Alimlər xəbərdarlıq edir: Günəşin aktiv sahələri Yerə tərəf yönəlir

Bu gün, 11:44           
Alimlər xəbərdarlıq edir:
Günəşin arxa tərəfində güclü partlayışlara səbəb olan böyük aktiv sahələr və günəş ləkələri artıq Yerin görmə sahəsinə çıxmağa başlayıb.
Bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası tərəfindən verilib.

Mütəxəssislərin bildirdiyinə görə, Günəş diskinin kənarında artıq güclü maqnit sahələrinin təzahürü olan maqnit petlərinin zirvələri görünür. Bu strukturlar Günəşin səthindən 100–200 min kilometr yüksəkliyə qədər qalxır. Lakin bu petlərin "baza nöqtəsi" olan ləkə qrupları hələlik Günəşin görünməyən tərəfindədir. Onların dəqiq ölçüləri və daşıdıqları enerji hələlik qeyri-müəyyəndir.

Son günlərdə bu aktiv sahələrdə olduqca yüksək fəallıq müşahidə olunub. Kosmosa ən azı üç böyük protuberans və plazma buludu atılıb. Bu hadisələr Yeri təhdid etmədən Mars istiqamətində hərəkət edib. Lakin qeyd olunan sahələr Günəşin Yerə baxan hissəsinə doğru döndükcə, planetimiz üçün potensial risklər də artır. Alimlər hesab edirlər ki, bu risklər növbəti həftənin sonuna qədər maksimum səviyyəyə çata bilər.

Laboratoriya əməkdaşlarının sözlərinə görə, bu bölgələrdə enerji ehtiyatlarının həmin vaxta qədər qorunub-saxlanılıb-saxlanılmayacağı hələ məlum deyil. Ola bilər ki, bu enerji yeni partlayışlar nəticəsində tükənəcək. Buna baxmayaraq, mütəxəssislər bu yay üçün ən yüksək risk göstəricilərindən birinin yaxın günlərdə müşahidə ediləcəyini proqnozlaşdırırlar.

Günəşdə baş verən güclü partlayışlar Yerə ciddi təsirlər göstərə bilər. Belə hadisələr nəticəsində Yerin maqnit sahəsi zəifləyə, kosmik radiasiyanın miqdarı arta bilər. Bu isə peyklərin işinə, rabitə sistemlərinə, aviasiya və naviqasiya texnologiyalarına mənfi təsir göstərə bilər. Eyni zamanda, geomaqnit qasırğaları elektrik şəbəkələrinə ziyan vura bilər, bəzi hallarda isə uzunmüddətli nasazlıqlara səbəb ola bilər.

Günəşin fəallığının artması alimlərin və kosmik agentliklərin daim diqqət mərkəzindədir. Onlar bu tip hadisələrin texnologiyalara, iqlimə və kosmik uçuşlara mümkün təsirlərini öyrənməyə çalışırlar.

Alimlər xüsusilə Günəşin fəallıq dövründə belə hadisələrin sayının artacağından ehtiyat edir və Yerə yönəlmiş yüksək enerjili plazma buludlarını diqqətlə izləyirlər. Yaxın günlərdə bu aktiv sahələrin hansı nəticələr doğuracağı və Yeri nə dərəcədə təsirləndirəcəyi ilə bağlı daha ətraflı məlumatların açıqlanacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru