Gələn il Naxçıvan sakinləri Qarabağ ermənilərindən də pis yaşayacaq (TƏFƏRRÜAT)

4-11-2022, 08:49           
Gələn il Naxçıvan sakinləri Qarabağ ermənilərindən də pis yaşayacaq (TƏFƏRRÜAT)
2023-cü ildə Naxçıvan Muxtar Respublikası (NMR) büdcəsinin gəlirləri 646,4 milyon manat (380 milyon dollar) olacaq ki, onun da 480,9 milyon manatı (283 milyon dolları) və ya 74,4 faizi Azərbaycan dövlət büdcəsindən NMR-in büdcəsinə dotasiya olacaq.

AzToday.az xəbər verir ki, bu barədə iqtisaqçı alim Qubad İbadoğlu məlumat paylaşıb.

Onun sözlərinə görə, Naxçıvan mərkəzi büdcədən ayrılan vəsait Ermənistanın Qarabağa ayırdığı vəsaitdən azdır:

“Baxın və müqayisə edin.

Qarabağın dağlıq hissəsində maksimum 100 min erməni yaşayır, gələn il Ermənistan büdcəsindən onlara 370 milyon dollar dotasiya, yəni adambaşına 3700 dollar vəsait ayrılır.

Naxçıvanda siyahi sayı üzrə 463 min 585 nəfər yaşayır, gələn il Azərbaycan büdcəsindən onlara 283 milyon dollar dotasiya., adambaşına 610 dollar vəsait ayrılır.

Göründüyü kimi gələn il Ermənistanın Qarabağa ayıracağı adambaşına düşən dotasiya məbləği Azərbaycanın Naxçıvana ayıracağı adambaşına düşən dotasiya məbləği ilə müqayisədə 6 dəfədən də çoxdur. Onu da nəzərə alın ki, Naxçıvana gedən pulun çox hissəsi də korrupsionerlər tərəfindən mənimsənilir. Sonra da deyirlər ki, guya naxçıvanlılar yaxşı yaşayır. Yaxşı yaşaydılar, İqdıra, Ərzuruma, Qarsa çorək qazanmağa getməzdilər. Rəsmi məlumatlara görə, Naxçıvanda orta aylıq əmək haqqı 595 manatdır ki, bu da ölkə üzrə orta aylıq əmək haqqının 71,7 faizini təşkil edir. Naxçıvanda işsizlik səviyyəsi də ölkə respublikasının orta göstəricisindən yüksəkdir.

Yekun olaraq onu da deyim ki, 2023-cü ildə Azərbaycan 19,4 milyard dollarlıq, Ermənistan isə 6,4 milyard dollarlıq büdcə xərcləmələri nəzərdə tutur. Beləliklə də Azərbaycanda büdcə xərcləmələri adambaşına 1900 dollar, Ermənistanda isə 2133 dollar təşkil edəcək. Halbuki 2023-cü ildə Azərbaycan büdcə mədaxilinin 54 faizi neft sektorundan daxilolmalar hesabına formalaşacaq…”

Orxan Məmmədli

AzToday.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.