“Broyler” toyuqları yemək haramdır? – Elşad Miri AÇIQLADI
27-10-2022, 19:55

Sosial şəbəkələrdə din xadiminin “broyler” toyuq yeməyin haram olduğunu deməsi ilə bağlı yayılan görüntüləri müzakirəyə səbəb olub. Bəziləri bunun doğru hökm olmadığını bildirirlər.
TEREF.AZ-ın məlumatına görə, tanınmış ilahiyyatçı Elşad Miri Pravda.az-a açıqlamasında deyib ki, hansısa məsələ ilə bağlı halal, yaxud haram hökmü qoymaq səlahiyyəti yalnız və yalnız Allaha məxsusdur.
“Allah “Quran”ın 16-cı surəsi olan “Nəhl” surəsinin 116-cı ayəsində deyir ki, dilinizin uydurduğu şəkildə “bu halaldır, o haramdır!” deməyin. Bəli, “broyler” toyuqlarla bağlı bəzi məsələlər var, orqanik deyillər, qidalarına müəyyən hormonal preparatlar əlavə edilir və s. İddialara görə, həmin preparatların kişi və qadınlarda müəyyən dəyişikliklərə səbəbolma ehtimalı var. Kökündə belə ziyanverici məsələlər olduğuna görə mən özüm də bu cür qidalardan imtina etməyə çalışıram. Belə qidalardan imtina edib-etməməsindən asılı olmayaraq, heç kim həmin qidanın haram olduğunu iddia edə bilməz. Kiminsə bu sözü deməsi heç bir şəkildə doğru deyil”, - ilahiyyatçı bildirib.
E.Miri vurğulayıb ki, bu, sadəcə, toyuqla bağlı məsələ deyil: “Bilirik ki, paxlavanın da tərkibindəki kalori və s. insana çox ziyan verir. Amma “paxlava haramdır” deyə bir hökm çıxara bilməzsən. Allahın halal, yaxud haram buyurduğu şeylər “Qurani-Kərim”də bəllidir. Bir əlin barmaqlarına keçməyəcək qədər olan məsələlərdir. Bunu gətirib ümumiləşdirilmiş şəkildə hər şeyə tətbiq etmək doğru və mümkün deyil. Məsələn, Allah donuz ətinin yeyilməsini haram buyurur, amma demir ki, donuzun tükündən, yaxud ürək üçün klapanlarından istifadə etmə. Allah demir ki, donuzun böyrəyinin insana transplantasiyasına icazə vermirəm. Allah belə şeylər demir, sadəcə deyir ki, donuz ətini yeməyin. Haram məsələsi bununla bağlıdır, vəssalam. Belədirsə, o qədər insan orqanizminə ziyanlı qidalar var. Bunlara da “haramdır” demək, heç bir halda doğru deyil”.