İki tiranın anlaşması: qanlı plan necə quruldu?
Bu gün, 09:46

Moskva ilə Berlinin müttəfiqliyi az sonra əsrin fəlakətinə çevrildi
1939-cu il avqustun 23-də günorta saatlarında dörd mühərrikli “Kondor” Fokke-Vulf-200 təyyarəsi Moskvadakı Mərkəzi aerodromda yerə endi. Aerovağzal binası oraq-çəkicli və svastikalı qırmızı bayraqlarla bəzədilmişdi. SSRİ-nin rəsmi nümayəndələri Almaniya reyxinin xarici işlər naziri və nümayəndə heyətinin rəhbəri İoaxim fon Ribbentropu səmimi şəkildə qarşıladılar.
Uçuş macərasız keçmədi. Səfər barədə məlumatı olmayan HHM batareyası Velikiye Luki rayonu üzərində təyyarəyə atəş açdı. Zenitçilər dəqiq atsaydılar, hadisələrin necə cərəyan edəcəyini bilmək bizə qismət olmayacaqdı. Çətin ki, İkinci Dünya müharibəsi Hitlerin müəyyən etdiyi vaxtda başlayardı. Lakin 1939-cu ilin avqustunda təyyarə SSRİ paytaxtına sağ-salamat çatdı və axşam saatlarında Ribbentropun korteji Kremlə — Stalinlə görüşə yollandı. Polşaya hücumun yolunu açan, iki ölkə arasında hücum etməmək haqqında pakt imzalanmağa hazır idi. Bu məqama qədər bir çox yolayırıcıları dünya müharibəsi astanasına gətirib çıxarmışdı — halbuki hər şey başqa cür də ola bilərdi.
Reynland, Avstriya, Çexoslovakiya, sonra isə hər yerdə
Xatırlamağa dəyər: 1936-cı il martın 7-də sübh çağı Almaniyanın 19 piyada taboru və bir neçə hərbi təyyarəsi reyxskansler Adolf Hitlerin əmri ilə o vaxta qədər demilitarizə olunmuş Reyn bölgəsinə göndərildi. Səhər saat 11-də alman qoşunları Reyn çayına çatdı və üç batalyon qərb sahilinə keçdi. Bu, tarixi bir an idi. Fransa 1925-ci ildə Lokarnoda imzalanmış sazişlərin pozulmasına dözəcəkmi? Fransız qoşunları sanki döyüş siqnalı ilə ayağa da qaldırıldılar. Ancaq onlar sərhədi keçmədilər və Hitler alman komandanı feldmarşal fon Blomberqə bu qoşunların cəmlənməsinə məhəl qoymamağı təklif etdi. Vilayətin remilitarizasiyası belə baş verdi. Hitler həmin qərarı fevralın 12-də qəbul etmiş, Britaniya və Fransanın cavab tədbirlərindən qorxan diplomatlarla hərbçilərin narahatlığına baxmadan həyata keçirmişdi.
General Haynts Quderian İkinci Dünya müharibəsindən sonra dindirilərkən demişdi: “Siz, fransızlar, 1936-cı ildə Reyn bölgəsində müdaxilə etsəydiniz, biz hər şeyi uduzardıq və Hitlerin çöküşü qaçılmaz olardı”. Lakin reaksiya yalnız sözdə oldu. Nasistlərin açıq-aşkar blef etdiyi dövrdə onların təcavüzkar planlarını dayandırmaq fürsəti qaçırıldı.
Böyük Britaniyada Hitleri razılaşmalar və sazişlərlə sakitləşdirmək əhvalı üstünlük təşkil edirdi. Xarici işlər naziri Entoni İden Fransanın hərbi aksiyaya əl atmamasında israr edirdi. Bunun əvəzində Hitleri inandırmağa çalışırdı ki, “simvolik kontingent” saxlamaqla qoşunları Reyn bölgəsindən çıxarsın və bundan sonra yenidən danışıqlar başlasın. Fransa daxili qeyri-sabitlik dövrünə qədəm qoymuşdu və müdafiə strategiyasını seçdi. Bir neçə gün ərzində yüz diviziya səfərbər edilə bilərdi, lakin hakimiyyət iqtisadi böhrandan qorxurdu. Danışıqlar nəticəsində Fransa siyasətçiləri Böyük Britaniyadan mümkün münaqişə halında hərbi yardım zəmanəti aldılar. Bununla belə, Fransa Versal müqaviləsindən əldə etdiyi son üstünlüyünü də itirmiş oldu. Artıq o, nasist Almaniyasından təhlükə hiss etdikdə Reyn bölgəsini asanlıqla tuta, Rur sənaye bölgəsinə real təhdid yarada bilməzdi.
Bu arada İtaliya Efiopiyada müharibəyə cəlb olunmuşdu və Millətlər Liqasının özünə qarşı sanksiyalar cəhdindən narazı idi. Ona görə də Mussolini Almaniya tərəfdə idi. Kiçik Antanta ölkələri (Çexoslovakiya, Rumıniya, Yuqoslaviya - Press klub) Almaniya ilə münasibətləri pozmaq istəmirdilər, SSRİ isə uzaqdan hər yerdə — o cümlədən Millətlər Liqasında — Reyn vilayətinin remilitarizasiyasını kəskin pislədi, lakin eyni zamanda Almaniya ilə sərfəli ticarət sazişi imzalamaq istəyirdi. Sovet diplomatları Surits və Kandelaki 1936-cı ildə və 1937-ci illərin əvvəlində təsərrüfat əlaqələrinin normallaşdırılması üçün Görinq və Şaxtla danışıqlara başladılar. Lakin Hitleri SSRİ-dən xammal almaq müqabilində sovet hərbi-sənaye kompleksi üçün avadanlıq verməyə razı salmaq mümkün olmadı.
Almaniyanın Birinci Dünya müharibəsindəki məğlubiyyətin revanşı cəhdinin və Hitlerin adamyeyən proqramının həyata keçirilməsinin hesabını məhz 1936-cı ildən aparmaq lazımdır. İndi müzakirələr gedir: görəsən, Hitler əvvəldən uzaqmüddətli fəth planına malik idi, yoxsa bu, hər dəfə uğurlu şəraitə spontan reaksiya idi? Berlindən qaynaqlanan hadisələrin ümumi mənzərəsi almandilli coğrafiyanı aşan dünya səviyyəli ekspansiya proqramının ardıcıl həyata keçirilməsi təəssüratını yaradır. Təsadüfi deyil ki, o dövrdə Almaniyanın xarici işlər naziri Konstantin fon Neyrat ABŞ-ın Parisdəki səfiri Uilyam Bullitə izah edirdi ki, nə qədər almanlar “Ziqfrid xətti”nin inşası ilə məşğuldurlar, reyxdən xarici siyasət aktivliyi gözlənilməməlidir. Alman diplomat deyirdi ki, Reyn bölgəsi “həzm olunmayana” qədər almanlar xarici siyasətdə aktivlik göstərməyəcəklər. Fransa və Belçika ilə sərhəddə Qərb səddi qurulana qədər Almaniya hökuməti Avstriyada nasistlərin fəallığını təşviq etməməyə, əksinə, onu önləməyə çalışacaq və Çexoslovakiyaya münasibətdə sakit xətt yürüdəcək. Bundan sonra nə olacağını isə uzaqgörən diplomatlar çətinlik çəkmədən təxmin edə bilərdilər...
Doğrudan da, biz görürük ki, Avstriyanın anşlusu kursu 1938-ci ildə, reyxin hərbi qüdrəti gücləndirildikdən sonra götürüldü. Bütün bu müddət ərzində Qərb demokratiyaları Avstriyanın işğalının qarşısını almaq üçün heç bir real addım atmadılar. Əksinə, onlar bunun almanların daxili məsələsi saydıqlarını açıq büruzə verdilər. 1938-ci il martın 12-də Avstriya kansleri Kurt Şuşniq Hitlerin yanına çağırıldı və ona ultimatum verildi: Avstriyada nasist partiyasının leqallaşdırılması və partiyanın nümayəndəsi Zeys-İnkvartın daxili işlər naziri təyin olunması. Şuşniq tabe oldu. Daha sonra almanlar kanslerin ümidsiz referendum təşəbbüsünü də blokladılar — referendumda xalqın “azad və alman, müstəqil və sosial, xristian və özünəməxsus Avstriya”nı qoruyub saxlamaq istəyib-istəmədiyi soruşulacaqdı. Şuşniq gördü ki, nə İtaliya, nə də Fransa əvvəlki kimi Avstriyanın müstəqilliyini müdafiə etmək niyyətindədir. Kansler istefa verdi, vəzifəsi nasistlərin adamı Zeys-İnkvarta verildi və alman qoşunları ölkəyə daxil oldu.
İqtisadi böhran yaşayan Avstriyanın müstəqil şəkildə uzun müddət yaşaya bilməyəcəyinə və yalnız Almaniya imperiyasının tərkibində həyatda qalacağına inanan əhali Hitleri alqışlarla qarşıladı. 10 aprel tarixində Almaniya və Avstriyada keçirilmiş plebissitdə iştirak edənlərin 99 faizindən çoxu anşlusu dəstəklədi. Hitler Reyxin əhalisini 10% artırdı və gələcək ekspansiyalar üçün hərbi-sənaye bazasını genişləndirdi. Məhz bu yolayrıcında Böyük Britaniya və Fransa nasistləri sakitləşdirdilər, Versal müqaviləsi keçmişdə qaldı.
Hitlerin növbəti hədəfi Çexoslovakiya oldu. Burada Sudet almanlarının sıx yaşadığı bölgələrdə gərginlik tədricən artmağa başlayırdı. Konrad Henlaynin rəhbərlik etdiyi Sudet Alman Partiyası muxtariyyət tələbi ilə kütləvi iğtişaşlar törətmək alətinə çevrilmişdi. Hitler 1938-ci ilin fevralında Reyxstaqa müraciət edərək, Çexoslovakiyada “alman qardaşlarının dəhşətli yaşayış şəraitinə” diqqət yetirməyə çağırdı. Böhranın mənbəyi Berlin idi. May ayında henlaynçılar Sudet torpaqlarının Almaniyaya birləşdirilməsi haqda referendum keçirilməsi tələbi ilə çıxış etdilər. Gərginlik daha da artdı. Vermaxt hissələri Çexoslovakiya sərhədinə doğru hərəkət etdi. Çexoslovakiyada qismən səfərbərlik keçirildi, ordu Sudet bölgəsinə yeridildi və sərhəd istehkamlarını nəzarətə götürdü. SSRİ və Fransa Çexoslovakiyaya dəstək verəcəklərini bəyan etdilər. İtaliya isə Sudet almanlarının separatçı hərəkatına əsaslanan işğal cəhdini əvvəlcə bəyənmədi.
Henlayn ilə çexoslovak hökuməti arasında muxtariyyətlə bağlı danışıqlar lord Ransimenin vasitəçiliyi ilə sentyabr ayına qədər davam etdi, lakin uğursuz nəticələndi. 1938-ci ilin sentyabrında Sudet almanları yenidən vəziyyəti gərginləşdirməyə başladılar. Hitler Sudet bölgəsinin Almaniyaya verilməsini tələb etməyə başladı. 13 sentyabrda Sudetlərdə yeni üsyan baş qaldırdı və Çexoslovakiya hökuməti bu ərazilərə ordu və polis yeridərək, hərbi vəziyyət elan etdi.
Böyük Britaniyada əhval savaşın lehinə deyildi. Xarici İşlər Nazirliyinin daimi katibi Aleksandr Kadoqan gündəliyində yazırdı: “Çexoslovakiya bir britaniyalı qrenadyorun mahmızına belə dəyməz”. 14 sentyabrda baş nazir Nevill Çemberlen “sülhü xilas etmək üçün” Hitlerlə Almaniyada görüşməyə hazır olması barədə teleqram göndərdi. 15 sentyabrda Çemberlen Berxtesqadendə Hitlerlə görüşə gəldi. O vaxta qədər Sudet üsyanı yatırılmışdı.

Görüş zamanı fürer bildirdi ki, o, sülh istəyir, lakin Çexoslovakiya probleminə görə müharibəyə də hazırdır. Ordu səfərbər edilib. Lakin Böyük Britaniya Sudetlərin “xalqın öz müqəddəratını təyinetmə hüququ” əsasında Almaniyaya verilməsinə razılaşsa, müharibədən qaçmaq olar. Çemberlen bu təklifi qəbul etdi. Fransa da əsasən Böyük Britaniyanın xətti ilə gedirdi; baş nazir Eduard Daladye böhranı sülh yolu ilə həll etmək istəyirdi — Çexoslovakiya ilə bağlanmış hərbi yardım sazişini yerinə yetirməyərək, yəni müttəfiqinin hesabına.
22 sentyabrda Çemberlen Godesberqə — Hitlerlə ikinci görüşə gəldi və Sudet bölgəsinin Almaniyaya verilməsini, bölgə əhalisinə vətəndaşlıq seçimi və əmlak itkisinə görə kompensasiya hüququ verilməsini təklif etdi. Hitler isə bu torpaqların 28 sentyabra qədər şərtsiz Almaniyaya təhvil verilməsini tələb etdi. 23 sentyabrda Çexoslovakiya hökuməti ümumi səfərbərlik elan etdi. Prezident Edvard Beneş SSRİ səfirindən soruşdu ki, Sovet İttifaqı yardım edəcəkmi? Səfir Aleksandrovski reallaşması mümkün olmayan vədlər verdi: hətta Fransa yardımdan imtina etsə və Polşa ilə Rumıniya Qırmızı ordunun keçidinə icazə verməsə belə, SSRİ Çexoslovakiyaya yardım etməyə hazırdır. Lakin Stalinin bu vədləri yalnız SSRİ ilə Polşa arasında münaqişə şəraitində həyata keçirilə bilərdi ki, buna da Praqa razı ola bilməzdi.
Çemberlen təcavüzkarı sakitləşdirmə siyasətini izah edərkən deyirdi: “Uzaq bir ölkədə barələrində heç nə bilmədiyimiz insanların öz aralarında mübahisə etməsi üzündən bizim burada, öz ölkəmizdə səngərlər qazmalı və əleyhqazlar taxmalı olmağımız fikrinin özü nə qədər dəhşətli, fantastik və inanılmazdır. Prinsip etibarilə artıq həll edilmiş bir mübahisənin müharibə predmeti ola bilməsini təsəvvür etmək daha qeyri-mümkün görünür”. Çemberlen Hitlerlə bir centlmen kimi davranmağa çalışırdı ki, bu da kobud səhv idi.
1938-ci il sentyabrın 29-da Münxendə Hitler Böyük Britaniya, Fransa və İtaliya hökumət başçıları ilə görüş keçirdi. Gecə saatlarında, Praqa hökuməti nümayəndələrinin iştirakı olmadan belə qərara gəlindi ki, Çexoslovakiya 10 gün ərzində Sudet vilayətini boşaldıb Almaniyaya verməli, Macarıstan və Polşa ilə ərazi mübahisələrini də tənzimləməlidir. 30 sentyabr səhəri Çexoslovakiya prezidenti Edvard Beneş bu sənədi parlamentin razılığı olmadan qəbul etdi, halbuki konstitusiyada belə bir razılıq nəzərdə tuturdu. Bir neçə gün sonra istefa verən Beneş deyirdi: “Bu, bizim haqq etmədiyimiz bir fəlakətdir. Biz tabe oluruq və xalqımıza dinc həyat təmin etməyə çalışırıq. Bilmirəm, sizin ölkələriniz (Böyük Britaniya və Fransa) Münxen qərarından fayda görəcəklərmi. Amma biz, əlbəttə. Sonuncu deyilik. Bu, başqalarına da təsir edəcək”.
Bu arada Çemberlen Londonda ictimaiyyət qarşısında “Cənablar, mən dövrümüz üçün sülh gətirdim” sözləri ilə çıxış edir. Paris isə öz növbəsində baş nazir Daladyeni sevinclə qarşıladı. Yalnız uzaqgörən siyasətçilər — məsələn, Çörçill — xəbərdarlıq edirdilər ki, hökumətin yürütdüyü siyasət fəlakətə aparır. Həmin gün alqışlarla mükafatlandırılan Britaniya baş naziri çox tezliklə öz səhvini anladı.
Kimi müttəfiq seçmək?
Hitler üçün Münxen qəniməti kifayət etmədi. 1939-cu il martın 14-də muxtar Slovakiyanın parlamenti almanpərəst baş nazir Yozef Tisonun təşəbbüsü ilə — ona da bir gün əvvəl Berlindən, demək olar, diktə etmişdilər — Çexoslovakiya Respublikasının tərkibindən çıxmaq və müstəqil dövlət qurmaq barədə qərar qəbul etdi. Elə həmin gün Hitler Çexoslovakiya prezidenti Emil Haxanı Berlində görüşə çağırdı və ona Almaniya protektoratlığını qəbul etməyi təklif etdi. Səhər saat dördə yaxın — reyxsmarşal Görinqin Praqanı bombalayacağı hədəsindən sonra keçirdiyi infarktdan sonra — Haxa hökumətlə əlaqə saxlayaraq, müstəqillikdən imtina etməklə alman şərtlərini qəbul etdi. Alman ordusu müqavimətlə rastlaşmadan Çexiyaya daxil oldu.
1939-cu il martın 15-də Hitlerin şəxsi fərmanı ilə Bohemiya və Moraviya Almaniya protektoratı elan edildi. Fürer tərəfindən reyxsprotektor təyin edilən Konstantin fon Nöyrat icra hakimiyyətinin başçısı oldu. Nasistlər arasında “mötədil” tanınan Neyrat Praqada mətbuatı, siyasi partiyaları və həmkarlar ittifaqlarını amansızcasına əzdi. Münxen sazişinin müəllifləri şoka düşmüşdülər. Onların razılığı ilə talan edilmiş Çexoslovakiya dövlətinin müstəqilliyi yarım ildən artıq davam etmədi. Fransanın Berlindəki səfiri Rober Kulondr sonradan yazdığı məruzədə belə nəticə çıxarırdı: “Hitler Almaniyası maskasını çıxardı. İndiyədək o, imperializmlə əlaqəsinin olmadığını iddia edirdi. Mərkəzi Avropada yaşayan bütün almanları — yad elementlərsiz bir ailədə birləşdirmək (mümkün qədər) istədiyini bildirirdi. İndi isə aydın oldu ki, fürerin ağalıq istəyi hüdudsuzdur. O da aydındır ki, fürerə qarşı gücdən başqa arqumentlərlə uğur əldə etmək mümkün deyil. Üçüncü Reyx müqavilə və öhdəliklərə II Vilhelmin imperiyası qədər etinasız yanaşır. Almaniya, istənilən sənədin sadə kağız parçası olduğu ölkə kimi qalmaqda davam edir”.
Çexiyanın işğalına cavab olaraq, SSRİ hökuməti 18 mart tarixli notasında bəyan etdi: “...Çex xalqının iradəsinin hər hansı ifadəsi olmadan alman ordusunun Çexiyanı işğal etməsi və alman hökumətinin sonrakı addımları zorakı, özbaşına və təcavüzkar aktlar kimi tanınmaya bilməz”. Moskva göstərirdi ki, xalqın razılığı olmadan Haxanın dövlət başçısı kimi onun dövlət müstəqilliyini ləğv etmək hüququ yoxdur. Elə həmin gün SSRİ-nin xarici işlər naziri Maksim Litvinov Almaniya təcavüzünün qarşısını almaq üçün altı ölkənin — SSRİ, Böyük Britaniya, Fransa, Rumıniya, Polşa və Türkiyənin — iştirakı ilə beynəlxalq konfrans çağırılmasını təklif etdi. Lakin Britaniya bu təklifi vaxtından erkən hesab etdi.
Çexiyanın işğalından dərhal sonra Almaniya Litvaya ultimatum verdi və 1939-cu il martın 22–23-də Klaypeda (Memel) limanını və bütün Klaypeda muxtar diyarını Almaniyaya verməyə məcbur etdi. Qərb demokratiyalarının buna müdaxilə etməyə imkanları yox idi. Litva Seymi Klaypeda diyarının Almaniyaya verilməsinə məcburən səs verdi. Bu hadisə Çexiyanın işğalından daha az tanınır, lakin nasistləri “sakitləşdirmə” cəhdlərinin sonuncusu idi. Bir daha sübut olundu ki, fürer planlı şəkildə dünya ekspansiyası siyasətini həyata keçirir və onu nə mövcud müqavilələr və razılaşmalar, nə də beynəlxalq hüquq normaları dayandıra bilir.
Çexiyanın işğalı bir səhv deyildi: bu, Hitlerin dünyanı yenidən bölüşdürmək yolunda növbəti addımı, siyasi va-bank idi. Baş nazir Çemberleni heyrətə gətirən belə açıq qeyri-centlmen davranış Böyük Britaniyanı kəskin şəkildə kursunu dəyişməyə və Polşaya təcavüzə qarşı hərbi yardım zəmanəti verməyə vadar etdi. Londonda növbəti böhranı önləmək üçün başqa çıxış yolu görmürdülər. Martın 31-də — Almaniyanın Münxen razılaşmasını pozmasına və Çexoslovakiyanın işğalına cavab olaraq — Böyük Britaniya bəyan etdi ki, o və Fransa Polşanın müstəqilliyinə təminat verirlər. 6 aprel 1939-cu ildə Polşa xarici işlər naziri Yuzef Bekin Londona səfəri zamanı bu təminatların rəsmi hərbi ittifaq formasında rəsmiləşdirilməsi qərara alındı.
Polşa Almaniyanın Azad Dansiq şəhərinin Almaniyaya verilməsi və Polşanın Pomorye ərazisi ilə Şərqi Prussiyaya qədər avtomobil və dəmir yolu dəhlizinin salınmasına razılıq vermək barədə ultimativ tələblərini rədd etdi (Şərqi Prussiya Almaniyanın Polşa ərazisi ilə ayrılan eksklavı idi — Press klub). Aprelin 28-də Reyxstaqda çıxış edən Hitler 1934-cü il Hücum etməmək haqqında Almaniya-Polşa paktının və ingilis-alman dəniz razılaşmasının ləğv olunduğunu elan etdi.
1939-cu il aprelin 17-də Maksim Litvinovun SSRİ-nin xarici işlər naziri postunda son təşəbbüsünü müşahidə edirik: o, SSRİ-nin də Polşaya birtərəfli təminat verilməsi haqda Londonun təklifinə cavab olaraq, ingilis–fransız–sovet qarşılıqlı yardım paktı layihəsini irəli sürdü. Bu sənəd, Baltik və Qara dənizlər arasında yerləşən və SSRİ ilə həmsərhəd olan Şərqi Avropa ölkələrinə, onlara qarşı təcavüz halında “hərtərəfli, o cümlədən hərbi yardım” göstərilməsini nəzərdə tuturdu. Cavab olaraq, Fransa qısa niyyətlər — Almaniyanın təcavüzü halında tərəflərin bir-birinə və ya Mərkəzi və Şərqi Avropa ölkələrinə hərbi yardım etməsi — deklarasiyası ilə kifayətlənməyi təklif etdi.
Litvinovun təşəbbüsləri dəstəklənmədi. Mayın 3-də Stalin onu vəzifəsindən uzaqlaşdıraraq, yerinə Nazirlər Sovetinin sədri Vyaçeslav Molotovu təyin etdi. Nazirlik Litvinovun həmfikirlərindən təmizləndi. Bu, nasistlərə ciddi danışıqlar aparmağın mümkünlüyü haqda açıq siqnalı idi. Yəhudi Litvinovun vəzifədən uzaqlaşdırılması Berlində xoş qarşılandı.
Bu məqamda Stalin eyni anda iki partiya oynamaq imkanı hiss etdi: həm Almaniya, həm də Qərb müttəfiqləri ilə aparılan danışıqların gedişində daha sərfəli tərəfdaş seçmək niyyətində idi. Hələ 1939-cu il yanvarın 12-də Hitler Berlindəki Yeni il qəbulunda SSRİ-nin səlahiyyətli nümayəndəsi Aleksey Merekalova xoş münasibət göstərmişdi. Almaniyanın XİN-dəki müşavir Şnurreyə iki ölkə arasında ticarət əlaqələrini yaxşılaşdırmaq yollarını tapmaq tapşırılmışdı. 1939-cu il martın 10-da Kommunist Partiyasının XVIII qurultayında Stalin öz tənqidlərinin əsas hədəfi kimi Almaniyanı deyil, Qərb dövlətlərini seçmiş, onların “böyük və təhlükəli siyasi oyunu”na qarşı çıxmışdı.
Litvinovun vəzifədən uzaqlaşdırılmasından sonra, 1939-cu il mayın 20-də Molotov Almaniyanın Moskvadakı səfiri Fridrix fon Şulenburqu qəbul etdi. Almaniyanın iqtisadi məsələlər üzrə danışıqlara hazır olduğunu bildirən bəyanatına cavab olaraq, sovet hökumətinin başçısı Molotov belə danışıqların uğurla nəticələnməsi üçün “müvafiq siyasi baza yaradılmalıdır” deməklə səfiri təəccübləndirdi. Bu, böyük bir sövdələşmənin mümkünlüyünə eyham idi. 1939-cu il iyunun 28-də Molotov yenidən Şulenburqla görüşdü və münasibətlərin normallaşdırılması imkanlarını müzakirə etdi. Siyasi Büronun 14 iyul tarixində keçirilən iclasında qeyd olunurdu ki, ticarət danışıqlarında “alman tərəfi iyulun 10-da sovet istəklərini, daha dəqiqi, üç əsas istəyi nəzərə aldı: müddət, faiz dərəcəsi [kreditin] və sovet sifarişlərinin siyahısı qəbul edildi”.
Böyük Britaniya və Fransa ilə danışıqlar isə hələ apreldə başlamışdı. Britaniya SSRİ ilə yaxınlaşmağa hazır olduğunu göstərirdi. 1939-cu il mayın 27-də Çemberlen Moskvadakı səfir Uilyam Sidsə qarşılıqlı yardım paktının, hərbi konvensiyanın və Almaniya təcavüzünə məruz qalacaq dövlətlərə veriləcək təminatların müzakirəsinə başlamağı tapşırdı. Müqavilənin qüvvəyə minməsi Almaniyanın Belçika, Yunanıstan, Türkiyə, Rumıniya, Polşa, Latviya, Estoniya və ya Finlandiyaya qarşı təcavüzü halında nəzərdə tutulurdu.
İyulun 1-nə qədər Britaniya və Fransa üç Baltikyanı dövlətə Almaniya təcavüzündən təminat verməyə razılaşdılar və iyulun 8-də müqaviləni imzalanmağa hazır hesab etdilər. Çox vaxt Britaniyanı və Fransanı danışıqların ləng aparılmasında ittiham edirlər, lakin o zaman SSRİ “dolayı təcavüz” termininin geniş şərh etməklə və hərbi konvensiyanın siyasi razılaşma ilə eyni vaxtda bağlanmasında israr etməklə danışıqları uzatdı. Britaniya və Fransa qarşılıq verdilər və iyulun sonlarında hərbi danışıqlara başlamağa razılıq verdilər. Onların hərbi missiyası yalnız 11 avqustda Moskvaya çatdı, çünki danışıqlarda iştirak edən zabitlər əvvəlcə gəmi ilə Leninqrada, sonra da qatarla Moskvaya gəlirdilər.
Tərəflərin hər biri – həm Qərb müttəfiqləri, həm də Stalin – danışıqlara ilk növbədə vaxt udmaq və Hitlerə təzyiq vasitəsi kimi baxırdı. Kreml adından hərəkət edən müdafiə naziri Kliment Voroşilov Polşanın sovet qoşunlarını öz ərazisindən buraxmasını danışıqların əsas mövzusu etdi. Stalinin təlimatında danışıqların gedişi addım-addım göstərilmişdi: “Fransızlar və ingilislər danışıqlarda yenə də israr etsələr, danışıqları ayrı-ayrı prinsipial məsələlər ətrafında – xüsusilə, qoşunlarımızın Vilno dəhlizi və Qalisiyadan, həmçinin Rumıniyadan keçidi məsələsi üzərində diskussiyaya çevirmək… Məlum olsa ki, bizim qoşunların Polşa və Rumıniya ərazisindən sərbəst keçid tam istisna olunur, o zaman bəyan etmək ki, bu şərt olmadan razılaşma mümkün deyil, çünki göstərilən ərazilərdən sovet qoşunlarının sərbəst keçidi olmadan təcavüzə qarşı müdafiə istəniləin halda uğursuzluğa məhkumdur. Biz isə əvvəlcədən məğlubiyyətə məhkum bir işdə iştirak etməyi mümkün hesab etmirik”.
Elə də oldu: fransızların SSRİ-nin təzyiqi ilə Polşa hökumətindən təcili razılıq almaq cəhdləri uğursuz oldu. Varşava əvvəlki mövqeyində qalırdı: Qırmızı ordu ərazimizə daxil olduqdan sonra onun çıxacağına heç bir təminat yoxdur. Polşanın xarici işlər naziri Yuzef Bek Fransanın səfirinə belə demişdi: “Almanlarla azadlığımızı itirmək riski var, ruslarla isə ruhumuzu”.
Avqustun 21-də ingilis-fransız-sovet hərbi danışıqlarının sonuncu iclası keçirildi və bəlli oldu ki, proses dalana dirənib. Avqustun 22-də Fransa bir daha Polşanın SSRİ qoşunlarına keçid verməsi üçün cəhd göstərsə də, uğursuz oldu. Fransız hərbi missiyasının rəhbəri general Dumenk danışıqları davam etdirməyə çalışdı. Lakin Voroşilov “Polşanın, Rumıniyanın və İngiltərənin mövqeyinin məlum olmaması”na istinad edərək, dialoqu davam etdirməyə tələsməməyi məsləhət gördü. Nəticədə, 23 avqusta qədər danışıqlar əsasən tərəflərin səfərbərlik planlarının qarşılıqlı mübadiləsinə çevrildi və Stalin üçün daha vacib olan SSRİ–Almaniya razılaşması səbəbindən dayandırıldı.
(Davamı olacaq)
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burda