Yeni qərar qüvvəyə mindi: Tıxacları azalda biləcəkmi? - Ekspert danışır
28-10-2022, 12:08

Dünəndən etibarən Bakıya orta və ağırtonnajlı yük maşınlarının daxil olması və şəhəri tərk etməsi ilə bağlı məhdudiyyət qüvvəyə minib. Belə ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yük maşınları ilə bağlı qəbul edilmiş qərarın icrasına başlayıb. Yəni bu gündən xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin səhər saat 07:00-dan axşam 22:00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə səhər saat 06:00-dan axşam saat 00:00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkəti qadağan edilib.
Qeyd edilir ki, icazə verilən müddət ərzində paytaxta daxil olmuş yük avtomobilləri səhər saat 07:00-dək, yanacaq daşıyan yük avtomobilləri isə səhər saat 06:00-dək şəhəri tərk etməlidirlər. Bu məhdudiyyətin şəhərə tıxacları azaldacağına güman edilir.
TEREF.AZ-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Bizimyol.info xəbər portalına bildirib ki, bu qərar geciksə də, yerində verilən bir qərardır.
“Dünya praktikasında bu məsələyə nəzər yetirsək, belə halların olduğunu görmək mümkündür. Azərbaycan da dünyanın bir parçası olduğu üçün dünyadan öyrənməli olduğu çox üsul var. Dünya praktikasına görə, ticarət mərkəzləri, sənaye müəssisələri və s. şəhərdə nəqliyyat problemi yaranmasın deyə gecə növbələrində çalışırlar. Yük maşınlarnın gecə saatlarında çalışması təkcə, yol hərəkətinə deyil, insanlara da təsir edir. Gün təkcə gündüzdən ibarət deyil. Bu səbəbdən də 2-3 növbəli iş rejimi, müəyyən qrafiklərin dəyişdirilməsi ilə tıxac probleminə son qoymaq mümkündür. Bu qərardan öncə səhər 8.00-20.00 idisə, qərardan sonra bu müddət qısaldıldı”,- deyə ekspert bildirib.
Onun sözlərinə görə qərarın verilməsi o demək deyil ki, daha şəhərə yük maşınları daxil ola bilməyəcək, yüklər daşınmayacaq. Bu, belə düşünülməməlidir. Şəhərə yük maşınları daxil olmasa belə, xüsusi təyinatlı avtomobillərin daxil olmasına icazə var. Bununla yanaşı tikinti materialları və s. əsasən dəmiryolları vasitəsilə gətirilir.
“Söhbət burada şəhərin mərkəzi hissələri, əsas küçə və prospektlərdən gedir. Bununla yanaşı, icazə verilən kütləsi olan, təxirəsalınmaz öhdəlikləri olan avtomobillər şəhərə daxil ola biləcək”,- deyən ekspert vurğulayıb ki, qərarın icrası yollardakı tıxaclara müəyyən qədər təsir edə bilər.