Kadusilər irandilli deyil

Bu gün, 16:04           
Kadusilər irandilli deyil
Kadusilər haqqında dünya alimləri olduqca fərqli fikirlər söyləyir. Bu fikirləri ümumiləşdirəndə hansı qənaəyə gəlmək olur?
Tarixçi və dilçi alimlərin bir qrupu yazılı mənbələrdəki məlumatlar və mövcud faktlar əsasında kadusilərin irandilli olmadığı nəticəsinə gəlmişdir. Yazılı mənbələrdəki həmin məlumatlar Herodotun “Tarix “, Strabonun “ Coğrafiya” , Bizanslı Stefanın “ Tayfaların təsviri “ və Klavdi Ptolemeyin “ Coğrafiya dərsliyi “ adlı əsərlərindədir .
Strabon “Coğrafiya” adlı əsərində yazır ki, Parsua və Midiyanın bir hissəsi, həmçinin Baktriya və Soqdiananın şimal hissəsi Ariana adlanır. Arianada yaşayan bütün ari xalqları bir-birindən azacıq fərqlənən demək olar ki , bir dildə danışırlar ( Strabon . XV . 2 , 8 ). Arianada yaşayan ari xalqları isə on tayfalıq farslardan (Herodot. Tarix. I. 125), altı tayfalıq midiyalılardan (Herodot. Tarix. I. 101) və sak və sarmat tayfalarının irandilli hissəsindən ibarət idi.
Strabon kadusilərdən bəhs edərkən göstərirdi ki , onlar midiyalılar və matienlərlə Paraxoafr dağlarının ətəklərində qonşudurlar (Strabon. XI . 8 , 😎. Kadusilər Kiçik Midiyanın, yəni Atropatenanın
(Strabon. XI. 13, 3 ) , matienlər isə Böyük Midiyanın Matiena vilayətinin sakinləri olsalar da (Strabon. II. 1 , 14 ; Polibi. “Ümumi tarix”.V, 44 ), Strabon onları midiyalı adlandırmırdı. Çünki onun midiyalı sözünün əsasında ərazi yox, etnik mənsubiyyət dayanırdı. III – IV əsr müəllifi Bizanslı Stefan da “Tayfaların təsviri “ adlı əsərində göstərirdi ki , arianlar ( arilər ) kadusilərlə qonşu olan xalqdır ( Bax: Kamal Əliyev. Azərbaycan tarixinə dair antik mənbələr. Bakı - 1987 , səh. 97 ). Yəni kadusilər ari deyildir. Başqa sözlə desək , kadusilər irandilli deyildir. Strabon özü də kadusilərin ari tayfası olmadığını göstərir , onların piyada döyüşçülərin sayına görə , arilərdən azacıq geridə qaldığını bildirirdi (Strabon. XI . 13 , 4 ).
Yazılı mənbələrdəki məlumatlar əsasında kadusilərin irandilli olmadığı nəticəsinə gəlmiş alimləri üç qrupa bölmək olar. Birinci qrupa daxil olan alimlərdən akademik Ə. Sumbatzadə, akademik Mahmud İsmayılov, e. d. S. Qasımova və məşhur tarixçi L. N. Qumilyov kadusilərin irandilli olmadığını göstərsələr də , onların hansı dildə danışdığı haqqında konkret fikir söyləməmişlər.
İkinci qrupa daxil olan alimlərin fikrincə kadusilər qafqazdilli olmuşdur . Kadusiləri qafqazdilli hesab edən ən nüfuzlu alimlər İ. V. Pyankov və Ed. Meyerdir. Onların fikrincə, kadusilər Kaspi adı altındakı irandilli olmayan Şərqi Qafqaz tayfalarındandır. Onlara bu mülahizəni irəli sürməyə əsas verən başlıca fakt isə Klavdi Ptolemeyin ( 87 – 165 ) kadusiləri leqlərlə eyniləşdirməsidir. (“Coğrafiya dərsliyi “, VI . 4 , 2 ). Məlum olduğu kimi, leqlər ləzgilərin əcdadı hesab olunur. Roma sərkərdəsi Qney Pompeyi e. ə. 66-65 - ci illərdə Cənubi Qafqaza , o cümlədən Albaniyaya hərbi yürüşdə müşayət etmiş Miletli Feofanın məlumatlarına əsaslanan Strabon göstərirdi ki, Skif tayfaları olan Gel və leqlər amazonkalarla albanların arasında yaşayırlar. (Strabon. XI. 5 , 1). Bu faktı Plutarx ( 46 – 127 ) da təsdiq edir . Plutarx da yazır ki, amazonkalar Qafqazda Hirkan dənizinin sahillərində yaşasalar da, albanlarla birbaşa qonşu deyillər. Albanlarla amazonkaların arasında Gel və leqlər yaşayırlar ( Plutarx .” Paralel tərcümeyi – hallar”. Pompey. XXXV ). Qeyd etmək lazımdır ki , həmin vaxt Gel və leqlər indiki Dərbənd şəhərindən şimalda yaşayırdılar. Gellərin Gilanda yaşaması haqqında isə ilk dəfə məlumat vermiş müəllif Strabondur. ( XI. 7 , 2 ). E. ə. I əsrin sonlarına aid olan həmin məlumatda Gilanda yaşayan gellərin qonşularının arasında leqlərin adı yoxdur (Strabon. XI. 7 , 2 ). Bunu leqlərin ləzgilərin əcdadı olmasını təsdiq edən faktlardan biri kimi qəbul etmək olar. Leqlərin Kadusi adlandırılmasına gəldikdə isə bu onların kadusilərlə eyni mənşəli olan kaspilərlə Kaspi (Xəzər) dənizindən şimal-qərb tərəfdəki ərazidə (Strabon. XI, 2, 15; XI, 8, 9; Dionisi Perieqet. “ Məskunlaşmış yerlərin təsviri”. 718-732; Prissian. “Yerin təsviri”. 644-721) qarışıq şəkildə də yaşaması və xüsusən də onlar kimi döyüşkən olması ilə bağlıdır. Buradaca qeyd etmək lazımdır ki, Strabon müasir Türkiyə ərazisindəki Amasiya şəhərində yaşamış və Kadusi tayfasını da digər müəlliflərdən çox- çox yaxşı tanımışdır. O bütün hallarda Kadusi, Gel və Leq tayfalarından tamamilə başqa-başqa tayfalar kimi bəhs etmişdir.(Strabon. XI. 5, 1; XI. 7, 1 )
Üçüncü qrupa daxil olan alimlərin (T. Hacıyev, Ə. Fərzəli) fikrincə kadusilər qədim türklərin bir hissəsidir. Mən də, apardığım tədqiqatlar əsasında belə bir nəticəyə gəlmişəm ki, Kadusilər e. ə. III-II minilliklərdə Subar adı ilə məşhur olan Subi (sular) adlı Manna tayfasıdır ( Bax: Tofiq Əzizov. Azərbaycanın etnik tarixindən. Bakı-1997, səh. 18) və onlar Orta əsrlərdə tarix səhnəsinə başlıca olaraq Babəkin olduğu Bəzz qalasının sahibləri olan Cavidani (əl-Yaqubi), Kateş, Suvar və ana dili Azərbaycan türkcəsi olan Tat adları ilə çıxmışlar.
Tofiq Əzizov. Tarixçi, arxeoloq.
Masallı rayonu, Tatyan kəndi.
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru