Məhkəmə direktor müavininin jurnalistə qarşı iddiasına xitam verdi

13-01-2023, 17:43           
Məhkəmə direktor müavininin jurnalistə qarşı iddiasına xitam verdi
Dekabrın 13-də Apelyasiya Məhkəməsi məktəb direktorunun müavininin jurnalist Sevinc Abbasova (Vaqifqızı) barəsində verdiyi şikayətə xitam verib.

TEREF.AZ Meydan TV-yə istinadla xəbər verir ki, Sevinc Vaqifqızı növbədənkənar prezident seçkisi zamanı 251 saylı məktəbdə çəkdiyi video-materiala görə həmin məktəbin direktor müavini Elmira Alandarova və (daha sonra işdən azad olunub) ailəsi tərəfindən məhkəməyə verilib.

Jurnalist 5 ildir ki, məlum videogörüntüyə görə məhkəmə çəkişməsində idi.

Bu səbəblə əvvəlcə video materialın jurnalistin təmsil olunduğu KİV-dən silinməsi, sonra isə Sevinc Vaqifqızının ölkədən çıxışına qadağa qoyulması, həbs edilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdi.

Məhkəmədə Elmira Alandarovanın qanuni təmsilçisi, həyat yoldaşı Rasət Qasımov iştirak edib.

Ötən il fevralın 14-də Binəqədi Rayon Məhkəməsi Alandarovanın jurnalistə qarşı iddiasını rədd edib.

Bundan sonra iddaçı tərəf Apelyasiya Məhkəməsinə üz tutub və nəhayət, bu instansiya işə xitam verib.

Sevinc Vaqifqızı bildirib ki, o, işini görüb və etdiyində hər hansı qanun pozuntusu olmayıb:

“Görünür, elə ona görə də Binəqədi Rayon Məhkəməsi işə xitam qərarı vermişdi. Lakin qarşı tərəf həmin qərardan apelyasiya şikayəti vermişdi. Apelyasiya da həmin xitam qərarın qüvvədə saxladı”.

Jurnalist deyib ki, bu, sonuncu instansiya məhkəməsi idi:

“Mənə qarşı həm həbs, həm də ölkədən çıxışıma qadağa qoyulması tələb edilirdi. Bu gün, nəhayət, iş bitdi”.

Onun dediyinə görə, seçki saxtakarlığında iştirak edən direktor müavini tələb edirdi ki, çəkdiyi video silinsin, təkzib olunsun və o üzr istəsin:

“5 ildir ki, “eləmirsə, onun ölkədən çıxışına qadağa qoyun, həbs edin” janrında bir məhkəmə gedirdi. Bu gün o məhkəmə bitdi. Bakı Apelyasiya Məhkəməsi işə xitam verdi. Üzr, təkzib, videonu silmək tələbləri aradan qalxdı”.

Jurnalist Sevinc Vaqifqızı prezident seçkisində 25 saylı seçki dairəsinin 14, 15 və 16 saylı məntəqələrində çəkiliş edib.

Hər üç məntəqə 251 saylı orta məktəbdə yerləşir.

Sevinc Vaqifqızı seçki günü həmin məktəbin direktor müavini Elmira Alandarovanın hərəkətlərini (onun məntəqələrdə davranışı, qrup şəklində səsverməyə gələnlərlə söhbəti və s.) çəkib.

Meydan TV-nin həmin materialı “Azadlıq” qəzetində, sosial şəbəkələrdə yayımlanıb.

Jurnalist, sadəcə, çəkdiyi görüntülərdən ibarət videomaterial hazırlayıb, şərh verməyib.

Elmira Alandarova bununla şərəf və ləyaqətinin ləkələndiyini iddia edərək jurnalisti məhkəməyə verib.

O, jurnalistdən, Meydan TV və “Azadlıq” qəzetindən üzrxahlıq, 2 min 500 manat da kompensasiya tələb edirdi.

2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.

Seçki dövlət başçısının istəyinə uyğun 6 ay önə çəkilib.

Seçkidə hakim partiyanın namizədi İlham Əliyevin 86 faiz səslə qalib gəldiyi bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.