Dünyaya təhdid olanlar: Azərbaycanda terror təşkilatlarının siyahısı var? - İLGİNC

31-10-2022, 20:35           
Dünyaya təhdid olanlar:
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Almaniya və Avropa İttifaqının (Aİ) terror təşkilatları siyahısına salına bilər.

DİA.AZ bildirir ki, bunu Almaniyanın xarici işlər naziri Analena Berbok deyib. Onun sözlərinə görə, Almaniya və Aİ bu məsələni nəzərdən keçirir. Xatırladaq ki, ABŞ 2019-cu ildə SEPAH-ı terrorçu qruplaşmalar siyahısına daxil edib. Həmçinin, PKK da Türkiyə, Suriya, İraq, İran, ABŞ, Kanada, Avstraliya, Yaponiya və bir çox dünya ölkəsi tərəfindən terror qruplaşması olaraq tanınır. ASALA, İŞİD, “Taliban”, “Hizbullah”, “Əl-Qaidə”, “Boko Haram” və “Əl-Şabab” kimi onlarla qruplaşma da dünyanın bir çox ölkəsi tərəfindən hazırlanan terrorçular siyahısındadır.

Azərbaycanda rəsmi olaraq belə bir siyahı varmı?

Milli Məclisin deputatı Aydın Mirzəzadə 2014-cü ildəki açıqlamasında Azərbaycanın rəsmən terror təşkilatı kimi tanıdığı təşkilatın olmadığını deyib. Millət vəkili Zahid oruc isə 2016-cı ildə Azərbaycanda terror təşkilatlarının siyahısını tərtib edilməli olduğunu bildirib.

Hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanda qeyri-rəsmi formada hazırlanmış terrorçu qruplaşmaların siyahısı ola bilər:

“Ancaq mən onun ictimailəşdiyini görməmişəm. Yəni bu barədə cəmiyyətə məlumat verilməyib. Mən də indiyə kimi belə bir siyahıya rast gəlməmişəm. Buna baxmayaraq, hansısa beynəlxalq qurumların və ya təşkilatların terrorçu kimi tanınması mümkündür. Əslində bu, dünya praktikasında geniş yayılıb. Hətta bir çox ölkələr bu siyahının bir hissəsini ictimailəşdirirlər. Azərbaycanda belə bir siyahı varsa , hansısa məqsədlə açıqlanmır. Çünki Azərbaycanın hansısa qruplaşmanı terrorçu təşkilat kimi tanıdığını açıqladığını görməmişəm”.

“Atlas” Araşdırmlar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da Azərbaycanda belə bir siyahı olduğunu da dair məlumatının olmadığını deyib:

“Amma erməni terror təşkilatları ilə bağlı mövqe var idi və xarici işlər naziri də zaman-zaman bu barədə açıqlamalar verirdi. Yəqin ki, Azərbaycanda terror törədən və strateji müttəfiqimiz Türkiyəyə qarşı terror fəaliyyəti aparan təşkilatların qeyri-rəsmi olsa da belə bir siyahısı var. Burada ASALA, İŞİD, PKK və “Hizbullah” kimi terror qruplaşmaları ola bilər. Hansı ki, onlar Azərbaycanın strateji müttəfiqi Türkiyəyə qarşı da təhdiddir. Amma konkret bir siyahı haqqında məlumatım yoxdur və son illərdə belə bir siyahı görməmişəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.