GİZLİ YOLLA yazılmış səs və VİDEOLAR: Sübut kimi istifadə oluna bilərmi? – Hüquqi İZAH

4-11-2022, 21:42           
GİZLİ YOLLA yazılmış səs və VİDEOLAR: Sübut kimi istifadə oluna bilərmi? – Hüquqi İZAH
“Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz”.

TEREF.AZ xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında hüquqşünas Murad İsmayılov bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Buna görə də heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

“Sübutların əldə edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması aşağıdakı formada baş verə bilər:

– sübutların qanunla nəzərdə tutulmayan sübutetmə vasitələri ilə əldə edilməsi;

– sübutların əldə edilməsinin prosessual qaydalarının pozulması;

– qanunsuz yolla əldə edilmiş məlumatların sübut kimi işə cəlb edilməsi.

Məsələn, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır.

Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir:

– faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə;

– faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə;

– faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə”.

Həmçinin M.İsmayılov bildirib ki, qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.

“Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir.

Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. AR-sı Mülki Prosessual Məcəlləsinin 95-ci maddəsinə görə elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur.

Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Yalnız əməliyyat-axtarış fəaliyyətinin subyektləri “Əməliyyat-Axtarış fəaliyyəti haqqında” qanunun 10-cu maddəsinə görə məhkəmə qərarı əsasında telefon danışıqlarına qulaqasma, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, insanların güdülməsi, əşya və sənədlərin tədqiqi kimi əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər.

Şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər”, - deyə hüquqşünas M.İsmayılov məlumat verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.