Kərə yağının istehsalı niyə azalır? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ
5-04-2023, 13:54

"Yerli istehsalın azalmasının səbəbi hazırda ölkəmizdə heyvandarlığın səmərəli olmamasıdır. Kərə yağının əsas mənbəyi heyvandarlıqdır. Kərə yağının istehsalının azalması bizdə heyvandarlıq sahəsində müəyyən problemlər yaşandığını göstərir. Məsələn, heyvanların yemi azalıb. Bir tərəfdən torpaq sahələri zəbt olunub və örüş sahələri yoxdur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Rauf Qarayev deyib.
Onun sözlərinə görə, ölkədə yem bazası qıtdır, heyvanların bəslənməsi üçün yem azdır: "Xaricdən alınma isə baha başa gəlir. Fermer də hesab-kitab edir, heç bir gəliri olmadığını görür, nəticədə məcbur qalıb heyvan saxlamaqdan imtina edir, onun yerinə kənd təsərrüfatının digər sahələri ilə məşğul olur. Bu da ölkədə heyvandarlıqda müəyyən tənəzzülə gətirib çıxarır. Nəticədə biz kərə yağı istehsalının azalmasını müşahidə edirik".
İqtisadçı sözlərinə davam edərək bildirib ki, yaşanan bu problem həm də kənd təsərrüfatında düzgün planlaşdırma olmamasının nəticəsidir: “Ölkədə kənd təsərrüfatı sahəsində müəyyən boşluqlar var. Müəyyən təhlillər doğru aparılmır, statistik məlumatlar düzgün deyil, planlama düzgün təşkil olunmur. Planlaşdırma odur ki, bir məhsula hərtərəfli baxmaq lazımdır. Statistik məlumatlar, təhlillər olmalıdır ki, bu məhsulu əkəndə, biz nə qədər fayda götürəcəyik? Misal üçün, biz pambıq əkəndə, pambıqdan son nöqtədə onun heyvanlar üçün yem kimi istifadəsinə qədər baxmalıyıq. Yəni məhsul istehsal edəcəyiksə, orda heyvandarlığı da düşünməliyik. Çoxşaxəli məhsul əkmək lazımdır. Həm heyvandarlıqda istifadə edək, həm də digər sahələrdə strateji əhəmiyyəti olsun. Üstəlik də gəlirlilik önəmlidir.
Xaricdən gətirilən məhsul indi yerli istehsaldan daha ucuz başa gəlsə də, bir müddət sonra onların qiyməti də artacaq. Yerli istehsal azalır, idxaldan asılılıq artır. İdxal məhsulları yerli istehsaldan daha münasib qiymətə başa gəlir, ona görə seçim olur. Ancaq bu, indi üçün belədir. Bu, sonradan qiymətlərin artmasına gətirib çıxaracaq. Çünki bazarda ancaq idxal məhsulları olacaq, yerli istehsal da o qədər deyil ki, alternativ olsun, rəqabət yaransın. İdxaldan asılılıq olacaqsa, bir müddət sonra burda da istədikləri qiymətləri təyin edə biləcəklər”.