Kənd təsərrüfatında istehsal azalır, ərzaq idxalı artır
Bu gün, 12:44

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının azalması ölkəyə gətirilən yeyinti məhsullarında artım ilə müşayiət olunur.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 9 milyard 424 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0.8 faiz azdır. Azalma bitkiçilik məhsullarında özünü göstərib.
Nəticədə ölkəyə ərzaq məhsullarının idxalı artmaqdadır. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin səkkiz ayında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 1 milyard 666 milyon 262 min ABŞ dollarına bərabər olub. Bu, ötən ilin analoji dövrünə nisbətən 8.6 faiz çoxdur.
Amma ət idxalında azalma var. Əvəzində xaricdən süd alışı artıb. Elə son bir ildə Azərbaycanda südlə müqayisədə ətin qiymətlərində daha çox artım müşahidə edilir.
Xatırlatma
2015-ci ildə dünyada neftin kəskin ucuzlaşmasından sonra Azərbaycan hökuməti iqtisadi şaxələnməni qarşıya başlıca məqsəd olaraq qoymuşdu. Amma Azərbaycanda hələ də ixracın 90 faizi neft və qazın payına düşür. Bununla belə, istər 2023 və istərsə də 2024-cü ildə Azərbaycanda kənd təsərrüfatında az da olsa, artımdan bəhs edilirdi.