Evin həbsxanasındakı “casus” azərbaycanlı qadın: KİMDİR? - İLGİNC

6-06-2023, 21:30           
Evin həbsxanasındakı “casus” azərbaycanlı qadın: KİMDİR? - İLGİNC
İranda Azərbaycan vətəndaşı olan qadın həbsdə saxlanılır.

TEREF.AZ Cebhe.info-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşı Validə Yusifova Tehranın Evin həbsxanasında dustaq həyatı yaşayır. İran mediasının məlumatına görə, Validə Yusifova 2022-ci ilin yanvarında İranın Muğan şəhərində həbs edilirək əvvəlcə Ərdəbil həbsxanasına aparılıb.

Məlumatda vurğulanır ki, Validə Yusifova Ərdəbil həbsxanasında bir müddət saxlandıqdan sonra Təbrizdəki təhlükəsizlik orqanlarının nəzarəti altında olan həbsxanaya aparılıb və orada o, 3 aya yaxın təkadamlıq kamerada saxlanılıb. Bundan sonra Validə Yusifova istintaqa cəlb olunub.

Daha sonra istintaqın davam etdirilməsi üçün SEPAH-ın Kəşfiyyat (ETTELAAT) Təşkilatının həbsxanasının 2-A adlanan bölümünə köçürülüb. İstintaq bitəndən sonra Validə Yusifova 2022-ci ilin 24 iyununda Evin həbsxanasının qadın məhbuslar bölməsinə aparılıb.

Validə Yusifova bir müddət öncə hakim Əbülqasım Sələvatının sədrliyi ilə Tehran şəhər İnqilab Məhkəməsinin 15-ci şöbəsində mühakimə olunub. Yusifova “narkotik qaçaqmalçılığı” və “casusluq”da ittiham edilib. Verilən məlumatlarda qeyd olunur ki, 31 yaşlı subay xanımın İranda heç bir tanışı yoxdur və saxlanıldığı təxminən 2 il 6 ay müdətində ona Azərbaycanda öz ailəsi ilə əlaqə yaratmasına imkan verilməyib.

Digər mənbənin məlumata görə, azərbaycanlı xanıma həbsxana rəhbərliyi tərəfindən fasiləsiz yüksək dozada yuxugətirici və sakitləşdirici dərmanlar verilib.

Qeyd edək ki, İran hakimiyyəti siyasi divdentlər qoparmaq üçün xarici ölkələrin, xüsusilə Avropa dövlətlərinin vətəndaşlarını absurd ittihamlarla həbs edir. Azərbaycan Respublikasına qarşı vaxtaşırı təhdid bəyanatları səsləndirən İran rejimi azərbaycanlı xanımı sübutunu açıqlamadığı ittihamlarla həbsdə saxlayır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.