“Vaqner”in Soledarı ələ keçirməsi böyük uğur deyil – Aqil Rüstəmzadə

12-01-2023, 00:07           
“Vaqner”in Soledarı ələ keçirməsi böyük uğur deyil –
Bir neçə həftədir davam edən ağır döyüşlərdən sonra Rusiya ordusu böyük qurbanlar hesabılna Soledar şəhərinin böyük hissəsini ələ keçirib. Bu istiqamətdə “Putinin aşbazı” ləqəbi ilə məşhur olan Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner” qrupu döyüşür. Priqojin və ona yaxın media bu üstünlüyü böyük uğur kimi təqdim etməyə başlayıb.

Hərbi analitik Aqil Rüstəmzadə hesab edir ki, Soledarın tutulmasını böyük uğur kimi təqdim etmək yanlışdır: “Birincisi, Soledar adətən xəritələrdə 10 min nəfərə qədər əhalisi olan şəhər tipli qəsəbədir. Ukraynada min nəfərdən artıq əhalisi olan yaşayış məskənləri şəhər adlandırılır.

İkincisi, istənilən hücumun məqsədi düşmənin müdafiəsinin stabilliyini pozmaqdır. Birinci Dünya Müharibəsi illərində olduğu kimi, müdafiəni yavaş-yavaş silkələmək stabilliyi pozmur, sadəcə cəbhə xətti öz konfiqurasiyasını dəyişir, sabit qalır. Elə buna görə də Birinci Dünya Müharibəsinin mənasız döyüşlərinin təcrübəsi əsasında çoxsaylı dərin sıçrayış nəzəriyyəsi yaradıldı.

Kritik müdafiə nöqtəsini təmin etdikdən sonra dərinlikdən sürətli irəliləyiş müdafiədən hücum əməliyyatının göstəricisi kimi qəbul olunur. Əgər yaxın gələcəkdə belə bir hücum olmasa, onda Rusiya ordusunun sıçrayışlı uğurundan danışmaq mümkün deyil”.

Təhlilçi bildirir ki, ən vacibi bu nəticəni əldə etmək üçün nə qədər qurbanların verilməsidir: “Biz, əlbəttə ki, onların sayını heç vaxt dəqiq bilməyəcəyik. Üstəlik, Soledarı “Vaqner” ələ keçirdiyinə görə bu uğur heç bir statistikada qeydə alınmayacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.