Azərbaycanda 20-30 ildir həbsdə yatan məhbuslar var – “Ömürlük”lərin sayı açıqlandı
5-04-2023, 00:03

Bu gün Azərbaycanda təxminən 260-270 ömürlük, 20-30 il cəza çəkən ömürlük məhbuslar var.
Ömürlük Məhbusların Müdafiə Komitəsinin rəhbəri Akif Nağı Qaynarinfo-ya açıqlamasında bildirib ki, “ömürlük”lərin arasında müxtəlif səbəblərdən həbs olunan şəxslər yer alıb:
“Amma biz Müdafiə Komitəsi olaraq onların hamısını müdafiə etmirik. Biz 25-30 nəfərə qədər şəxsi müdafiə edirik ki, onlar da bir neçə qrupa ayrılır. Məsələn, Qarabağ partizanı Məmməd Məmmədov 2003-cü ildə həbs olunub. 20 ildir ki, həbsdədir. Digər nümunəyı nəzər salaq. “OMON”çular – Elçin Əmiraslnov, Səfa Poladov, Arif Kazımov 1996-cı ildən həbs həyatı yaşayırlar. Onların dövlət qarşısında xidmətləri olub və əfv edilə bilərlər. Hesab edirik ki, 1998-cü ildə güllələnmə hökmündən ömürlük həbsə keçənlərin bir qismi əfv olunması mümkündür.
Dördüncü kateqoriya 30 ildən artıq həbsdə olan Əli Quliyev və digərləri daxildir. Beşinci kateqoriya ləğv edilmiş MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun qanunsuz hərəkətlərinin qurbanlarıdır ki, onların da biri Samir Sanıyevdir”.
Akif Nağı deyib ki, “ömürlüklər”in cəzasının yüngülləşdirilməsi üçün dövlət komissiyası yaradılmalıdır:
“Onlar müddətli həbs cəzasına keçməlidirlər. Təklif edirik ki, 20 il həbs cəzası çəkəndən sonra onlar azad olunsunlar, amma daimi nəzarətdə saxlanılsınlar. Biz bu istiqamətdə onların hüquqlarını müdafiə edirik”.