Keçmiş nazirin otelini dizayn edən şirkət məhkəmə qarşısında

11-01-2023, 00:02           
Keçmiş nazirin otelini dizayn edən şirkət məhkəmə qarşısında
Məşhur mebel və dizayn şirkəti olan “Tutto Bello” MMC ilə “SV Construction” MMC arasında podrat müqaviləsi üzrə mübahisə yaranıb.
Qaynarinfo xəbər verir ki, “Tutto Bello” MMC məhkəməyə müraciət edib. İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Zülfqar Sadıqovun sədrliyi ilə baxılıb. Hakimin qərarı “SV Construction” MMC-ni qane etmədiyinə görə şirkət apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüsalə Baxışovanın sədrliyi ilə araşdırılacaq.
“Tutto Bello” MMC 28 dekabr 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin saytında isə 2002-ci ildən fəaliyyət göstərdiyi qeyd edilib. Nizamnamə kapitalı 200 AZN olan şirkətin qanuni təmsilçisi Məmmədov Anar Yusif oğludur.
Anar Məmmədov ötən il 153 min manatlıq qalmaqalla gündəmə gəlib. Mediada gedən məlumata görə, “AED” MMC-nin direktoru Dövran Abbasov dələduzluğa məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib. Bu məsələdə isə Anar Məmmədovun adı hallandırılıb.
Anar Məmmədov isə mətbuata açıqlamasında ittihamların əsassız olduğunu bildirib.
“Tutto Bello” MMC “Rixos Quba”, “Dədə Qorqud Parkı”, “Qış Parkı”, Bulvardakı “Mini Venice”, “Jumeirah Bilgah Beach Hotel” və daha bir çox layihələrin icrasında iştirak edib.
Məlumat üçün deyək ki, “Rixos Quba” nəqliyyat naziri Ziya Məmmədova məxsus olub. Hazırda otelin onun nəzarətindən çıxdığı deyilir.
“SV Construcion” MMC-yə gəlincə, şirkət 8 yanvar 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN, qanuni təmsilçisi isə Niyazov Vaqif Misir oğludur.
Açıq mənbələrdə onun barəsində hər hansı məlumat yoxdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.