Əfqan Zeynalov zəhərlənib, yoxsa TENDER PULLARINI YEYİB? - İŞ BUNDADIR...

1-11-2022, 20:12           
Əfqan Zeynalov zəhərlənib, yoxsa TENDER PULLARINI YEYİB? - İŞ BUNDADIR...
Bakı Ağır Cinayətlər Məhkəməsində maraqlı bir məhkəmə prosesi keçirilir.

Müttəhimlər kürsüsündə orta yaşlarında olan Nelli Fabriçnaya əyləşib.

O, “Avtotransyol” və “Murov TSK” şirkətlərinin kadrlar şöbəsinin müdiri olub.

Zərərçəkmişsə hər iki şirkətin baş direktoru Əfqan Zeynalovdur.

İttiham da bundan ibarətdir ki, Nelli Fabriçnaya Əfqan Zeynalova məxsus bu şirkətlərin 423 min dollar (700 min manatdan çox) pulunu ələ keçirib.

Bu cinayət işi Əfqan Zeynalovun şikayəti əsasında başlanıb.

O, polisə şikayət edərək saxlamaq üçün Nelliyə verdiyi pulların sonuncu tərəfindən mənimsənildiyini deyib.

Əfqan Zeynalov məhkəmədə deyib ki, şirkətlər dəmir yollarının tikintisi üçün “Azərbaycan Dəmir Yolları” QSC ilə müqavilələr bağlayıb.

Şirkət eyni zamanda avtomobil yollarının salınması ilə məşğul olub.

2018-ci ildən işçisi olan Nelliyə inandığından, müəyyən işlər görmək üçün qadına etibarnamə verib, tenderdən udduğu pulları onun evindəki seyfdə saxlamaqdan da çəkinməyib.

Nelli Fabriçnaya ibtidai istintaqa verdiyi ifadəsində pulun bir qismini sevgilisinə xərclədiyini, bir qismini isə işdəki xadiməyə kömək məqsədilə verdiyini desə də, məhkəmədə keçmiş müdiri tərəfindən şərləndiyini bildirib.

İbtidai istintaq zamanı isə ifadəsini təzyiq altında verdiyini vurğulayıb.

Məhkəmədə keçmiş müdiri tərəfindən şərləndiyini iddia edib.

Müttəhim hesab edir ki, Əfqan Zeynalov tenderdən gələn pulları özü mənimsəyib, əməlini ört-basdır etmək üçün onu şərləyib.

Əfqan Zeynalovsa iddiasından əl çəkmir.

O, ötən məhkəmə iclaslarında bildirib ki, Nelli hətta onu öldürməyə də cəhd edib: “Guya mənə soyuqdəymə dərmanı vermişdi. İçdim, komaya düşdüm. Məni zəhərləyib öldürmək istəyirdi”.

Bu arada Əfqan Zeynalovun zəhərləmə iddiası hələ ibtidai istintaq dövründə araşdırılıb və təsdiqini tapmayıb. Ancaq o, məhkəmədən həmin iddianın yenidən araşdırılmasını tələb edib.

Noyabrın 1-də məhkəmə şahid qismində Əfqan Zeynalovun bacısı Hökumə Zeynalovanı dindirib.

Şahid deyib ki, qardaşının vəziyyətinin qəfil ağırlaşdığını eşidən kimi onun kirayə qaldığı evə gedib. (Əfqan Zeynalov Nellinin yaşadığı evlə üzbəüz binada ev kirayələyərək orada yaşayırmış). Ona yemək hazırlayıb, yedirdib.

Nelli Əfqana maye içizdirib, Əfqanın halı pisləşib: “Nelli qonşu otağa keçdi, kiməsə zəng vurdu, dedi ki, dərmanı bir neçə dəfə verdim, ancaq hələ Maştağalıq olmayıb. Heç nə başa düşmədim. Sabahı gün yaxasından balaca şüşə çıxaranda əlində tutdum, dedim, bu nədir? Dedi ki “valerian”dır”.

Hökumə Zeynalova ifadəsində göstərib ki, həmin gün qardaşının surumu qəfil ağırlaşıb və o, digər qardaşına zəng vurmalı olub.

Köməkləşərək Əfqanı həkimə aparıblar: "Qardaşım dedi ki, Nelli pulları oğurlayıb, onu öldürmək istəyir. Mən bu barədə Nelliyə deyəndə əvvəl boynuna almadı. Mən ona qardaşımı zəhərlədiyini anladığımızı deyəndə ağladı. Dedi ki, mən öldürməsəydim, onlar məni öldürəcəkdi. Onlar kimdir, bilmədik. Yalvardı ki, şikayət etməyək, pulları qaytaracaq ancaq qaytarmadı, əksinə, sonralar bu mövzuda mübahisəmiz düşəndə dedi, əcəb eləmişəm".

Şahid ifadə verdikcə, Nelli Fabriçnaya tez-tez məhkəməyə onun yalan danışdığını deyib.

Şahid tərəflərin suallarını cavablandırandan sonra hakim Faiq Qəniyev növbəti məhkəmə iclasını noyabrın 14-ə təyin edib. //toplum.tv//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.