları da onun ardınca zaldan çıxmışdılar. DTK-nın yerli şöbəsinin rəisi Abramovun Bakıya göndərdiyi bu məlumatdan aydın olmuşdu ki, rəhbər partiya işçisi kimi Şahnəzərovun əhali arasında nüfuzu yoxdur. Digər tərəfdən, Azərbaycan DTK-nın sədri Kardaşovun ermənistanlı həmkarlarından aldığı məlumata görə, Yerevanın nəzarətində olan millətçi ermənilərin terrorla təhdid etdiyi Şahnəzərov pozuculuqla məşğul olan şəxslərə qarşı prinsipial mövqe nümayiş etdirməmişdi. 1962-ci ilin may ayının 10-da Dağlıq Qarabağ vilayət komitəsinin birinci katibinin adına gələn hədələyici məktubda deyilirdi: “Şahnəzərov sənə xəbərdarlıq edirik ki, Stepanakert şəhərinin ermənilərini türklərə satmısan, (ipək) kombinatını Nuxaya, mexanika birliyini Qaryaginə, qalanlarını da Ağdama vermisən. Ermənilərin qəddar düşməni həyatınla risk edirsən. Sənin babaların nə qədər ermənini məhv etmişdi, indi sən başlamısan. Sən sağ qalmayacaqsan, bilməlisən ki, biz ermənilərik. Bu, 272 nəfərin müraciətidir. Biz özümüz yaxşı bilirik ki, biz kimik və sən kimsən”. Ermənilər belə hədələyici anonim terror təhdidləri ilə vilayətin partiya, sovet və hüquq mühafizə orqanlarını çəkindirir, yerli erməni əhalisini qorxu altında saxlayırdılar. Bütün bu məlumatları aldıqdan sonra Azərbaycan KP MK Bürosu və birinci katib Vəli Axundov Şahnəzərovun vilayət partiya komitəsinin birinci katibi vəzifəsindən azad edilməsinə qərar verdi, 1962-ci ilin noyabr ayının 14-də vilayət partiya komitəsinin plenumu bu işi başa çatdırdı.

Moskvadan mühüm qərar…

1963-cü ildə Axundov Dağlıq Qarabağ Muxtar Vilayətin yaradılmasının 40 illiyinin keçirilməsi haqqında Moskvaya müraciət etdi. O, öz məktubunda Qarabağın Azərbaycan mədəniyyətinin beşiyi olduğunu, Molla Pənah Vaqif, Xurşud banu Natəvan, Qasım bəy Zakir, Üzeyir Hacıbəyov, Bülbül kimi böyük ədəbiyyat və mədəniyyət xadimlərinin Qarabağ torpağında yazıb-yaratdıqlarını, Azərbaycan Mərkəzi Icraiyyə Komitəsinin qərarı ilə 1923-cü ilin iyul ayında muxtar vilayətin yarandığını xatırladırdı. Sov.IKP MK-dan müsbət cavab alandan sonra respublika Nazirlər Soveti may ayının 18-də DQMV-nin 40 illiyinin qeyd edilməsi ilə bağlı əlavə tədbirlər haqqında qərar qəbul etdi. Ancaq bu tədbirlər erməniləri müvəqqəti olaraq sakitləşdirdi.

Xruşşovun Yerevan səfəri

Azərbaycan rəhbərliyinin bütün narahatçılığına baxmayaraq Nikita Xruşşovun 1961-ci ilin may ayında Ermənistana səfəri xatasız ötüşdü. 1960-cı ilin dekabr ayının 28-də Ermənistan KP MK-nın birinci katibi seçilmiş Akob Zarobyan 1960-cı ilin əvvəllərində Moskvadakı müzakirələri nəzərə alaraq Nikita Xruşşovla keçirilən görüşlərdə Naxçıvan və Dağlıq Qarabağla bağlı məsələlərin səsləndirilməsinə cəsarət etmədi. Lakin bu səfər zamanı o, Sevan (Göycə) gölündə suyun səviyyəsinin aşağı düşməsinin qarşısını almaq üçün Arpaçayın su axınının bir hissəsinin Sevana döndərilməsinə razılıq ala bildi və 1961-ci ilin avqust ayının 12-də bununla bağlı SSRI Nazirlər Sovetinin 726 saylı qərarı imzalandı. Arpaçayın axarının dəyişdirilməsi Azərbaycanın əkinçilik təsərrüfatına və təbiətinə böyük ziyan vururdu və respublika rəhbəri kimi Vəli Axundov bu barədə SSRI Nazirlər Sovetinə və Kənd Təsərrüfatı Nazirliyinə öz etirazını bildirdi, bunun yolverilməzliyi haqqında respublika mütəxəssislərinin hazırladığı arayışları ittifaq orqanlarına göndərdi. Vəli Axundov Sov.IKP MK-ya məktubunda Naxçıvam MSSR-in Iliç rayonunun əkinçilik təsərrüfatlarının əsas suvarma mənbəyinin Arpaçay olduğunu bildirir və bu çayın su ehtiyatlarının əsas hissəsinin Sevan gölünə axıdılmasına razılıq verən SSRI Nazirlər Sovetinin 12 avqust 1961-ci il qərarının Azərbaycanın əkin sahələri üçün ciddi problem yaratdığını Sovet rəhbərliyinin nəzərinə çatdırırdı.

“Gülüstan” gizlinləri…

60-cı illərin əvvəllərində hadisələrin dramatik bir mərhələyə daxil olduğu məqamda, 1962-ci ilin iyul ayının 30-da Moskvada yaxşı əlaqələri olan və təşkilatçılıq qabiliyyəti ilə seçilən MK katibi Nazim Hacıyevin qəfil ölümü Vəli Axundov üçün ciddi itki oldu. 1962-ci ildə onun yerinə gətirilən Azərbaycan Dövlət Informasiya Agentliyinin direktoru Xasay Vəzirov elə də uğurlu seçim deyildi. Özündən əvvəlki Nazim Hacıyev və özündən sonrakı Şıxəli Qurbanovla müqayisədə Xasay Vəzirov ideoloji katib vəzifəsində xeyli sönük görünürdü. 1962-ci ilin oktyabr ayında Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması “Nuxa fəhləsi” qəzetində çıxanda Elmlər Akademiyasında keçirilən bir müşavirədə o demişdi ki, bəzi şairlərimiz öz əsərlərini əyalətdə çıxan gizli mətbuatda dərc etdirir. Halbuki, “Nuxa fəhləsi” rayon mətbuatı içərisində ən sanballısı hesab edilirdi. Bu poemanın dərc olunması Gülüstan müqaviləsinin 150 illiyi ilə bağlı idi. Azərbaycan Nazirlər Soveti yanında DTK-nın toplayıb Vəli Axundova, eyni zamanda hesabat kimi Moskvaya göndərdiyi agentura məlumatı göstərmişdi ki, respublikada bir sıra elm, ədəbiyyat və mədəniyyət adamları arasında aparılan müzakirələrdə bu hadisə Rusiyanın Azərbaycanı işğalı kimi qiymətləndirilir. Onların arasında Sovet Ittifaqı Qəhrəmanı olan tarixçi alim Ziya Bünyadov, XIX əsr tarixinin tanınmış tədqiqatçısı Mahmud Ismayılov, mətbuat tarixi üzrə mütəxəssis Şirməmməd Hüseynov, Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib Azərbaycan Elmlər Akademiyasının Tarix Institutunda işləyən gənc alim Süleyman Əliyarov, tanınmış şair və filoloq Bəxtiyar Vahabzadə, “Ədəbiyyat və incəsənət” qəzetinin redaktoru Qasım Qasımzadə, musiqişünas Firudin Şuşinski və digər tanınmış adamlar var idi. 1962-ci ildə Vəli Axundov Sov.IKP MK-ya məktub yazıb Mirzə Fətəli Axundovun 150, Mirzə Ələkbər Sabirin 100 illiyinin geniş qeyd edilməsinə icazə alsa da, ziyalı dairəsinin əsas diqqəti Gülüstan müqaviləsinin 150 illiyinə münasibətin necə olacağı üzərində köklənmişdi. Ziyalılar arasında əhval-ruhiyyəni öyrəndikdən sonra hakimiyyət əvvəlcə 1963-cü ildə Azərbaycanın Rusiyaya birləşməsinin 150 illiyini bayram etməkdən çəkindi. Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını nəşr etdirib hadisəni işğal kimi təqdim etməsi də yerli rəhbərlik üçün çəkindirici rol oynadı. Bolşevik mətbuatını ətraflı araşdırmış Şirməmməd Hüseynovun Zaqafqaziyanın çar Rusiyası tərəfindən işğalına aid aşkarladığı bir sənəd Bəxtiyar müəllimin istinad nöqtəsinə çevrilmişdi. 1901-ci ildə Gürcüstanın Rusiya tərəfindən fəthinin 100 illiyi bayram ediləndə bolşevik “Iskra” qəzeti “Gürcüstanda Rusiya süngüsünün yüz ili” adlı bir yazı verib bunu işğal kimi qiymətləndirmişdi. Özünümüdafiə üçün yaxşı söykənəcək idi. Son illərdə bu poemanın rayon qəzetində nəşri ilə bağlı guya Bəxtiyar Vahabzadənin Azərbaycan Dövlət Universitetində işdən çıxarılması və onun cəzalandırılması barədə bir sıra yazılar getmişdi. Bu yazılar həqiqətə uyğun deyildir, bunun üçün Azərbaycan KP MK katibliyinin və ADU-nun Elmi Şurasının sənədlərinə baxmaq yetərlidir. Bəxtiyar müəllim 1962-ci ildə doktorluq dissertasiyasını hazırlamaq məqsədi ilə iki illik əmək haqqı ödənilən yaradıcılıq məzuniyyətinə göndərildi və 1964-cü ildə “Səməd Vurğunun yaradıcılıq yolu” adlı doktorluq dissertasiyasını müdafiə etdikdən sonra ADU-da müəllimlik fəaliyyətini davam etdirdi. Sənədlərin araşdırılması göstərir ki, onun yaradıcılıq məzuniyyətinə göndərilməsi ideyası respublika rəhbərliyindən gəlmişdi və Vəli Axundov yenidən Azərbaycanda millətçilik məsələsinin gündəmə gəlməsində, onun ətrafında səs-küy yaradılmasında maraqlı deyildi. Lakin hakimiyyət gözlənilməz hadisələrdən də sığortalanmamışdı.

Sükutu pozan Sumqayıt iğtişaşı…

Ötən əsrin 60-cı illərində ölkəni bürümüş böhran Azərbaycandan da yan keçmədi. 1963-cü ilin əvvəllərində Cənubi Qafqaz respublikalarına nəzarəti gücləndirmək üçün anti-böhran qurumu kimi yaradılmış Sov.IKP MK-nın Zaqafqaziya Bürosu özünü doğrultmadı. Mərkəzi Tbilisidə yerləşən bu Büro 3 Cənubi Qafqaz respublikasına nəzarəti həyata keçirməli idi. Moskva şəhər partiya komitəsinin katibi Q.Boçkaryev Büroya sədr göndərilmişdi, Azərbaycandan Vəli Axundov, Gürcüstandan Vasili Mcavanadze, Ermənistandan Akob Zarobyan Büronun üzvləri idi. Büronun ştatı 22 məsul, 9 texniki işçidən ibarət idi. Hər üç respublika rəhbəri Büronun yaradılmasından narazı idi və bir il sonra Xruşşov hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra onun fəaliyyəti dayandırıldı. Əslində, əyalətlərə belə bir nəzarət qurumunun yaradılması Xruşşov siyasətinin ölkəni böhrana gətirib çıxarması ilə bağlı idi. 1961-ci ildə keçirilən pul islahatı manatın nominal dəyərini azaltdı və infilyasiyanı gücləndirdi. Böyük şəhərlərdə çörək növbələri bir sıra hallarda kütləvi ittişaşlarla müşayiət olunmağa başlamışdı. Yadfikirliliyə qarşı mübarizənin gücləndirilməsi məqsədilə 1961-ci ildə Bakıda əlavə nəzarət məntəqələrinin yaradılması müvəqqəti xarakter daşıdı. 1962-ci ilin yayında Novoçerkassk etirazları Sovetlərin böhranının açıq təzahürü idi. Bu hadisədən sonra hər yerdə Sovet qanunçuluğu möhkəmləndirilsə də, sosialist şəhəri hesab edilən Sumqayıtda qəflətən baş vermiş iğtişaş ölkədə sükutu pozdu.

ardı var
azadliq.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.