Ermənilər nəinki təslim oldu, ümumiyyətlə, 100 illik davalarını buraxıb getdilər - Səxavət Məmməd yazır

Bu gün, 00:01           
Ermənilər nəinki təslim oldu, ümumiyyətlə, 100 illik davalarını buraxıb getdilər - Səxavət Məmməd yazır
Antiterror əməliyyatının əsası Şuşa şəhərinin işğal edilməsi əməliyyatı zamanı qoyulmuşdu. O zaman seçim etmək lazım idi: Xankəndini işğaldan azad edib Şuşanı antiterrora saxlamaq, yoxsa Şuşanı işğaldan azad edib Xankəndini antiterrora saxlamaq. Azərbaycan tərəfinin qərarı Şuşanı işğaldan azad edib Xankəndini antiterrora saxlamaq yönündə oldu.
Sonuncu antiterror əməliyyatına qədər bir neçə dəfə lokal əməliyyat keçirilmişdi. 44 günlük müharibədən sonra, xüsusilə Laçın və Kəlbəcər istiqamətində əlbəyaxa mövqeləri nəzarətə götürülürdü. İlk və ən önəmli əməliyyatlardan biri isə Fərrux əməliyyatı idi. Birinci müharibə zamanı Azərbaycan ordusunun bəlkə də ən çox itki verdiyi istiqamətlərdən biri Fərrux dağı olub. Fərrux əməliyyatı 2022-ci ilin mart ayının 26-da həyata keçirilir və əməliyyat itkisiz başa çatır. Bu əməliyyatın əhəmiyyəti barədə dəfələr yazmışam. Bu əməliyyatın ən uğurlu tərəflərindən biri də əməliyyatın qısa zamanda baş verməsidir. 15:00-da əməliyyata start verilir. 55 dəqiqə sonra, yəni 15:55-də Fərrux kəndi, 16:05-də isə Fərrux dağı Azərbaycan ordusunun nəzarətinə keçir. Qeyd edim ki, əməliyyata polkovnik Elşən Qapaqov rəhbərlik edib. Ardınca Qırğız, Sarıbaba yüksəkliklərinin işğaldan azad edilməsi ilə nəticələnən “Qisas” əməliyyatı həyata keçirildi. Bundan əlavə, sərhəd toqquşmaları baş verdi. Həyata keçirilən əməliyyatların hər biri Azərbaycan üçün uğurlu oldu.
Qarabağda 19-20 sentyabr həyata keçirilən antiterror əməliyyatı Azərbaycan ordusu üçün sonuncu və separatizmin sonunu gətirən əməliyyat oldu. Bu əməliyyata qədər isə xeyli işlər görüldü. Azərbaycan tərəfi Ermənistanla Azərbaycan arasında Laçın sərhəd keçid məntəqəsi qoymaqla həm də Ermənistandan separatçı rejimə və onun ordusuna gətirilən təchizatın qarşısını almış oldu. Hesab edirəm ki, bu hadisənin özü əməliyyat qədər önəmli idi və əməliyyatın qısa zamanda baş verməsinə şərait yaratdı. Əgər sərhəd keçid məntəqəsi qoyulmasa idi, Ermənistandan dəstək mütləq şəkildə gələcəkdi. Bu isə əməliyyatın planlanıldığı kimi 24 saata başa çatmasına mane törədə bilərdi.
Antiterror əməliyyatı xarakter baxımdan 44 günlük müharibədən xeyli dərəcədə fərqlənirdi. Hava şəraitinin pis olması, yağış və duman dronların işləməsinə konkret maneçilik törədirdi. Azərbaycan ordusu havaya xeyli sayda dron qaldırsa da, onlardan heç bir nəticə ala bilməmişdi. Ona görə də bu əməliyyatı quru əməliyyatı da adlandıra bilərik. Qeyd etmək lazımdır ki, separatçı rejim və onun “ordu”su da ciddi şəkildə hazırlıq görmüşdü. Onlar saysız-hesabsız kameralar quraşdıraraq Azərbaycan ordusunun hərəkətini əvvəlcədən görə bilir və atılan addımlara qarşı adekvat davrana bilirdilər. Bəzi yerlərdə az qala hər ağaca kamera quraşdırdıqları sonradan məlum olur. Havanın əlverişsiz olması isə Azərbaycan ordusunu “kor” edirdi. Bundan əlavə, çətin relyef də qarşı tərəfin işini asanlaşdırırdı. Əslində, bir çox şey qarşı tərəfin xeyrinə idi. Əlverişsiz hava, çətin relyef, sanksiya üçün pusquda gözləyən Qərb…
Digər çətinlik isə mülki obyektlərə və insanlara zərər vermədən əməliyyatın həyata keçirilməsi idi. Demək olar ki, bütün artilleriya vasitələrinin yanında mülki maşınlar saxlanılmışdı. Bundan əlavə, hərbi obyektlərdə mülki formada insanlar peyda olmuşdu. Bunlara zərər vermək pusquda durnaların işinə yarayacaq amillərdən idi. Azərbaycan ordusu bütün bu çətinliklərə rəğmən, qüsursuz hərbi əməliyyat həyata keçirməyə məcbur idi. Qeyd etmək lazımdır ki, qarşı tərəf ciddi şəkildə müqavimət göstərirdi.
44 günlük müharibədən fərqli olaraq Azərbaycan ordusunu qarşısında qoyulan tapşırıq hansısa yüksəkliyi, kəndi, rayonu işğaldan azad etmək yox, qarşı tərəfi təslimçiliyə gətirmək, ağ bayraq qaldırmağa nail olmaq idi. Bunun üçün ən önəmli məsələ yol qovşaqlarının tutulması, təchizat yollarına nəzarəti götürmək, separatçılar arasında həm fiziki, həm də rabitə əlaqəsini kəsmək idi. Bunların icrası qısa zamanda və sürətli şəkildə həyata keçirilməli idi. Zaman və sürət itkiləri qaçılmaz edirdi. İcra olunan əməliyyat zamanı mülki obyektlər və mülki şəxslər zərər görmədi. Qərbin çağırdığı BMT iclası da nəticəsiz qaldı. Antiterror əməliyyatı göstərdi ki, 44 günlük müharibədən keçən 3 il ərazində separatçı rejim ciddi şəkildə silahlana bilmiş, 44 gün ərazində dağıdılmış ordunu yenidən formalaşdırmaq yönündə addımlar atmışdılar, ancaq güc nisbəti Azərbaycanın tərəfində idi.
Yuxarıda da qeyd etmişdim, Azərbaycanın əsas məqsədi hansısa ərazini işğaldan azad etmək yox, qarşı tərəfin təslim olması idi. Təslimçilik şərtləri diktə etmək, qəbul etdirmək deməkdir. Ermənilər nəinki təslim oldu, ümumiyyətlə, 100 illik davalarını buraxıb getdilər. Azərbaycan isə 100 illik problemini kökündən həll etmiş oldu.
Səxavət Məmməd
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru